MUSA (Ə.S.) NƏZƏRİ İLƏ FİRONU OXUMAQ
Qurani-Kərim bütün bəşəriyyət üçün göndərilmiş və hökmü qiyamətə qədər qüvvədə qalacaq ilahi bir kitabdır. Bu kitabda heç bir nöqtə, hərf, ifadə və ayə yersiz deyildir.
Ecazkarlığı ilə ədib, elm əhli, inanan və inanmayanları heyran qoyan bu müqəddəs kitab özünə və elminə dəyər verən insanlar tərəfindən hər dövrdə rəğbətlə qarşılanmış və hörmət edilmişdir. Əlbəttə ki, inananları tərəfindən də həyat rəhbəri olaraq qəbul edilmiş və hökmlərinə riayət edilmişdir.
Bu müqəddəs kitab ictimai münasibətlər, hüquqi hökmlər, əxlaqi qaydalar, fərdi həyat tərzi kimi məzmunlu ayələrlə yanaşı, keçmiş qövmlərin və peyğəmbərlərin əhvalatlarından bəhs edən ibrətamiz qissələri ehtiva edir. Əlbəttə ki, bu əhvalatların heç biri səhifə doldurmaq və yaxud kitabı oxumağı maraqlı hala gətirmək üçün orada dərc edilməyib. Hər bir qissə həm meydana gəldiyi dövrdə yaşayan, həm də sonrakı dövrdə yaşamış və yaşayacaq insanlar üçün nümunəvilik xarakteri daşıyır.
Qurani-Kərimdəki bu qissələr tarixdə yaşamış peyğəmbərlərin ümmətləri ilə olan danışıqlarını, onlara verdikləri nəsihətləri, tabe olanların səlamətə çıxacağını, qarşı çıxanların isə fəlakətə qərq olacağını bəyan etmişdir. Həmçinin bu əhvalatlar Muhamməd (s.ə.s) ümmətini təfəkkürə dəvət edərək onlardan özlərinə dərs çıxarmağı tövsiyə etmişdir.
İbrət nəzəri ilə oxunacaq qissələrdən biri də, heç şübhəsiz ki, haqq-batil mücadiləsinin timsalına çevrilmiş Hz. Musa əleyhissalam ilə Firon haqqındakı qissədir. “Hər Musanın bir Fironu vardır” şəklində zərbi-məsəlin söylənməsinə səbəb təşkil edən bu qissənin xülasə məzmunu belədir: “Misir bölgəsinin idarəçiləri olan Fironlar yaşadıqları hər dövrdə peyğəmbərlər və onlara inananlar başda olmaqla hər kəsə zülm edirdilər. Bu fironlardan biri gördüyü yuxunu yuxu yozanlara yozdurur. Yozmaya görə həmin Fironu bir uşaq öldürəcək və onun dövlətini yıxacaqdı. Yuxu yozumuna əsaslanaraq qəddar Firon o ildə doğulmuş bütün oğlan uşaqlarını öldürmə əmrini verir və minlərlə məsum uşağın qanını əlinə bulayır. Allahın lütfü və qüdrəti nəticəsində Fironun qətlinə səbəb olacaq uşağı məhz Firon özü öz sarayında böyüdür və yetişdirir. Sözügedən uşaq Musa əleyhissalamdır. Tarix boyunca özlərini ilah kimi görənləri Allah rəzil-rüsvay etmiş və çox ibrətli şəkildə onları məhv etmişdir. Məsələn, özünü Allah sayan Nəmrud kiçik bir milçəyin beyninə girməsi səbəbilə faciəvi şəkildə ölmüşdür. Ölməkdən qorxan və bütün uşaqları öldürdən Fironu da məhz öz əli ilə yetişdirdiyi Musa (ə.s) vasitəsilə aləmə ibrət olacaq şəkildə öldürmüşdür. Belə ki, hər fürsətdə Musanı öldürməyə və onu xalqın qarşısında alçaltmağa çalışan o dövrün ən güclü idarəçisi sayılan Firon, Allahın möcüzəsi nəticəsində Musa peyğəmbərin qaçması üçün ikiyə ayrılan Qızıl dənizdə boğularkən həqiqətləri dərk edir və verdiyi əzab-əziyyətdən peşmançılıq duyur. Ancaq hər şey artıq gec idi. Qiyamətə qədər bütün insanlara ibrət olacaq şəkildə (səcdə şəklində) dənizdə boğulur və ölür. Zalım fironun cəsədi hal hazırda da “Biritish Museum”da sərgilənir.
Deyirlər ki, yaxşı ilə pis, zalım ilə məzlum, haqq ilə batil həmişə bir yerdə görünüb və eyni meydanda mücadilə aparıblar. Bu mücadilənin başlanğıcı Hz. Adəm ilə İblisdir. Daha sonra Nuh peyğəmbər ilə Sam, Hz. Davud ilə Calut, Hz. İbrahim ilə Nəmrud, Hz. Musa ilə Firon, Hz. Muhamməd (s.ə.s) ilə Əbu Cəhil arasında davam etmişdir. Habil tərəfi əhli-iman, Qabil tərəfi də əhli-küfrdür. Bu iki zidd timsallar hər bir dövrdə varlığını sürdürmüşdür. Qiyamət qopana qədər bunların mücadiləsi davam edəcəkdir. Əslində insanın daxilində bu timsalların hər biri vardır. Əsas olan odur ki, gərək Adəm olasan, Nuh, İbrahim, Musa və Muhammədin (s.ə.s) cərgəsində yer alasan. Habili dəstəkləyəsən. Nəfsin istəkləri və şeytanın tələləri hər zaman fironların, nəmrudların, qabillərin tərəfində olmuşdur və olmağa da davam edəcəkdir. Bu peyğəmbərlərin qissələri bizə deyir ki, kömür ruhlu Əbu Cəhillər cəhənnəmə, almaz ruhlu Hz. Əbu Bəkr, Hz. Əlilər cənnətə girəcəklər. Görkəmli mütəfəkkir Mövlanə həzrətləri Musa ilə Firon hekayəsini necə də gözəl xülasələşdirib: “Ey salik! Musa da, Firon da sənin daxilindədir. Bu iki düşməni öz daxilində axtar. Vəhyin nuru ilə aydınlan ki, səndəki Musa Fironuna qalib gəlsin”.
İçindəki Fironu Musaya boğdurub azadlığa çıxan könül dostlarına salam olsun…
ŞƏRHLƏR