BİR AYƏ
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّ
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَنْصُرُوا اللَّهَ يَنْصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ
“Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (qüvvətli) edər.” Mühəmməd surəsi, 47/7
Allahın yardımı (nəsrullah) Qurani-Kərimin iman gətirənləri qəti bir şəkildə inanmağa dəvət etdiyi imanla əlaqəli bir mövzusudur. Allahın yardımının nə şəkildə, hansı zamanda, nə cür hadisələr fonunda təcəlli edəcəyi bilinməyən “qeybi” məsələdir. İman etmək, Allahın yardımının yalnız öz iradəsi daxilində təcəlli edəcəyinin ən təməl şərtidir. İnsanın bu məsələni mühakimə etməklə öz təxəyyülündə “yardım” məfhumu təsis edərək daha sonra arzuladığı şəkildə nəticəsinin olmamasını görüncə xəyal qırıqlığı yaşaması doğru deyil. Bu məsələ tamamilə iman, təvəkkül və təslimiyyət həlqələrinin meydana gətirdiyi zəncirin sağlam təşkil olunması ilə düz mütənasibdir.
Allah (c.c.) həm rəsullara, həm möminlərə, istər bu dünyada, istərsə də axirətdə yardım edəcəyini açıq-aydın Qurani-Kərimdə bəyan etmişdir. (Mömin surəsi, 40/51). Ancaq “Allahın yardımı” deyildikdə xüsusilə bu dünyada ikən müsəlman cəmiyyətlərinə zorakılıq və zülm tətbiq edən cəmiyyətlərə qarşı möminlərə yardım edilməsi təsəvvürü yaranır və Qurani-Kərim bu müjdəni vermişdir: “Onlarla mübarizə aparın ki, Allah sizin əllərinizlə onlara əzab etsin. Onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırıb möminlərin qəlblərini fərəhləndirsin.” (Tövbə surəsi, 9/14). Burada bəhs edilən yardım sıradan, bəsit bir yardım olmayıb ideoloji və siyasi mahiyyət kəsb edən, möminlərin həqiqi anlamda üstünlük əldə etmələrinə şərait yaradan bir “yardım”dır.
Belə olan halda Allahın yardımı nə zaman təcəlli edər? Allahın yardımının haqq və gərçək olduğunda şəkk və şübhə yoxdur. Ancaq eyni zamanda bilinməlidir ki, bu yardım heç bir səy göstərilmədən, heç bir addım atılmadan, daha açıq bir ifadə ilə desək bir “əvəz” ödənilmədən gərçəkləşməz. Məhz bu “əvəz” yuxarıda ayeyi-kərimdə buyrulduğu kimi “Allaha yardım etmək” dən ibarətdir. Xülasə: Allahın yardımı Allaha yardım etməklə təcəlli edər.
Ayeyi-kərimədən gəlinən nəticəyə görə Allahın yardımının təcəllisi şərtə bağlıdır. Bu şərt möminlərin Allahın dini uğrunda “yardım” ifadəsi ilə izah edilə biləcək niyyət, təşəbbüs, hərəkət kimi məfhumlara şamil olan əməllərdən ibarətdir. Allah və Peyğəmbərinin əmr, qadağa, tövsiyələrinə hansı dərəcədə riayət edilərsə, Allahın da yardımı o dərəcədə möminlər üzərinə nazil olar.
Allah yardımını millətimiz, dövlətimiz və İslam ümməti üzərindən əskik etməsin. Amin!.
ŞƏRHLƏR