MƏHRƏMİYYƏT ŞÜURU

MƏHRƏMİYYƏT ŞÜURU

Uca Rəbbimiz insan oğluna və insanı insan edən ədəbə  o qədər önəm vermişdir ki, onunla əlaqəli şeyləri  toxunulmaz bir dəyər qılmışdır. O dəyərlərdən biri də yalnız insana məxsus olan məhrəmiyyətdir. 

Məhrəmiyyət “haram” sözündən gəlir və “haram olma halı” deməkdir. Başqa bir ifadə ilə buna toxunulmazlıq da deyə bilərik. Məhrəmiyyət insan bədənində baxılması, toxunulması və haqqında danışılması haram olan yerlərlə əlaqədar toxunulmazlıq halıdır. 

Xüsusilə uşaqlarda məhrəmiyyət təlim-tərbiyəsi onların  xoşbəxt, gümrah və xarakterli yetişmələrini təmin edən və pis niyyətli insanların istismarından qoruyan ən lazımlı təməl biliklərdəndir. Uşağın həya duyğusunu öyrənməsi və öz bədəninin toxunulmazlığı şüuruna yiyələnməsi məhrəmiyyət təlimiylə mümkündür.

İslamdan əvvəlki cahiliyyə dövründə insanlar başqalarının məhrəm sayılan yerləri olan evlərinə icazəsiz girərdi. Məhrəmiyyət anlayışı, demək olar ki, yox dərəcəsində idi.

Mədinəli müsəlman bir qadın bir gün Rəsulullahın yanına gələrək: “Ey Allahın Rəsulu! Günün hər hansı bir saatında yad biri qapımdan içəri izinsiz girir, görünmək istəmədiyim bir halda məni görə bilir. Artıq bir xəbərdarlıq etsəydiniz, heç kim başqasının evinə, otağına icazəsiz girməsəydi, istəmədiyi bir görünüş içində görməsəydi”, - dedi.

Eyni gün Hz. Ömər də Rəsulullahın yanına gələrək: “Ey Allahın Rəsulu! Məni çağırması üçün evimə göndərdiyiniz uşaq, icazə istəmədən yatdığım otağa girdi. Nə qədər toparlansam da, məni üst-başı açıq halda gördü. Kaş ki Rəbbimiz bir qadağa qoysa, evimizə, otağımıza icazəsiz kimsə girməsəydi”, - dedi.

Bu və buna bənzər istəklərin çoxaldığı zamanda Nur surəsində ailə həyatı haqqındakı bu ayələr nazil oldu: “Ey iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən girməyin. Bu, sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb ibrət ala­­sınız. Əgər orada heç kəsi tapmasanız, sizə izn verilməyincə oraya girməyin. Sizə: 'Qayıdın!'– deyilsə, qayıdın. Bu, sizin üçün daha təmizdir. Allah nə etdiklərinizi bilir”. (ən-Nur, 27-28)

Bu ayələr bizə aşağıdakı ədəb və nəzakət qaydalarını öyrədir: Evlərə girmək üçün icazə istəyərkən qapının tam qarşısında deyil, sağında və ya solunda gözləməli, evin içini görmək kimi bir narahatlığa səbəbiyyət verilməməlidir. Başqa bir xüsus da budur ki, içəridən “kimsiniz?” deyə verilən suala anlaşılan şəkildə, açıq və dəqiq məlumat verərək icazə istənilməlidir.

Dinimiz məhrəmiyyətə o qədər diqqətlə yanaşmışdır ki, hətta bir kimsənin evində, ailəsi ilə arasındakı məhrəmiyyət sərhədlərini belə Quranda müəyyən etmişdir:

“Ey iman gətirənlər! Sahib olduğunuz kölələr və həddi-büluğa çatmayanlar (yanınıza girmək istədikdə) qoy üç vaxtda sizdən izin istəsinlər: sübh namazından əvvəl, günorta paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. (Bu) sizin çılpaq ola biləcəyiniz üç vaxtdır. Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) girməkdə nə sizə, nə də onlara heç bir günah gəlməz. Allah ayələri sizə belə izah edir. Allah biləndir, müdrikdir”. (ən-Nur, 58)

Səhabələrdən biri: “Mən anamın otağına girərkən də icazə istəməliyəm?” - deyə soruşduqda, Rəsulullah: “Bəli” deyə cavab verdi. Həmin adam: “Məndən başqa anama xidmət edəcək kimsə yoxdur. Otağına hər girişdə icazə istəyimmi?” - dedikdə, Rəsulullah: “Sən ananı çılpaq görmək istəyərsənmi?" - buyurdu. Adam: “Xeyr, anamı çılpaq görmək istəmərəm”, - dedikdə, Rəsulullah: “Elə isə hər girişində icazə istə”, - buyurdu. 

Uca dinimiz ailə və cəmiyyətin davamı üçün bizə ən gözəl əxlaq nümunələrini öyrətməkdədir. Uşağın ata-anası üzərindəki haqqı ona yaxşı bir təhsil və yaxşı bir ad verməsidir. Hər növ təlim-tərbiyədə olduğu kimi, məhrəmiyyət təlim-tərbiyəsi də, şübhəsiz, ailədə başlayır. Otaqlara girərkən qapını döymək və səsli olaraq icazə istəmək, evində olsa da geyim-keciminə diqqət etmək kimi ailədə məhrəmiyyət sərhədlərinə diqqət göstərmək həm fərdlərin bir-birinə olan ədəb və həyasının, həm də Allaha olan qulluq vəzifələrinin bir gərəyidir.

Ata-analar gələcəyin böyükləri olan uşaqlarına məhrəmiyyət anlayışını və həya duyğusunu kiçik yaşlardan etibarən qazandırmağa başlamalıdır. İndiki vaxtda bir çox valideynlərin laqeyd qaldığı bir mövzu olmasına baxmayaraq, uşağa “məhrəmiyyət” duyğusunun verilməsi həyati bir əhəmiyyətə malikdir.  Ailə içində “ədəb” anlayışı əksəriyyətlə, uşaqların ata və analarına qarşı gəlməmələri, onların sözündən çıxmamaları kimi anlaşılır. Təbii ki, bunlar da ədəbin bir parçasıdır, amma ədəb kimi böyük bir məfhum belə kiçik mənada düşünülə bilməz. Biz istəsək də, istəməsək də, uşaqlar yaşlarının irəliləməsinə paralel olaraq cinsəlliklə əlaqədar mövzulardan xəbərdar olurlar və bu yaşda fizioloji xüsusiyyət olaraq bu impuls onlarda inkişaf edir. Ailədə məhrəmiyyət təlimi yerində, zamanında və üsuluna uyğun verilmədiyi təqdirdə uşaq hissi natarazlıqla qarşı-qarşıya qala bilər. İstər qız olsun, istərsə də oğlan, uşaqlara məhrəmiyyət təlimi verərkən yalnız nəsihət etmək kifayət deyil. Bilinməlidir ki, uşaqların məhrəmiyyət təlimi təkbaşına nəsihət ilə və ya qorxudaraq mümkün olan şey  deyildir. Bunun üçün tələb olunan ilk şərt onlara düzgün bir nümunə təşkil etməkdir.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz