Elvin ARİFOĞLU KİMLİK AXTARIŞI

Elvin ARİFOĞLU KİMLİK AXTARIŞI

İnsanlığın əcdadı gedib Hz. Adəmə çatır. Bəziləri öz əcdadlarının meymun olduğunu iddia etsə də, insanı yaradan Allah bunu demir. Çox təəccüblüdür, Yaradan başqa şey deyir, yaradılan isə bambaşqa...

Bəs Adəm babamız nədən yaradılıb? Yəqin ki, torpaqdan yaradılması barədə hamımız eşitmişik. Fikir versək, görərik ki, Adəm torpaqdan yaradılsa da, torpağa heç bənzəmir. Çünki heç bir əsil törəməyə bənzəmir. Yaradan insana, Quranın təbiri ilə desək: “Öz Ruhundan üfürüb”. Bu səbəbdəndir ki, insan iki hissədən ibarətdir: torpaqdan olan hissəsi bədən, Ondan olan hissə - Ruh!

Əgər insan yalnız maddiyyata fikir versə, ancaq bədən tələbatlarını ödəsə, bəs ruh nə hala qalacaq? Bizim bədənimiz libasa bənzəyir. Gərək libası oxşayıb durmayaq. Bəşəriyyət “insan”a möhtacdır. Hazırda dünyanın hər yerində fitnə-fəsad, münaqişə, zorakılıq və mənəviyyatsızlıq baş alıb gedir. Çünki özümüzdən bixəbərik. Bizlər insanı yalnız şəkil olaraq, maddi varlıq olaraq görürük, yalnız bədəni tanıyırıq. Nəticədə həqiqəti tapmırıq. İnsanda olanı anlayanlar, həyat suyunun həqiqətini içənlər isə hər şeyi bir tərəfə qoyub içə yönələrlər. İrəlilədikcə orada saf bir “Ruh” görərik. Ruhu gördükdə dərhal onu bizə pulsuz-parasız hədiyyə verən, bəxş edən Uca Allahı görərik. O, bizi yoxdan yaratdı, gözəl yaratdı.

Gəlin neçə illər - qırx il, əlli il geriyə qayıdaq. O vaxta qayıdaq ki, biz hələ yox idik. İnsan yaradılışından öncə bəs harada idi? Bəziləri müəyyən bitkilərin, bəziləri müəyyən heyvanların tərkibində. Necə? İnsan nütfədən (spermadan), dəyərsiz bir mayedən yaradılıb. Həmin maye isə müəyyən bitki və heyvanların tərkibində dağınıq şəkildə mövcud olur. İnsan o qidaları qəbul etdikdə müəyyən proseduralardan sonra həmin mayeyə - nütfəyə çevrilən məhlulu özündə saxlayır. Həmin məhlul çox yüksək səviyyədə mühafizə edilir. Yaxınlıq zamanı isə on minlərlə zərrəcikdən ibarət olan məhlul qadının rəhmində qərar tapır. Həmin zərrələrin hər biri bir insan olmağa qabil olur, lakin gedişat dəyişir. Yalnız bir şans verilir onlara: kim birinci, ilk olaraq mərkəzə çatarsa, ona yaşamaq, bu işıqlı dünyanı görmək nəsib olacaq. On minlərlə zərrədən yalnız biri (nadir hallarda ikisi) bu kiçik müsabiqənin qalibi olur və o, bu dünyada yaşama imkanı əldə edir. Bəli, hər birimiz bu mərhələləri vaxtilə keçmişik, hərçənd ki, heç yadımızda belə qalmayıb.

Böyük ariflərdən olan Mövlananın dövründə yaşayan Eynuddövlə tanınmış bir rəssam idi. O, ruməsilli idi. Mövlanaya da çox bağlılığı ilə məşhurlaşmışdı. Bir gün eşidir ki, İsanbulda tamaşa edənləri heyrətə salan bir şəkil var. Dünyanın hər yerindən gələn rəssamlar onun kimi bir rəsmi əsla çəkə bilməyiblər.

Həzrət İsa ilə Həzrət Məryəmin təsviri olan bu rəsmi görmək həyəcanı Eynuddövlənin bütün mənliyini bürüyür. Bu eşqlə yola düşür və İstanbula çatır. Rəsmin olduğu monastıra gəlir. Onların rahiblərinə yaxınlaşıb xidmətlərində durur. Nəhayət, bir gecə o rəsmi də götürüb oradan qaçır. Konyaya gəlib Həzrət Mövlananı ziyarət edir və başına gələnləri danışır. Mövlana: “O könül oxşayan rəsmi gətir, mən də seyr edim”, - deyir.

Eynuddövlə rəsmi gətirib göstərdikdə isə Hz. Mövlana belə deyir:

- Bu gözəl rəsm mənə “Eynuddövlənin bizə olan sevgisi səmimi deyildir, o, yalançı bir aşiqdir” – deyir.

Rəssam bu sözə çox təəccüblənir. Necə ola bilər ki, bu möhtəşəm rəsmi sevməsin? O rəsmi ələ keçirmək üçün nələr etmiş, hansı inanılmaz təhlükələri göz önünə almışdı.

Mövlananın bu sözləri məşhur rəssamı daha da düşündürür:

- Bu rəsmdəkilər mənə deyir ki, bizim heç yuxumuz və yeməyimiz yoxdur. Gecələr daima ayaq üstə, gündüzlər isə daim orucuq. Bizi sevdiyini söyləyən Eynuddövlə isə bizi tək qoyub gecələr yatır, gündüzlər də yeyib-içir. Bizə əsla tabe olmur.

Eynuddövlə bu izahdan sonra daha da təəccüblənir və belə deyir:

- Bunlar cansız rəsmdir. Cansız surətlər haqqında yemək və yatmaq düşünülə bilməz.

Bu sözdən sonra Həzrət Mövlana rəssamı ayıldan bu sözləri söyləyir:

- Ey Eynuddövlə! Sən də, yerdə və göydə olan hər şey Onun, bənzərsiz bir Rəssamın əsərisən. Sən həm hüdudsuz bir sənət əsəri, həm də canlı bir rəsm olduğun halda, səni yaradanı qoyub cansız və anlamsız bir rəsmə aşiq olmağın doğrudurmu? O xəbərsiz şəkillərdən nə əldə edə bilərsən, əlinə nə keçər?

İnsanların getdikcə mənəvi böhranda daha çox boğulması çox pis əlamətdir. İnsanlar ilahi eşq-məhəbbətdən didərgin düşüb, ehtiraslara, şəhvətlərə qapıldılar. Şəhvətin adını belə dəyişib “Eşq” qoydular; çox böyük yanlışa düşdülər.

Yaradan xalqımıza Öz məhəbbətini daddırsın və biz yaradılmışları öz başımıza buraxmasın. Amin!

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz