QİSSƏLƏR BİZƏ NƏ DEYİR?

QİSSƏLƏR BİZƏ NƏ DEYİR?

Aramızda Quran kitabını bilməyən, görməyən, demək olar ki, yoxdur. Bir çoxumuz da o müqəddəs kitabı əlimizə götürəndə: “Görəsən, bu qalın kitabda nələr yazılıb?” – deyə vərəqləmişik. Əgər bunu etmişiksə, nə yaxşı. 

Çünki heç belə bir sualı öz-özünə verməyənlər də az deyil. Onların halı daha acınacaqlı, aqibətləri daha qorxuncdur. Çünki bir bəndənin öz Yaradıcısının ona nazil etdiyi kitabla maraqlanmaması ona qarşı böyük bir nankorluq və üsyan əlamətidir. O ki qaldı yuxarıdakı sualı verənlərə, onlarla birgə bu sualı verməyə və cavab axtarmağa davam etmək Allahın hüzurundakı aqibətimiz baxımından çox faydalı bir iş, karlı bir ticarət olardı. Belə ki, düşünmək də insanı xeyrə aparan yollardan biridir. Qurani-Kərim özü haqda düşünməyənləri belə məzəmmət edir: “Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?!” (Muhamməd surəsi, 24)

İlahi kitabların sonuncusu və ən doğrusu Qurani-Kərimdir. Buna hər birimiz iman etmişik.

Bu kitab doğru ilə əyrini ayırmağa xidmət edən ilahi bir nurdur. İçində imanla bağlı olaraq qeybi ifadə edən xəbərlər, bizə Allahın rizasına uyğun yaşamağı öyrədən halallar və haramlar, həmçinin bu ikisi ilə bağlı olaraq onları izah edən məsəllər və onları inkar edənlərin aqibətləri ilə bağlı qissələr yer alır.

Qurani-Kərim qissələri bizə hadisələrin hikmətini, ilahi həqiqətləri və təbliğin mahiyyətini başa salır. İnsanların başa düşməsi və dərs götürməsi üçün onlara lazım olan qədərini ən gözəl dil ilə izah edir. Bu həqiqət Yusif surəsində belə ifadə edilir:

“(Ey peyğəmbər!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl qissəni danışırıq. Halbuki sən daha əvvəl bundan xəbərdar deyildin”. (Yusif surəsi, 3)

Qurani-Kərim diqqətləri qissədəki əsas hadisəyə yönəldir. Tarix, məkan və şəxslərin adları təfərrüatı ilə qeyd edilmir. Çünki bunları əzbərləməyin insanlara bir xeyri yoxdur. Əsas məsələ orada bəhs edilən kimsələrin necə hərəkət etməsi və Allahın onların hərəkətini necə qiymətləndirməsidir. Bu məqsədlə qissədəki hadisələrin tarixi ardıcıllığı da mühüm deyildir.

Quran qissələrində və bəzi ayələrində təkrarlar var. Bəzən eyni hadisənin müxtəlif yönləri müxtəlif yerlərdə açıqlanır. Məsələn: Bir surədə şeytanın üsyan etməsinə təkəbbürünün səbəb olduğu, başqa bir surədə şeytanın bu hərəkəti ilə Allaha qarşı nankorluq etdiyi, başqa bir surədə də şeytanın sahib olduğu təkəbbür səbəbi ilə onun hadisələri düzgün qiymətləndirə bilmədiyi vurğulanır. Eyni şeytanın sahib olduğu pis xüsusiyyətlər, bunların səbəbləri və nəticələri mövzu ilə bağlı olaraq ayrı-ayrı surələrdə izah edilir.

Bəzi hallarda eyni hadisə fərqli bir üslubla, fərqli kəlmələrlə ifadə edilərək açıqlanır. Bununla o hadisənin daha yaxşı dərk edilməsi və daha yaddaqalımlı olması təmin edilir. Belə hallarda hadisə nə qədər çox təkrar edilsə və fərqli kəlmələrlə açıqlansa da heç biri bir-biri ilə təzad təşkil etməz. Bu eyni zamanda Quranın ədəbiyyat möcüzələrindən biridir.

Bəzən də eyni ayələr heç dəyişmədən, olduğu kimi təkrar edilir. Bunun məqsədi insanların bunun üzərində daha çox düşünərək heyrətə gəlməsi və bu ifadənin əhəmiyyətini dərk etmələridir.

Quran qissələrində peyğəmbərlər ən yaxşı nümunə kimi təqdim olunur. Onlar ilahi vəzifə üçün seçiliblər və böyük, həm də ağır bir məsuliyyət götürüblər. Onların bu halı Qurani-Kərimdə belə ifadə olunur: “Özlərinə peyğəmbər göndərilən ümmətləri sorğu-suala çəkəcəyik, onlara göndərilən peyğəmbərləri də həmçinin”. (əl-Əraf surəsi, 6) Bu ağır vəzifə altında hər bir peyğəmbər gücünün son həddinə qədər səbir və mətanətlə Allahın buyruqlarını insanlara çatdırmağa davam etmişdir. Onların buyruqlarına uymayaraq həddi aşan və azğınlığa düşənlər isə həlak olmuş, sonrakı nəsillərin eyni xətanı təkrarlamaması üçün qiyamətə qədər bir ibrət lövhəsi olaraq bu səhifələrdə yer tutmuşdur.

Quran qissələri öz gözəlliyi və ifadə tərzi ilə bənzərsizdir. İnsanların bir qismi hər nə qədər Quranı inkar etsələr də, onun bənzəri bir kitab yazmaqdan acizdirlər (əl-İsra surəsi, 88). Bu da Quranın başqa bir möcüzəsidir.

Xülasə olaraq, Quran bizi özünü oxumağa və üzərində təfəkkür edərək düşünməyə, ondakı ilahi sirləri dərk etməyə dəvət edir. Onun səhifələrində dərd sahibi olan hər bir kimsə üçün dərman olacaq hikmətlər yer alır.

Torpaqla məşğul olanlar Qurandakı bağ sahiblərinin aqibətinə, mala tamah salanlar Qarunun aqibətinə, ticarəti insanları aldatmaq zənn edənlər Mədyən və Eykə xalqlarının aqibətinə, əxlaqsızlığı müasirliyin gətirdiyi bir sərbəstlik zənn edənlər Lut qövmünün aqibətinə, malik olduğu gücün özündən qaynaqlandığını zənn edənlər Firon və Nəmrudun aqibətinə, təkəbbür sahibləri şeytanın aqibətinə, günahsız insanları öldürənlər Habil və Qabilin aqibətinə, Allahın məscidlərini hədəf götürənlər fil ordusunun aqibətinə, iman əmanətini daşımaqda çətinlik çəkənlər əvvəlki ümmətlərin bu yolda çəkdiyi əziyyətlərə qulaq verərsə, Quranın nuru onları mütləq xeyir qapısına çatdıracaqdır.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz