FAİQ İSMAYILOV: QARABAĞDAKI ABİDƏLƏRİMİZİN DAĞIDILMASI VANDALİZMDİR

FAİQ İSMAYILOV: QARABAĞDAKI ABİDƏLƏRİMİZİN DAĞIDILMASI VANDALİZMDİR

     Faiq İsmayılov kimdir?

   Faiq İslam oğlu İsmayılov 1957-ci ildə Laçın şəhərində anadan olmuşdur. 1972-ci ildə Mirik kənd VIII illik, 1974-cü ildə isə Qarıqışlaq kənd orta məktəbini bitirmişdir. F. İsmaayılov 1970-1975-ci illərdə "Laçın" rayon qəzetinin nəzdindəki "İşıqlı üfüqlər" ədəbi dərnəyin üzvü olmuş həmin qəzetdə bir çox bədii yazılar və məqalələrlə çıxış etmişdir. 

    İlk yaradıcılığa bu dərnəkdən başlayan F.İsmayılov, 1971-ci ildən "Laçın" qəzetində ədəbi və publisistik yazılarla çıxış edirdi. 1978-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun mədəni-maarif fakültəsinə qiyabi daxil olaraq, 1983-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir.

   F. İsmayılov ömrünün ən gənc çağlarını doğulduğu Laçın rayonunun inkişafına və çiçəklənməsinə sərf etmişdir. Belə ki, o müxtəlif illərdə Laçın rayon komsomol, rayon icraiyyə komitəsi, rayon mədəniyyət şöbəsi və rayon İcra Hakimiyyəti başçısı aparatında müxtəlif vəzifələrdə çalışmış, rayon İcra başçısının müavini vəzifəsinədək şərəfli bir həyat yolu keçmiş, 1985-ci ildə Laçın Şəhər Sovetinin deputatı seçilmişdir.

   1992-ci ilin iyun ayından 1993-cü ilin aprel ayına qədər Laçın rayonunun şimal hissəsində erməni işğalçılarından azad edilən 80–ə yaxın kənddə mülki vətəndaşların yaşayışı üçün həyat şəraitinin bərpası, hərbçilər üçün istehkam va qurğuların tikintisi məqsədi ilə yaradılmış qərargahın üzvü olmuşdur.

   F.İsmayılov 2003-cü ildə "Tarixin faciəsi, Laçın" kitablarını və 2004-cü ildə "Qarabağ" albomunu, 2007-ci ildə "Alban mədəniyyətinə erməni təcavüzü", 2009-cu ildə isə "Məcburən erməniləşdirilmə", "Laçin: Həqiqətlər, Mülahizələr, Tarixi Dəyərlər ..." kitablarını nəşr etdirmişdir.

   2004-cü ildə "Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" İctimai Birliyini yaratmışdır və həmin təşkilatın sədridir.

   İrfan: Faiq müəllim, artıq 20 ildən çoxdur ki, Qarabağ həsrəti ilə yanıb tutuşuruq. Qarabağ işğal altında olduqca açılan hər gün bizim yaralı nisgilimiz bir az da yenilənir. Zəhmət olmasa, Azərbaycanın dilbər güşələrindən sayılan, Azərbaycan incisi olan Qarabağda tarixi-mədəni və dini abidələri haqqında qısa məlumat verəsiniz?

   Faiq İsmayılov: Məlumdur ki, SSRİ Hakimiyyəti dövrü Azərbaycan ərazilərində daşınmaz tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması və mühafizəsi işləri səthi aparıldığından, o dövrdə  Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərində xeyli sayda tarix və mədəniyyət abidələrinin dövlət  qeydiyyatından kənarda qalmasına səbəb olmuşdu. Bu isə Azərbaycanın işğal altında qalan ərazilərindəki abidələrin yenidən qeydiyyata alınmasında və onlara işğal dövrü ermənilər tədəfindən dəyən zərərlərin hesablanmasında böyük çətinliklər yaradır. Eyni zamanda işğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrindən istifadə olunmaması,  Azərbaycanın tarixinə, mədəniyyətinə və eyni zamanda dövlətin büdcəsinə  hər il milyonlarla manat ziyan vurur.

   Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələri, qaya təsvirləri, mağaralar, sujet xarakterli oymalar, qəbir daşları, qəbirüstü abidələr, kurqanlar, istehkamlar, qalalar və memarlıq abidələri kimi qruplara bölünür. Bu qruplar üzrə 903-ü rəsmi dövlət qeydiyyatında olmaqla Azərbaycanın bizə məlum olan 2550 adda tarix və mədəniyyət abidəsi ermənilərin işğalı altındadır. Bu abidələrdən: 609-u yerli əhəmiyyətli, 285-i  ölkə əhəmiyyətli, 13-ü beynəlxalq əhəmiyyətli, 1647 abidə isə hələlik dövlət qeydiyyatında olmayan abidələrdir.

   Qarabağda ermənilər tərəfindən abidələrin qeydə alınması bir neçə il ərzində mərhələlərlə həyata keçirilmişdir. Belə ki, 2000-ci ildə 1700 abidə, 2006-cı ildə 1200 abidə,  2010-cu ildə 289 abidə və 2011-ci ildə isə 361 abidə qeydə alınıb ki, bunun da cəmi 3550-dir. 2012-ci ildə erməni mətbuatı məlumat yaydı ki, Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərdəki tarix və mədəniyyət abidələrinin sayı 4000-dir. Əslində isə, ermənilərin Qarabağda mövcudluğunu iddia etdikləri 4000 abidənin 1450-si ermənilər tərəfindən işğal dövründə yonularaq qoyulan müasir xaçdaşları və yeni tikdikləri erməni kilsələridir.

   Dağlıq Qarabağ, Cəbrayıl, Laçın və Kəlbəcər əraziləri dünyanın ilk insan düşərgələrinin olduğu nadir ərazilərindəndir ki, burada yüz illərlə ilk insanlar yaşayaraq öz izlərini daşlar, qayalar üzərində qoyub gediblər. Zaman keçdikcə ibtidai insanın şüuru, mədəniyyəti inkişaf edir, hər qəbilənin özünəməxsus fantaziyası, yeni fəlsəfi düşüncəsi və adət-ənənələri meydana gəlirdi. Yeni adətlərdən biri də hər qəbilənin özünəməxsus dəfn mərasimlərini tcra edilməsi olmuşdur. Məhz bunun nəticəsi idi ki, bu ərazilərdə kurqanlar, küp qəbirlər və s. meydana gəlirdi.

 

  - Faiq müəllim, bəs ərazi sakinlərinin İslamla tanışlığından sonra bu sahədə nə kimi dəyişikliklər oldu? Həmçinin işğal altındakı memarlıq abidələrimizi qısa olaraq necə xarakterizə edə bilərik?

   VII əsrdə İslam dininin qəbul edilməsi Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yaratdı. İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi. Azərbaycan dövlətçiliyinin gələcək inkişafı üçün daha etibarlı zəmin yaratdı. İslam dini Azərbaycan mədəniyyətinin, xüsusi ilə də memarlığın inkişafına yeni bir stil, yeni bir nəfəs və gözəllik gətirdi. Türkçülüyə və müsəlmançılığa düşmən kəsilən ermənilər, İslam dini abidələrini, xüsusi ilə də qəbiristanlıqları, ərazilərimizi işğal etdikdən sonra qəddarlıqla məhv etdilər. İşğal altındakı memarlıq abidələrini ümumilikdə aşağıdakı kimi xarakterizə edə bilərik:

   •   Siklop tipli memarlıq abidələri.

   •   Qalalar

   •   Körpülər

   •   Məscidlər

   •   Türbələr

   •   Su dəyirmanları

   •   Kahalar

   •   Qara damlar və ev damları

   •   Alban dövrü memarlıq abidələri: -Sovmələr, Bazilikalar və Monastırlar.

   Əgər elmi cəhətdən araşdırmaq istəsək, Qarabağ bölgəsinin hər qarış torpağında yalnız qədim və yerli türk sakinlərinin müxtəlif izlərinə rast gəlmək mümkündür. Burada belə bir məntiqin mövcudluğu əsas verir, demək ki, hələ eramızdan əvvəl III–II minilliklərdə Azərbaycanın Xocalı, Ağdam, Ağdərə, Xocavənd, Qubadlı, Laçın, Kəlbəcər, Gorus, Qarakilisə, Basarkeçər, Mehri, Qafan, İrəvan, Eçmiədzin, Gümrü və digər rayonlarının ərazilərində yaşayan yerli sakinlər yalnız türkdilli etnoslar olmuşdur. 

   - Hal-hazırda işğal altında Azərbaycan ərazisindəki tarixi-mədəni abidələr ermənilər tərəfindən dağılıb, yer üzündən silinib və yaxud saxlaşdırılaraq "erməni abidəsi" kimi pasprortlaşdırılmışdır.Sizcə, bu vəhşilikdir, yoxsa özbaşınalıq?

