BİR AYƏ
بسم الله الرحمن الرحيم
يَا اَيُّهَا الَّذٖينَ اٰمَنُوا اَنْفِقُوا مِنْ طَيِّبَاتِ مَا كَسَبْتُمْ وَمِمَّا اَخْرَجْنَا لَكُمْ مِنَ الْاَرْضِ وَلَا تَيَمَّمُوا الْخَبٖيثَ مِنْهُ تُنْفِقُونَ وَلَسْتُمْ بِاٰخِذٖيهِ اِلَّا اَنْ تُغْمِضُوا فٖيهِ وَاعْلَمُوا اَنَّ اللّٰهَ غَنِىٌّ حَمٖيدٌ
“Ey iman gətirənlər! Qazandıqlarınızın və sizin üçün torpaqdan yetişdirdiyimiz məhsulların yaxşısından infaq edin və (sizə verildiyi təqdirdə) ancaq gözüyumulu alacağınız pis şeylərdən infaq etmək fikrində olmayın! Bilin ki, Allah heç nəyə möhtac deyildir, şükrə layiqdir”. (əl-Bəqərə, 2/267)
Təfsir kitablarında bu ayənin nazil olma səbəbi olaraq belə bir rəvayət nəql olunur ki, Mədinədə ənsardan bəzi müsəlmanlar məhsul zamanı dərdikləri xurmalardan bir qismini gətirib məscidi-nəbəvidə iki dirəyin arasına bağlanmış bir ipə asır, kasıb mühacirlər də bu meyvələrdən istifadə edirdilər. Xurma gətirənlərdən bəziləri isə xurma salxımlarının çoxluğunu göz önünə alaraq onların arasına yaxşı olmayan xurmaları da qatırdılar. Bu hadisədən sonra yuxarıdakı ayə nazil olmuş və bu kimi hərəkətlərin yolverilməz olduğu bildirilmişdir.
Burada Uca Allah biz möminlərə xitab edir və sədəqə, yaxud zəkat olaraq verəcəyimiz malın pis yox, yaxşı mallardan seçilməsini əmr edir. Ayədəki “infaq edin” ifadəsini Allahın əmri olaraq təfsir edən alimlərə görə, burada nəzərdə tutulan məhz zəkat üçün verilən maldır. Çünki zəkat olaraq verilən mal pis, keyfiyyətsiz və dəyərsiz olmamalıdır. Ancaq sədəqənin nəzərdə tutulduğunu deyənlərə görə, bu ifadə tövsiyə mahiyyətindədir. Yəni ehtiyac sahiblərinə Allah rizası üçün malımızın yaxşısından infaq etsək, daha çox savab qazanarıq və mükafatı da daha çox olar. Bu minvalda Həzrət Peyğəmbərimiz də: “Sizdən biriniz özü üçün istədiyini müsəlman qardaşı üçün də istəmədikcə, həqiqi mənada iman etmiş olmaz!” (Buxari, “İman”, 7) – buyuraraq həqiqi möminin digər möminləri də düşünməsini və özünə layiq görmədiyi bir şeyi onlara layiq görməməsini tövsiyə etmişdir. Buna görə də müsəlman sədəqə, yaxud zəkat verəcəyi zaman malının yaxşısından və keyfiyyətlisindən verməlidir ki, həm infaq etdiyi kasıb narazı qalmasın, həm də Uca Allah ondan razı olsun.
Şübhəsiz ki, sədəqə və zəkat olaraq veriləcək malın mahiyyəti hər dövrün şərtlərinə görə dəyişə bilər. Buna görə də ayədə “qazandıqlarınızın” ifadəsinə yer verilmiş və ümumi bir məna ifadə edilmişdir. Ayənin sonunda isə “Allah heç nəyə möhtac deyildir, şükrə layiqdir” buyurularaq infaq etmədiyimiz təqdirdə Allaha bir zərər yetirməyəcəyimiz, əksinə, özümüzə zərər verəcəyimizə işarə edilməkdə və Onun verdiyi bu nemətlərə görə Allah-Təalaya şükür etməyimiz gərəkdiyi bildirilməkdədir. Təbii ki, mal-mülkün şükrü də sadəcə dil ilə deyil, həmin malın zəkatını və sədəqəsini verməklə əda edilər. Uca Allah bizləri, verdiyi nemətlərin şükrünü layiqincə edən bəndələrindən eləsin!
ŞƏRHLƏR