SUAL? - CAVAB!
Sual: Salam. Mən nişanlımla kəbin kəsdirmək istəyirəm, amma toyun vaxtına çox var.
Kəbinsiz bir-birimizlə təklikdə görüşməyin halal olmadığını bilirik və buna riayət etməyə çalışırıq. Xahiş edirəm bu mövzuda islami baxımdan necə qərar verə biləcəyimizə kömək edəsiniz ki, günah və harama girməyək.
Cavab: Nişan bir əqd (nikah müqaviləsi) deyil, sadəcə olaraq evlənməklə bağlı bir vəddir. Ona görə də nişanlılara sözügedən vəd baş-başa qalmaq və tənhalıqlarda görüşmək hüququ vermir. Lakin ailə üzvlərinin və ya başqalarının olduğu yerlərdə nişanlıların görüşməsi və quracaqları ailə həyatı ilə bağlı qarşılıqlı fikir mübadiləsi etmələri caizdir. Bundan əlavə bayramlaşmaq və digər bu kimi görüşlərdə ailənin digər üzvləri ilə birlikdə görüşmək mümkündür.
Odur ki, nişanlıların heç kəsin olmadığı və tamamilə qapalı yerlərdə təkbaşlarına qalmaları düzgün deyil. Çünki Hz. Peyğəmbər (s.ə.s): “Bir şəxs yad bir qadınla təkbaşına qalarsa, üçüncüləri şeytan olar”, – buyurmuşdur (Buxari, Nikah, 3; Tirmizi, Rəda, 15). Vurğulamaq lazımdır ki, nişanlıların təkbaşlarına qalması cinsi baxımdan sərbəst olmalarına şərait yaradır. Nişanın pozulması nəticəsində isə xüsusilə qadın tərəfin zərərçəkən tərəf olduğu məlumdur.
Kəbin kəsdirmək məsələsinə gəlincə, nişanlıların kəbin kəsdirmələrindəki əsas məqsəd nişanlılıq dövründə sərbəst görüşmək, gəzmək və təkbaşına qalmaqdır. Məhz bu səbəbdən də nişanlılıq dövründə bəzi məsələlərə diqqət etməyi məsləhət bilirik. Belə ki, nişanlılıq dövrü çox uzun müddət çəkməməli, hardasa 6 ayla 1 il arası normal müddət hesab oluna bilər. Rəsmi nikahdan əvvəl kəbin kəsdirilməməlidir. Çünki kəbin onlara cinsi məsələlərdə daha sərbəst davranmaq fürsəti verir və xüsusilə də nişan pozulanda peşmançılıqlara səbəb olur.
Sual: Şəbəkə marketinqi ilə məşğul olmaq caizdirmi? Səbəblərini də açıqlasanız çox gözəl olar. Təşəkkürlər!
Cavab: Bu mövzu ilə bağlı əvvəlcə Türkiyə Diyanət İşləri Başqanlığı Din İşləri Yüksək Qurulunun qərarını, daha sonra da Prof. Dr. H. Karamanın fikirlərini olduğu kimi tərcümə edərək qeyd etmək istəyirəm:
“Şəbəkə (network) marketinq” haqqında Diyanət İşləri Başqanlığı Din İşləri Yüksək Qurulunun izahı:
“Şəbəkə (network) marketinq” (internet vasitəsilə satış) kimi adlanan sistem müəyyən bir malın bir müştəri təfərindən satın alınaraq şirkətə “üzv” olması, hər bir üzvün zəncirvari yeni üzvlər tapması, beləliklə də, bir üzv/müştəri şəbəkəsini təşkil etməsi və hər bir üzvün/şəbəkədəki müştərilərin də öz növbəsində cəlb etdiyi üzvlərin ödədiyi üzvlük haqqının (satın aldığı mal müqabilində şirkətə ödədiyi pulun) müəyyən hissəsinə sahib olması əsasında fəaliyyət göstərir.
İlk baxışda şəbəkə marketinq sistemi əşyaların satılması üçün müştəri cəlb etmək məqsədilə göstərilən fəaliyyət kimi görünür. Lakin buna baxmayaraq, bu sistemə dəqiqliklə nəzər saldıqda, haqsız qazanca (əsassız varlanmaq) aparan bir sistem olduğu müşahidə olunur. Belə ki, bu sistem əsasında fəaliyyət göstərən bir şirkətin satışa qoyduğu hər hansı bir əşyanı satın alan bir şəxs bir qayda olaraq həmin əşyanı ehtiyacı olduğu üçün yox, sözügedən şirkətə üzv olmaq (onun müştərisi olmaq) və sonra da şirkətə cəlb edəcəyi yeni üzvlərin (müştərilərin) ödəyəcəklərindən müəyyən qədər pay almaq üçün satın alırlar. Beləliklə də o, həmin payı əldə edə bilmək üçün başqa üzvlər (müştəriləri) tapmalı, payının bir az da çoxalması üçün yeni üzvlər (müştərilər) başqa üzvlər (müştərilər) cəlb etməli və bu silsilə beləcə davam etməlidir.
Odur ki, şəbəkə marketinq sisteminin ümumi görünüşü hər hansı əşyanın satışı üçün müştəri cəlb etmək kimi olsa da, əslində, yeni üzvlərin (müştərilərin) ödədikləri nağd pul hovuzundan pay götürmək əsasına söykənir. Belə olan təqdirdə, bu kimi alış-veriş sadəcə olaraq şəklən alış-veriş hesab olunur və satın alınan əşya ehtiyacı qarşılamaqdan ziyadə ödənilən (köçürülən) nağd pulun ələ keçirilməsi kimi nəzərə çarpır. Nəticə etibarilə bu sistem yeni üzvlər/müştərilər cəlb etmək, pul qazanmaq həvəsindəki digər insanları müxtəlif yollarla razı salmaq və onlara ehtiyac duymadıqları malları satmaq mənasına gəlir.
Digər tərəfdən şəbəkə marketinq sistemi insanları həvəsləndirən vədlərə söykənərək fəaliyyət göstərdiyi üçün, satış və ya üzv olmaqla ortaya çıxan sürətli irəliləyiş və geriliklər qeyri-sabitlik meydana gətirir. Məhz bu kimi hallar iş həyatında mövcud olan normal riskdən fərqlənir və böyük təhlükələrə məruz qalmağa da həddindən artıq meyillidir. Bundan əlavə, üzvün/müştərinin cəlb etdiyi üzvdən alınan puldan pay götürməsi kimi görünsə də, şəbəkəyə daha sonra daxil olan digər üzvlərin ödədikləri pullardan da pay alması, onun aldığının bir vasitəçi kimi pay alan bir şəxs olmasına mane yaradır.
Sadəcə olaraq yeni üzvlər gətirmək əsasına dayanan bu sistem qeydə alınacaq yeni üzvlərin istismarına çox əlverişli bir xüsusiyyətə malikdir. Belə ki, yalnız şəbəkəyə ilk daxil olan müəyyən bir qrup qazana bilir, sonradan daxil olanların qazancları isə əsasən olduqca yüksək riskə məruz qalır.
Bu sistemə heç bir xələl gəlmədən fəaliyyət göstərməsi qeyri-mümkün olduğuna görə uzun müddət müştəri cəlb etmək fəaliyyətinin tıxandığı bir vaxtda üzv olmuş geniş kütlənin pulları sözügedən şirkət və onun yuxarı dərəcəli müştəriləri baxımından haqsız qazanca (əsassız varlanmağa) çevrilə bilər.
Prof. Dr. H. Karamanın fikirləri isə aşağıdakı kimidir:
(O, əvvəlcə “şəbəkə marketinq”in aşağıdakı şərtlərlə caiz olduğunu bildirmişdir)
1. Satılan malın halal olması
2. Ticarətə faiz və hiylə qarışdırılmaması
3. İsrafçılığı (lüks istehlakı) təşviq etməməsi
Odur ki, bu kimi alqı-satqı və buna vasitəçilik etmək caiz, vasitəçilikdən alınan pul da halaldır.
Ancaq daha sonra müxtəlif araşdırmalar nəticəsində yuxarıdakı şərtlərin gerçəkləşmədiyi qənaətinə gələrək, aşağıda qeyd olunan qərara gəlmişdir:
Bu ticarət şəbəkəsi 1) insanları pul qazanmaq vədi ilə alış-verişə təhrik edir (burada bir növ aldatma vardır), 2) Satılan əşyanı heç kəs ehtiyacı olduğu üçün almır, müştərinin sırf pul qazanmaq ehtimalı olmasa, heç vaxt almayacağı malları almaz, 3) şəbəkəyə üzv olanların əksəriyyəti israfçılıq sayılan artıq xərcləmələrə təşviq edir, 4) ölkəmizin pulunun ehtiyac olmadığı halda əcnəbilərə getməsinə səbəb olur.
Odur ki, yuxarıda sadalanan səbəblərə görə bu ticarətə üzv olmaq caiz deyil.
ŞƏRHLƏR