   - Elmi tərəfdən əsaslandırsaq, deyə bilərik ki, bu, Azərbaycan xalqına qarşı törədilmiş  vandalizm aktıdır. Ermənistan Respublikası 1992-1993-cü illərdə Azərbaycan ərazilərini işğal etdikdən sonra qeyri-qanuni olaraq Azərbaycanın Daşınmaz Tarix və Mədəniyyət Abidələrinin memarlıq quruluşunda və interyerində də dəyişikliklər etmiş, divar yazılarını korlamış,  abidələrin divarları üzərində olan çoxlu sayda daş yazıları, eləcə də xeyli alban dövrünə məxsus bir çox bədii üslubda işlənmiş ornament və simvolları tamamilə silmiş, onlardan bir çoxunu isə formalarını dəyişdirərək tanınmaz hala salmışlar. Bu ərazilərdə ermənilər qanunsuz arxeoloji qazıntılar aparır, xaraba qalmış kəndlərdə kilsələr tikir, toponimləri dəyişdirir, Azərbaycanın maddi-mədəniyyət nümunələrini mənimsəyib, əraziləri erməniləşdirməklə məşğul olurlar. Azərbaycanın işğal olunmuş ərazilərinin ermənilər tərəfindən mənimsənilməsi aşağıdakı prinsiplər üzrə aparılmış və aşağıdakı dəyişikliklərə məruz qalmışdır:

   1.   Yer-yurd, su hövzələri çayların adlarının və toponimlərin dəyişdirilməsi.

   2.   Keçmişdə istirahət əraziləri olmuş yerlərdə, tarix və mədəniyyət abidələri ətrafında və qəbiristanlıqlarda xaç daşlarının basdırılması, eləcə də məşhur erməni terrorçularının adlarını əbədiləşdirmək üçün memorial komplekslərin quraşdırılması.

   3.   Azərbaycanlıların qovulduqları kənd, qəsəbə və şəhər xarabalıqlarında erməni kilsələrinin tikilməsi.

   4.   Arxeoloji qazıntıların aparılması və əldə olunan dəlillərin Ermənistana daşınması.

   5.   Azərbaycan xalqına məxsus milli-mənəvi dəyərlərin mənimsənilməsi.

   6.   Azərbaycanlılara məxsus İslam dini abidələrinin, qəbiristanlıqların və at-qoç fiqurlarının dağıdılaraq məhv edilməsi.

   7.   Alban xristian abidələrinin erməniləşdirilməsi.

   8.   Azərbaycan torpaqlarının ermənilərə məxsusluğu barədə müxtəlif dillərdə yazılar hazırlayaraq dünyada təbliğ edilməsi.

   9.   Azərbaycanın milli-mənəvi dəyərlərindən turizm məqsədi ilə istifadə edilib, gəlir əldə etmək istəyi.

Bütün bunlardan başqa ermənilər işğal etdikləri Azərbaycan ərazilərdəki inzibati yaşayış məskənlərindən yüz mindən çox muzey eksponatı, o cümlədən;

   •   Bədii yazı nümumələri

   •   Bədii toxuculuq sənəti və məişət əşyaları nümumələri və xalçalar

   •   Bəstəkar əsərləri

   •   Rəsmi Dövlət sənədləri, xəritələr və fotoplyonkalar.

   •   Pul əskinasları, qədim silahlar və ovçuluq ləvazimatları qarət edərək Ermənistana aparıb.

   Ermənilərin 1992-ci il işğalına qədər nə Qarabağda, nə də işğal edilmiş ətraf rayonlarda bir dənə də olsun erməni kilsəsi olmamışdır. Lakin işğaldan sonra ermənilər;

   1.   Şuşa şəhərində 3,

   2.   Şuşa Laçın yolunda Fətiş bulağı deyilən ərazidə 1,

   3.   Laçın şəhərində 2,

   4.   Laçın rayonunun Zabux kəndində 1,

   5.   Şuşa Xankəndi yolunun üzərində 2,

   6.   Xankəndi şəhərində 4,

   7.   Əsgəran qəsəbəsində 2,

   8.   Ağdam rayonunun Şahbulaq qəsrinin yanında 1 erməni kilsəsinin inşa etmişlər.

   Bundan başqa Laçın rayonu ərazisində 10, Kəlbəcər rayonu ərazisində 7, Qubadlı rayonu ərazisində 3, Zəngilan rayonu ərazisində 2, Cəbrayıl rayonu ərazisində 3, Füzuli rayonu ərazisində 2, Ağdərə, Əsgəran, Hadrut və Martuni rayonlarının ərazilərində isə 15 alban dövrü məbədi təmir edilərək erməni kilsəsi statusu verildi. Beləliklə, son 20 ildə işğal olunmuş Azərbaycan ərazilərində erməni kilsələrinin sayını Ermənistan hökuməti 58-ə çatdırdı. Bu faktiki olaraq hal-hazırda indiki Ermənistan ərazisində istifadə olunan kilsələrin sayından iki dəfə çoxdur.

   - Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Digər abidələr isə qeyd etdiyimiz kimi, erməni abidələri adı altında pasportlaşdırılır. Beynəlxalq təşkiltaların buna münasibəti necədir?

   Aydındır ki, təkcə hüquqazidd əməlin törədilməsinə qədər mövcud olan vəziyyətin bərpa edilməsi tam ödəmə üçün kifayət deyil. Belə ki, bu cür əməllər tək maddi zərərin vurulması ilə məhdudlaşmır, onlar eyni zamanda, əlavə mənəvi zərərin vurulması ilə müşayiət olunur. Odur ki, BMT Baş Assambleyasının 56/83 saylı  “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” qətnaməsinə əlavənin 31-ci maddəsinə əsasən məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllərə görə vurduğu zərəri ödəməlidir və bu zərər hüquqazidd əməllər nəticəsində vurulmuş istənilən maddi və mənəvi ziyanı özündə əks etdirir. Bundan başqa, həmin “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 34-cü maddəsinə əsasən beynəlxalq hüquqazidd əməllər nəticəsində meydana gəlmiş hüquq pozuntularının nəticələrini bütövlükdə aradan qaldırmaq üçün ödəmə ya ayrı-ayrı formaların və ya bütün formaların tətbiq edilməsini tələb edə bilər. Bu pozulmuş beynəlxalq öhdəliyin xarakterindən, həmçinin vurulmuş zərərin növündən və miqdarından asılıdır. Ödəmə formasının seçilməsi eyni zamanda zərərçəkmiş tərəfin əsaslandırılmış istəyindən asılıdır.

   Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın hüquqazidd əməli nəticəsində Azərbaycana vurulmuş zərərin restitusiya formasında ödənilməsi bütün işğal olunmuş Azərbaycan ərazilərinin qaytarılması, Ermənistan əsirliyində saxlanılan azərbaycanlıların azad edilməsi, onların insan hüquqlarından istifadə edə bilməsi, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıda bilməsi, əmlakının qaytarılması və s. deməkdir. Bundan əlavə, restitusiya Ermənistan tərəfinin Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsi ilə bağlı Ali Sovetin qəbul etdiyi qərarın, Ermənistanın dövlət müstəqilliyi aktında Dağlıq Qarabağın bu dövlətin ərazisi elan edilməsi və digər qanunsuz qəbul edilmiş bütün normativ aktlarının ləğv edilməsini də özündə ehtiva edir. Eyni zamanda, işğal edilmiş Azərbaycan torpaqlarında işğalçı Ermənistan tərəfi ilə bağlanmış müqavilələr əsasında xarici şirkətlərin təsərrüfat fəaliyyəti ilə məşğul olunmasına qadağan qoyulması tələbinin yerinə yetirilməsi də restitusiya çərçivəsində həyata keçirilən tədbirlərdən olmalıdır.

  Beləliklə, aydındır ki, Azərbaycana vurulmuş maddi və mənəvi zərərin ödənilməsi problemi Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılmasının və bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin vacib aspektlərindən biridir.

Qarabağ ərazisində olan bütün tarixi-mədəni və dini abidələrinin və bugünkü vəziyyəti ilə bağlı dünyaya tanıdılması istiqamətində hansı addımlar atılır və ya hansı addımlar atılmalıdır? Ermənilərin bu vəhşiliklərini, özbaşınalıqlarını hansı yollarla dünya birliyinə çatdırılmalıdır?

- Azərbaycanın İşğal altındakı ərazilərdə qalmış tarix və mədəniyyət abidələrinin acınacaqlı vəziyyəti barədə, daim beynəlxalq təşkilatları məlumatlandırmağa çalışırıq. Məncə, az da olsa bunun faydası var. Yəni abidələrimizin indiki şəraitdə konservasiya olunub saxlanması, abidənin tamamilə dağıdılıb məhv edilməsinin qarşısını alar. 2014-cü il 26 fevral tarixdə Azərbaycanın baş naziri A. Rasizadə tərəfindən, Azərbaycanın işğal olunmuş ərazilərindəki itki və tələfatların hesablanması üçün 15 nəfərlik komissiya yaradılıb. Burada, eyni zamanda milli-mədəni dəyərlərimizə də dəyən ziyan beynəlxalq standartlara uyğun hesablanır. Mən də bu komissiyanın üzvü kimi bildirirəm ki, biz bu işləri yekunlaşdırdıqdan sonra Ermənistana qarşı beynəlxalq tribunallarda Azərbaycana vurduğu zərərlərə görə məhkəmə iddiası qaldıra biləcəyik.

   Dəyərli vaxtınızı bizə ayırdınız üçün sizə minnətdarıq. Gün o gün olsun ki, Qarabağın işğaldan azad olunmasını bayram edək.

   - Amin. inşallah!

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz