QARABAĞSIZ QARABAĞLI OLMAQ
Jurnalımızın buaykı mövzusu Qarabağ haqqında ola-ola bir qarabağlı kimi bu barədə könlümdən keçənləri qiymətli oxucularla paylaşmamaq ən azında Qarabağın keçdiyi könlümə xəyənət olardı.
Qarabağ sözü belə hər bir azərbaycanlını ofsunlamağa yetir. Görəsən, bunun sirri nədədir? O talesiz diyarın tarixən düşmənlə üzləşməsinin millət olaraq şuuraltımızda oralara qarşı acıma hissidirmi bizi tilsimləyən? Yoxsa Azərbaycanın işğal olunmaması üçün illərlə düşmənə qarşı sinə gərərək özünü qurban verməsimi? Ya da digər doğma yerlərimiz üçün özünü fəda edən bu qəhrəman diyara heyranlığımızmı bizi oralara qarşı təzim etdirir? Ya da özünü bizim üçün qurban verən o yerlər üçün heç nə edə bilməməyimizmi? Yoxsa həqiqətənmi Qarabağ Azərbaycanın ürəyidir və o ürəyə bir düşmən bıçağı sancıldığına görəmi Qarabağ sözü bizi kövrəldir? Buna görədirmi onsuz nəfəs almaqda çətinlik çəkirik? Yoxsa Qarabağın gözəlliyimi bizi ofsunlayur? Bəlkə Oraların havasının təmizliyi, suyunun saflığı və şəfalı olması bizi Qarabağa heyran qoyur? Bəs Qarabağın mədəniyyəti, musiqisi, Qarabağ atları necə? Bəlkə bunlardı bizi məst edən? Bəlkə Qarabağı bizlərə miras qoyan Pənahəli Xan, Molla Pənah Vaqif, Natəvanın ruhlarıdır bədənimizi ruhuhumuza dar edən? Axı biz onların əmanətlərinə sahib çıxa bilmədik.
Aaaxxx! Bu suallar çoxaldıqca Qarabağ könlümdən əzab verərək keçir. Əzab versə belə yaxşı ki Qarabağ könlümüzdən də olsa keçir. Bu sözün özü belə nə qədər acı verir insane, deyilmi? Çünki Qarabağ bizim könlümüzdən yox, biz Qarabağın könlündən yəni özündən, hər qarışından, daşından, suyundan keçməliyik. Ona toxuna bilməliyik və ona sahib olmalıyıq.
Qarabağlı olub, ancaq Qarabağda doğulmayan uşaqlara haralısan deyə soruşduqda onlar heç fikirləşmədən ya şuşalı, ya kəlbəcərli, ya ağdamlı, ya da laçınlı olduqlarını deyirlər. Bu cavab insanın dilini boğazında düyünləyir. Çünki görmədikləri doğma yurdlarına onlar can atır və oralı olduqları üçün qürur duyurlar. Buna görə də qarabağlı olduqların unutmurlar. Nə yaxşı ki, onlar bu şüuurda böyüyürlər. Cəbrayıllı, füzulilili, xocalılı, zəngilanlı, qubadlılı, xankəndli olduqlarını bilirlər. Bütün bunlar sevindirici haldır. Ona görə ki, qarabağlı olanlar heç bir zaman azalmayacaq. Və bir gün başda qarabağlılar olmaqla hər bir Azərbaycan oğlu o möhtəşəm diyarı azad edəcək. İnşallah bu iş sonrakı nəsillərə qalacaq qədər uzanmaz. Bir Qarabağ qazisinin dili ilə desək: Yarımçıq qoyduğumuz işi bitirib övladlarımıza Qarabağlı Azərbaycan bəxş edib elə canımızı torpağa tapşıracağıq inşallah.
Bunu unutmamaq lazımdır ki, biz Qarabağsız, Qarabağ bizsiz nə Qarabağ Qarabağdır, nə də biz bizik.
ŞƏRHLƏR