MÜSƏLMANIN DOSTU
Uşaqlıq dostu olan iki mömin uzaq səfərə çıxırlar. Bir gün onların arasında mübahisə düşür və dostlardan biri digərinə sillə vurur. İncik düşən dost bir söz demədən dostunun üzünə baxır, sonra qumun üzərinə bu sözləri yazır:
"Bu gün uşaqlıq dostum mənə sillə vurdu".Beləcə onlar yollarına davam edirlər, nəhayət, bir meşəyə çatırlar. Vurulan dost meşədəki bataqlığa düşür. Dostu onu xilas edir. Xilas olan dost bu dəfə daşın üzərinə bu sözləri yazır: "Bu gün dostum həyatımı xilas etdi".
Dostu ondan soruşur:
- Bir neçə gün əvvəl sənə sillə vuranda bunu qumun üzərinə, xilas edəndə isə daşın üzərinə yazdın. Bunların mənası nədir?
Xilas olan dost belə cavab verir:
- Biri xətrimizə dəydikdə bunu qumun üzərinə yazmalıyıq ki, mərhəmət küləyi onu tez silib bizə unutdursun. Biri yaxşılıq etdikdə isə onu daşın üzərinə yazmalıyıq ki, həm bizim, həm də əbədi olaraq başqalarının xatirəsində qalsın.
Bu hekayədən göründüyü kimi, düşünən və anlayan insan üçün dostluq məsuliyyətdir. Çünki insan əvvəl özü dost olmağı bacarmalıdır ki, ətrafındakı insanlardan özünə dost qazana bilsin. Söhbət hər yoldan ötəndən deyil, əsil dostluqdan gedir. Elə bir dostluqdan ki, dost dediyin insanın yükünü hər an çiynində daşıya biləsən və bu çətin yolçuluqda yorulmayasan. Dost deyib insanların arasından seçdiyin adam kimliyindən və nəçi olduğundan asılı olmayaraq ona dostluqda sadiq qalmağı bacarmalısan. Dostunun danışdığı acı söz sənin xoşuna gəlməsə də, sən ona təbəssümlə cavab verməlisən. Çünki dostluq heç vaxt xəyanəti və qeybəti sevmir. Bu səbəbdən də dost dostunun hər yanda başını uca etməyi bacarmalıdır. Bu dostluq müsəlmanın mömin qardaşı ilə olan dostluğudur.
Allah Rəsulunun həyatını incələdiyimiz zaman onun dostları ilə qurduğu münasibətdən özümüzə örnək götürə bilərik. Allah Rəsuluna (s.ə.s) peyğəmbərlik vəzifəsi verilməmişdən qabaq onun ən yaxın dostu Hz. Əbu Bəkr (r.a) idi. Rəsulullah (s.ə.s) dost olaraq onun yanında o qədər etibar qazanmışdı ki, onu İslama dəvət edəndə Hz. Əbu Bəkr bu dini ilk qəbul edənlərdən biri oldu və tərəddüd etmədi. Bu həqiqət müsəlman üçün əsil dost olmağın bariz bir nümünəsidir.
Bir anlıq əsil dost haqqında düşünəndə, fikirləşəndə anlayırsan ki, əsil dost qazanmaq və əsil dost olmaq çətindən də çətin və şərtləri olduğca ağır imiş. Bununla yanaşı, əsil dost qazana bilmək, əsil dost ola bilmək insanı həyata bağlayan ən ülvi hisslərdən birdir. Bu ülvi hissi itirmək isə insan üçün böyük bir faciəyə səbəb olur.
Müsəlmanın dostluğu Allahla başladığı üçün, həmişə özünü nəzarət altında hiss edir. Hər əməli ilə çalışır ki, Allaha ən yaxın qul olsun və onun sevgisini qazansın. Bu dostluqda sevgi olduğu üçün müsəlman var-dövlətinin hamısını halallıqla Dostundan alır və ehtiyac sahiblərinə Dostunun rizası üçün paylayır. Ona görə də müsəlman abır və həyasını qoruyaraq harada olursa-olsun namaza tələsir ki, Allahın hüzuruna çıxsın və arzularını Ona ərz etsin. Allahı özünə dost sayan müsəlman günü-gündən adını eşidib, inandığı və çox sevdiyi Dostuna yaxınlaşır.
İnsan özünü Allaha dost hesab etdiyi təqdirdə Allah da möminlərdən birini özünə dost sayır və onu bütün qullarına sevdirir. Müsəlmanlığı yer üzündə onun vasitəsi ilə genişləndirir. Bu, hər müsəlmana nəsib olmayan bir xoşbəxtlikdir.
Allahın dostluğuna layiq olan yalnız müsəlmanlardır və müsəlmanlar üçün də Allahdan başqa güvəniləcək dost yoxdur. Əgər bir insan Allahla dostluq etməyi bacarmırsa, o insan heç vaxt başqalarına yaxşı dost ola bilməz.
ŞƏRHLƏR