ÖMÜR TƏQVİMİNDƏN QOPARDIĞIMIZ SƏHİFƏLƏR

ÖMÜR TƏQVİMİNDƏN QOPARDIĞIMIZ SƏHİFƏLƏR

Qonaq olduğumuz dünya həyatında bizə imtahan üçün verilən bir ilin də sonuna gəldik.

Hamımızın bildiyi və gördüyü kimi hər il dekabr ayının son günlərində ticarət mərkəzlərində, marketlərdə, hətta küçələrdə yeni il münasibətilə xüsusi canfəşanlıq olur. Əhalinin sıx olduğu əksər yerlərdə şam ağacları bəzədilir. Bu günlərdə fürsətdən istifadə edib qazanc əldə etmək istəyən xeyli sayda ticarət mərkəzlərinin insanları alış-verişə cəlb etmək üçün istifadə etdikləri reklam lövhələri küçə və prospektlərə xüsusi bəzək verir. Təəssüflə qeyd etməliyəm ki, hər il şəhərimizdə bu mənzərə ilə qarşılaşan hər kəsin duyğu və düşüncə dünyasına eyni zamanda milli və mənəvi ruhuna zidd olan yad dəyərlər diqtə edilir. Mən bu yazımda “yeni il bayramı” adı ilə bizə diqtə edilənlərdən söhbət açmaq fikrində deyiləm. Sadəcə olaraq yazıya bu sözlərlə ona görə başladım ki, bu günlərdə yuxarıda qeyd etdiyim mənzərənin axınına qapılaraq bilərək və ya bilməyərək yeni ilin gəlişini xüsusi təmtəraqla qarşılayan insanlar görəsən, heç düşünürlərmi ki, bir ili digərinə dövr edərkən “yeni il bayramı” deyərək sevinmək lazımdır, yoxsa...

Təqvim insana zamanı xatırladan bir ölçüdür. Təqvimlər insana zamanın keçdiyini, ömrün axıb getdiyini və hər nəfəsin insanı məzara yaxınlaşdırdığını deyir. Əslində qoparılan hər təqvim səhifəsi insanın öz ömründən qopardığı bir gün deyilmi? Həm də əsla bir də geri qaytara bilmədiyi bir gün... Çünki heç bir insan ömründə iki dəfə eyni anı yaşaya bilməz.

Zaman uca Yaradanın insan övladına bəxş etdiyi bir nemətdir. Bəşər tarixi ilə başlayıb heç fasilə vermədən qiyamətə qədər də davam edəcəkdir. Çox qiymətlidir, ancaq təəssüf ki, qədrini bilən azdır. Abdullah ibni Abbasdan (r.a) rəvayət edildiyinə görə Peyğəmbər (s.əs) belə buyurmuşdur: “İki nemət var ki, insanların əksəriyyəti bu nemətlərin qədrini bilmə və onları lazımi ölçüdə istifadə etmə baxımından aldanmışlar: Səhhət və boş vaxt. İnsan övladı bu nemətlərin həmişə davam edəcəyini düşünür, lakin bir gün bunların qəfil əldən getdiyini gördükdə necə də yanıldığını anlayacaqdır. Onda isə artıq gec olacaq.” (Buxari, Riqaq 1, Tirmizi, Zöhd 1)

İnsan zamanı çox görüb heç diqqət etmir. Zamana diqqət etmədiyi üçün insan sabah peşman olacaqdır. Yaşadığı həyatının mühasibəsini etmədiyi üçün insan övladı bir gün elə “ah” çəkəcək ki, səsindən yıxılacaq. Allahın Qurani-Kərimdə bir çox yerdə fərqli zaman dilimlərinə and içməsi əslində insana bir xəbərdarlıqdır. Yəni ey insan övladı, bu zamana diqqət et deməkdir. Allah Rəsulu “Bəzən bir anlıq qəflət yaşayıram və buna görə axşama qədər istiğfar edirəm” deyirsə, ömrünü qəflətlə keçirən insan nə etməlidir? 

Əgər insanın ürəyində Allah inancı varsa, bir gün belə bir ömür qədər bərəkətlidir. Necə ki, Qədir gecəsində Quran nazil olduğu üçün həmin gecənin min aydan xeyirli olduğu bildirilir. Əksinə, ürəyində Allah inancı olmadan qəflətlə yaşanan bir ömrün isə bir gün qədər bərəkəti olmaz. Bu həqiqəti Quran belə xəbər verir: “(Allah qiyamət günü kafirlərə) belə buyuracaqdır: “Yer üzündə neçə il qaldınız?” Onlar: “Bir gün, bir gündən də az, hər halda, sayanlardan (insanların əməllərini sayan mələklərdən) soruş!” -deyə cavab verəcəklər.” (Muminun, 112-113)

Ömür təkcə zamanı ardarda düzmək deyil.  Allahı həyatımızın xaricində tutaraq gələcək xəyalları qurmayaq. İnsan həyatı hər fəsildə yamyaşıl olmaq və daim baharı yaşamaq deyil təbii ki...  Lakin hər qışdan sonra mütləq baharın gələcəyini ututmamaq lazımdır. Çünki unutmaq insanı nankorluğa, ümidsizliyə və eqoist olmağa aparır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz