İMAM ƏZƏM ƏBU HƏNİFƏ
Əsl adı Numan bin Sabit olan Əbu Hənifə hicri 80, miladi təqvimlə 699-cu ildə Kufədə doğulmuşdur.
Atasının adı Sabitdir. Xorasanın məşhur şəxslərindən birinin soyundan olan Numanın və ailəsinin Ərəb olmadığı dəqiqdir. Babasının İslam dinini qəbul etdikdən sonra Numanın atası Sabitin Hz. Əli ilə görüşdüyü rəvayət edilir. Hətta atasının Hz. Əlidən özü, övladları və soyundan gələnlər üçün dua aldığı deyilir.
Künyəsi Əbu Hənifədir. Bu ləqəbin ona İslama tam könül vermiş abid bir kimsə olması və ya İraqlılar arasında “Hənifə” adlı bir lələk qələm və ya mürəkkəb qabının daim yanında gəzdirməsi səbəbilə verildiyi nəql edilir.
Əbu Hənifə Kufədə böyüdü. Yeniyetmə ikən parça ticarətilə məşğul oldu. Bu ticarət onu elm öyrənməkdən uzaqlaşdırmadı. Əbu Hənifə bir çox elm məclislərində iştirak etmiş və dövrün dəyərli alimlərindən elm öyrənmişdir. O, uzun müddət Hammad bin Əbi Süleymandan dərs almışdır. Xocası Hammadın dərslərinə davam ettiyi vaxtlarda tez-tez Hicaza gedib Məkkə və Mədinədə əksəriyyəti tabeindən olan alimlərlə görüşür, onlardan hədis rəvayəti dinləyir və fiqhi müzakirələr aparardı. Əhli-Beytdən Zeyd bin Əlidən, Muhamməd əl-Baqirdən elm öyrəndi. İmam Əzəm Əbu Hənifənin elmi xocası vasitəsiylə dörd böyük səhabəyə əsaslanır. Belə ki, Hz. Əlidən və Abdullah bin Məsuddan elm öyrənən Məsruq ibnul-Əcda (Ö. 63), Əlqamə bin Qays (Ö. 62) və Şureyhdən (Ö. 80) Şabi və İbrahim ən-Nəxəi (Ö. 96) dərs almışlar. Onlardan da Hammad bin Əbi Süleyman vasitəsilə Əbu Hənifə elm öyrənmişdir. Bundan başqa, Əbu Hənifə Abdullah ibn Abbasın köləsi İkrimə və Abdullah ibn Ömərin azad etdiyi köləsi Nafi vasitəsilə yuxarıda adları qeyd edilən səhabələrin elmlərindən istifadə etmiş, Məkkə fatehi Ata ibn Əbi Rəbahdan (Ö. 114) da uzun müddət dərs öyrənmişdir.
Təsəvvüfla bağlı bilikləri Muhamməd əl-Baqir, ondan sonra da Cəfər Sadiqdən öyrənmişdir. Xeyli sayda hədisi-şərif əzbərləyən Əbu Hənifə böyük bir hakim və mütəfəkkir olaraq yaşadı. Son dərəcə üstün zəkası və hər kəsi heyran edən elmi vardı. Kufənin müftisi olan xocası Hammad vəfat etdikdən sonra onun yerinə Əbu Hənifə keçdi. Əbu Hənifə zöhd və təqvası ilə, üstün zəkasıyla özünü ətrafındakılara qəbul etdirdi. Qısa zamanda şöhrəti ətrafa yayıldı, məclisdə ən geniş elm halqasına sahib oldu.
İmam Əzəmin tədris fəaliyətində diqqət etdiyi ən mühüm xüsuslardan biri də tələbələri ilə məşvərət etməsiydi. Bir gün Əbu Hənifə Əbu Yusifə xitabən: “Ey Yaqub, vay halına! Məndən hər eşitdiyini yazma. Mən bu gün belə düşünürəm. Sabah o fikrimdən dönə bilərəm. Sabahkı görüşümü ondan sonrası gün dəyişə bilərəm”, -deyərək tələbələrini sərbəst mühakimə yürütməyə sövq etmiş ve uzaq görən bir alim olduğunu göstərmişdir.
İmam Əzəmə görə fiqh insanın özünün xeyrinə və əleyhinə olan şeyləri bilməsidir. Əbu Hənifəyə görə şəri dəlillər (şəriət qanunları) Quran, sünnə, ümmətin icması və fəqihlərin qiyas etməsidir. O, hər hansı bir fiqh mövzusunun işlənməsi, fitvasının təqrir edilməsi və ya cavabı tapmaq üzrə sıra ilə bu dört mənbəyə müraciət edirdi. Lakin öz görüşlərinin ən doğru və dəyişməz olmadığını da xüsusilə vurğulayırdı. O, belə deyirdi: “Bu, bizim deyəbildiyimiz ən gözəl sözdür. Kim bizim sözümüzdən daha doğru bir söz deyərsə, o söz həqiqətə bizimkindən daha yaxındır.” Bir gün ondan “Sənin bu verdiyin fitvalar doğru olmasında heç şübhə olmayan həqiqətlərdir?” -deyə soruşulduqda o: “Bilmirəm, bəlkə də yanlışlığında heç şübhə olmayan yanlışlardır”, -şəklində cavab vermişdir.
Əbu Hənifənin dərslərində həllini tapan fiqhi məsələlərin sayının altı yüz mindən çox olduğu rəvayət edilir. Tələbələrinin sayı dörd minə çatmışdır. Onlardan yeddi yüz otuzu elmdə xeyli məsafə qət etmiş, aralarından qırxa yaxını ictihad dərəcəsinə yüksəlmişdir.
İmam Əzəm Hz. Peyğəmbərin sünnəsini əsas almış və hədislərə zidd hər hansı bir fitva verməmişdir. Rəvayətlərə görə bir məsələdə ona hədisə müxalifət etdiyi bildirildikdə, o özünün dəlil göstərdiyi hədisi zikr edərək: “Allah Rəsuluna müxalifət edəne lənət etsin. Allah onunla bizə ikram etdi, bizi onunla xilas etdi”, -demişdir. İmam Əzəm Əbu Hənifə Quran və sünnədən sonra səhabələrin sözlərini əsas götürdüyünü deyirdi.
Əbu Hənifə elmlə məşğul ikən də ticari işlərini tərk etmədi. Bir çox insanlar onun ticari həyatını Əbu Bəkrin həyatına bənzədirdilər. Bir gün bir qadın satmaq üçün ona ipək paltar getirmişdi. O, patların qiymətini soruşdu. Qadın yüz dirhəm olduğunu dedi. Əbu Hənifə patların həqiqi dəyərinin yüz dirhəmdən artıq olduğunu dedi. Qadın qiyməti yüz dirhəm artırdı. Əbu Hənifə yenə də ucuz olduğunu dedi. Qadın dörd yüz dirhəmə satmaq istədiyini dedi. Əbu Hənifə dörd yüzdən də artıq qiyməti olar, dedikdə qadın: “Məni ələ salırsan?”, -dedi. Əbu Hənifə isə: “Nə ələ salması, bir nəfər çağırın patlara qiymət qoysun”, -dedi. Bir nəfər çağırdılar və o şəxs patlara qiymət qoydu. Nəhayət Əbu Hənifə həmin paltarı beş yüz dirhəmə satın aldı. Bu hadisə o dövrdən bəri xalq arasında yayılaraq gəldi və bu gün də ticarətdə dürüst olmağa dair bir zərbi-məsəl olaraq danışılır.
ŞƏRHLƏR