SUAL? - CAVAB!

SUAL? - CAVAB!

Sual: Borc alıb həccə getmək olarmı?

Cavab: Həcc ibadətinin fərz olması üçün bir müsəlman fiziki cəhətdən sağlam və imkanlı olmalı, ruhi xəstə olmamalı və həddi-büluğa çatmalıdır. Odur ki, həccə getmə imkanı olmayanın borc götürüb həccə getməsi vacib deyil. Lakin borc götürüb həccə gedərsə, onun yerinə yetirdiyi həcc ibadəti etibarlı sayılar və həcc ibadəti ilə bağlı öhdəlik ondan götürülmüş olar.

 

Sual: Səhhət baxımından həccə gedə bilməyən bir müsəlman öz əvəzinə başqasını göndərməyib, həmin pulu sədəqə verərsə, həcc ibadətini yerinə yetirmiş sayılarmı?

Cavab: Fərz ibadətlərdə əsas olan həmin ibadəti öz vaxtında və əmr edildiyi formada yerinə yetirmək, eləcə də şəxsən özünün həmin ibadəti etməsidir. Ancaq bəzi ibadətlər bəzi hallarda vəkalət yolu ilə başqasına tapşırılmaq surəti ilə də yerinə yetirilə bilər. Odur ki, həcc ibadətini yerinə yetirə bilməyəcək dərəcədə xəstə olan və yaxud həddindən artıq yaşlı olan bir insan özünün əvəzinə həcc etməsi üçün xərclərini qarşılayaraq başqasını göndərə bilər. Lakin həmin məbləği yoxsullara verməklə həcc ibadətini yerinə yetirmiş sayılmır. Bu səbəbdən həcc ibadətinin məsuliyyəti davam edər, lakin verdiyi sədəqənin savabına nail olar.

 

Sual: Həcc qafiləsinə başçılıq edən kimsə həcc ibadətini ölən yaxınının adına edə bilərmi?

Cavab: Başqasının adına edilən həccin etibarlı olması üçün tələb olunan şərtlərdən biri də həcc ibadəti ilə bağlı xərclərin adına həcc edilən şəxs tərəfindən qarşılanmasıdır. Odur ki, həcc qafiləsinə başçılıq edən şəxs xərclərini onu göndərəndən alıb başqasının adına həcc ibadətini edə bilməz. Çünki onun bütün xərcləri onu göndərən təşkilat tərəfindən qarşılanır.

Ancaq onu da qeyd edək ki, qafiləyə başçılıq edən bir şəxs fərz olan həcci yerinə yetirmədən vəfat edən ata-ana kimi yaxınlarının adına hər hansı bir əvəz almadan həcc edə bilər.

 

 Sual: Həcc ibadəti fərz olan bir müsəlman onu yerinə yetirmədən vəfat edərsə, onun varisləri nə etməlidirlər?

Cavab: İmkanlı olan bir müsəlman həcc ibadətini yerinə yetirmədən ölərsə, onun qoyub getdiyi mal-dövlət ilə özünün yerinə həcc ibadətinin yerinə yetirilməsini vəsiyyət etmiş və mirasının üçdəbiri bunun üçün kifayət edirsə, onun varisləri tərəfindən sözügedən vəsiyyət mütləq yerinə yetirilməlidir. Ancaq vəsiyyət etməmişsə, varislərindən hər hansı bir nəfər öz imkanı ilə onun adına həcc edə bilər. Çünki Hz. Peyğəmbər (s.ə.s) insanlara olan borcun verilməsinin vacibliyini dəlil göstərərək Uca Allaha qarşı olan həcc borcunun da varislər tərəfindən yerinə yetirilməli olduğunu bildirmişdir (Nəsai, Mənasikül-həcc, 8-9).   

 

 Sual: Qafilə başçısı kimi gedən müsəlmanın yerinə yetirdiyi həcc ibadəti onun adına tam etibarlı sayılırmı?

Cavab: Qafilə başçısı kimi həccə gedən bir müsəlman istər imkanlı, istərsə də imkansız olsun, yerinə yetirdiyi həcc ibadəti öz adına tam etibarlıdır. Hətta etdiyi iş müqabilində pul alması belə nəticəni dəyişdirmir. Odur ki, əgər həcc ibadəti ona əvvəl fərz olmuşsa, fərz olan həcci yerinə yetirmiş sayılır. Əgər fərz olmamışsa, həccin fərz olması üçün şərt olan “getmə imkanı” reallaşdığı üçün fərz olan həcci yerinə yetirmiş hesab olunur. Bundan sonra həcc ibadətini yerinə yetirəcək imkana sahib olsa belə, təzədən həcc etməsi vacib deyil.

 

Sual: Əhli-kitabın yeməklərini və kəsdiyi heyvanların ətindən yemək olarmı?

Cavab: Əhli-kitabın, yəni yəhudi və xristianların üsuluna uyğun kəsdikləri heyvanın ətindən və bişirdikləri yeməklərdən yemək olar. Bu məsələ ilə bağlı Qurani-Kərimdə belə buyurulur: Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır... (əl-Maidə, 5/5). Üsuluna uyğun kəsmək isə, heyvanın yemək və nəfəs boruları ilə iki şah damarının və yaxud bu damarlardan birinin kəsilməsidir. Bundan əlavə, əhli-kitabdan olan bir kəsin heyvanı kəsərkən Hz. İsa əleyhissalamın adını anaraq kəsdiyi dəqiq bilinərsə, onun kəsdiyini yemək halal olmaz. Çünki Allahdan başqası adına kəsilən heyvanların ətini yemək haram buyurulmuşdur. Uca Allah başqa bir ayədə belə buyurur: “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır (canı çıxmadan kəsilərsə, bunlar halaldır) - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır... (əl-Maidə, 5/3).

 

Sual: Məhkəmə qərarı ilə boşanan ər-arvad yenidən evlənə bilərmi?

Cavab: Məhkəmə yolu ilə boşanan ər-arvad İslam hüququna görə bir bain talaqla boşanmış olurlar. Çünki hakimin nikaha xitam verməsi bain talaq qəbul edilir. Odur ki, məhkəmə yolu ilə boşanan bir qadın iddə müddətini tamamlamalıdır. İddə müddəti qurtardıqdan sonra başqası ilə evlənə biləcəyi kimi, əvvəlki əri ilə də təzədən nikah qıydırmaq surəti ilə ailə həyatı qura bilər. Belə olan təqdirdə, daha əvvəl başqa bir boşama olmamışsa, evlilikləri üç boşamadan bir boşama haqqını istifadə etmiş olaraq davam edər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz