FƏRQLİ OLMAQ
Bir insanlarla eyni olmaq var, bir də hər kəsdən fərqli olmaq. Ya eyni olub normal həyat yaşayacaqsan, ya da fərqli olub uğur qazanacasan. Ya sənə verilən bütün əmrləri icra edcəksən, ya da önə çıxıb sən əmr verəcəksən. Fərqli olmaq cəmiyyətdən uzaq olmaq demək deyil, fərqli olmaq uğur qapılarının açarını əlində cəmləşdirməkdi.
Sən insanlarla eyni olsan hər kəs səni normal insan olaraq qəbul edər, amma onlardan fərqli düşünsən sənin ağlında problem olduğunu zənn edərlər. Qədim tarixdən bu günümüzə qədər həyat prinsiplərini müəyyən edən adət-ənənələrimiz, anadan olduğumuz gündən ölənə qədər bizlərə təbliğ olunur. Ətrafımızdakı insanlar necə olublarsa elə olmaq məcburiyyətindəyik. Bu cəmiyyətdə fərqli olmaq mümkün deyil. Çünki uşaq vaxtı ailədən, eləcə də orta məktəbdən bizə standart qəliblərə salınmış insan modelləri təbliğ olunub və zehnimizə ənənəvi əxlaq normaları aşılanıb. Eyni olmaq, eyni həyatı yaşamaq hər birimizin alın yazısına çevrilib. Hətta gələcəkdə hansı işin sahibi olmaq üçün də hamının ən çox müraciət etdiyi sahələr bizə məcbur edilib. İnsanların öz gələcəkləri üçün sərbəst düşünmələrinə heç cürə şərait yaradılmayıb. Bizdən əvvəlkilər necə düşünübsə, biz də elə düşünməyə başlamışıq. Onlar necə yaşayıblarsa,biz də elə yaşamağa davam edirik. Məsələnin ən qəliz tərəfi də orasıdır ki, bizə elə uşaq vaxtlarından dərslərimizi necə yaxşı oxumağı, bundan sonra universitet təhsili almağı və gəlirli bir işin sahibi olmağı öyrətdilər, amma xoşbəxt olmağı heç kim öyrətmədi. Maddi zənginliyimizə diqqət etdilər, amma mənəvi zənginliyimizə nəzər salan olmadı. Əslində isə hər şeydən əvvəl mənəvi aclığımızı doyuzdurmalıydılar, qarnımızı doyuzdurmadan qabaq. Çünki bir gün hər şeyi pulu, vəzifəni, imkanı qazandıq, amma xoşbəxt ola bilmədik. Hər zaman daxilimizdə bir boşluğun olduğunu hiss etdik. O boşluğu dünya nemətləri doldura bilmədi. Daima qəlbimiz ilahi sevgiyə ehtiyac duydu. Bu elə bir sevgidir ki, onu Allah bizi yaradarkən hər birimizin qəlbinə yerləşdirib. Ondan zorla məhrum qalmaq olmaz.
İllərlə bacardıqları qədər bizi mənəvi dünyamıza nur saçan gözəl dinimiz İslam dinindən uzaq saxladılar. İmkan vermədilər ona tərəf addım ataq. Çünki sadəcə mollalar namaz qılıb, Quran oxuya bilərdilər. Və mollalar da hər zaman cəmiyyətin ən geridə qalmış insanları olaraq görülürdü. Bizdən də birinin Quran oxuması və namaz qılması molla olmaq demək idi ki, bu da bizim gələcəkdə ən geridə qalmış insan olacağımızın nişanəsi idi. Bunun üçün də valideynlərimiz nə özləri bu yola həvəs göstərirdilər, nə də bizə rəva görürdülər. Bu şəkildə zülmətə doğru addımlayırdıq. Amma indi vəziyyət bir az dəyişib. İnsanların dinə qarşı münasibətləri get-gedə yaxşılaşmağa başlayıb. Artıq insanların ürəklərində əvvəlki xof qalmayıb. İnsanlar yavaş-yavaş mənəvi dünyalarına yelkən açırlar. Bir neçə il dinə meyillilik bir fərqlilik olaraq görünürdü. Buna görə də dini təğliğlə bağlı hər hansı problem yaşanmırdı. Çünki insanlar o zamanlar mənəvi aclıqdan əziyyət çəkirdilər. Kim nə verirdisə o rahatlıqla həzm edilirdi. Vaxt keçdi, zaman dolandı, artıq insanlar dində də fərqli olmağa çalışdılar. Həyatın bütün sahələrində fərqli olmaq insana müsbət nələrisə qazandırır, amma dinin daxilində fərqliliklərə ayrılmaq insanı və cəmiyyəti xüsrana aparır. Fərqli olub uğur qazanmağı səhv başa düşənlər bu tezisi dində istifadə etməməlidirlər. Bu gün müsəlmanların bir araya gəlməmələri, birinin sözünün digərinin boğazından keçməməsi bu fərqliliklərin bəlasıdır. Tək Yaradana səcdə edənlər arasında geyim-keçim fərq yaratmamalıdır. İbadət əsanasında əllərin tutulması, ayağın qoyulması, əllərin dizlərdən, dizlərin əllərdən tez səcdədən qalxması ayrılığa səbəb olmamalıdır. Fərqli olmaq üçün xarici görünüşümüzü dəyişməməliyik. Fərqlilik daxili zənginlikdə özünü göstərməlidir. Niyyətimiz saf, əməlimiz doğru olmalıdır. Fərqli olduğunu bir yetimin qayğısına qalmaqla göstərməlisən, kiminsə hərəkətində səhv tutmaqla yox. Fərqli olmaq istəyirsənsə gecələri səhərə qədər səcdələrdə göz yaşına qərq olmalısan. Riya üçün qılınan namazlarla fərqli olmaq olmaz. Fərqli olmaq üçün bütün müsəlmanların dərdini öz dərdin hesab etməlisən. Hər gecə öz qarnını doyurub sadəcə öz problemlərini düşünməklə fərqli olmaq olmaz. Fərqli ol, haqqın yanında durmağınla fərqli ol, insanlara əl tutmağınla fərqli ol, kasıbların qarnını doyurmaqla fərqli ol ki, haqq-hesab günündə Allahın yanında da fərqli olasan.
ŞƏRHLƏR