BİR MƏZAR DAŞI

BİR MƏZAR DAŞI

Hər kəs və hər şey sonu ölüm olan bir yolun yolçusudur…

Ayaq saxlayın, ey insanlar!

Bir anlıq qulaq asın… Dilim, dodağım yoxdur, amma məzar daşım məlalımı anlatsın sizə…

Necə də sürətlə keçirsiniz yanımdan. Olmaya ölülərdən, içinə girəcəyiniz məzarlardan qorxursunuz? Bu mənzərə hürküdürmü sizi?

Siz, ey insanlar!

Siz bizdən deyil, özünüzdən qorxursunuz. Ölüdən deyil, ölümdən hürkürsünüz.

Aldatmayın özünüzü. İstərsəniz tələsin, bəlkə də qədərinizdən qurtularsınız – o sizin qədəriniz. Tələsin, əcəliniz gedəcəyiniz yerdə sizi gözləyir. Atdığınız hər addım sizi ona yaxınlaşdırır.

Siz, ey insanlar!

Ürək döyüntülərinin doğuşla başlayan ölüm bəstəsinin zümzüməsi olduğunu bilirdinizmi? Eynilə günəşin doğub-batması, yaxud da çiçəyin açılıb-solması kimi insan da açılıb-solmağa məhkumdur. Zamanı saxlaya bilməzsiniz və hər saniyə ömrünüzdən bir parça qoparar. Verdiyiniz hər nəfəslə ömür sərmayəniz daha da azalar. Və insan bu gün ayaq basdığı toprağın altında sabah özünü görər.

Siz, ey insanlar!

Bu həyatın bir gün bitəcəyini düşünmürsünüz. Başınızın üstündəki Əzrayılın nəfəsini hiss etmirsiniz… Zaman ölümlə nəfəs alır… Ölüm… O üfüqün arxasındakı bir qarışqadır, elə deyilmi? Heyhat! Qədəriniz, bəlkə də kədəriniz olan o qarışqa bir Əbabil quşunun ayaqlarında işıqdan daha sürətli gəlib yaxalayar sizi…

Siz, ey insanlar!

Üzərində gəzdiyiniz bu yerlər torpaq deyil, sizdən əvvəl yaşayanların kilimə çevrilmiş fani alınlarıdır. Ayaq basdığınız bu qara torpaq əslində keçmişdə yaşayanların yanaqları və dodaqlarıdır.

Neçə-neçə alimi, cahili, soltanı, köləni toprağın altında yan-yana qoydular… O da böyük iştahla hamısına qucaq açdı… Torpağın altında bədənlər çürüdükdə kölə ilə soltan bir-birinə qarışdı.

Yoxlasınlar qafatasını məzarda hər ölənin

Fərqi varmı görəlim, hökmdarla kölənin…

Hər yeni gün keçmiş bir dün oldu. Evlər bəlirsiz, içindəkilər həp məchula qoyuldu. Bu dünya kimsəyə yar olmadı, gələnlər getdi, gedənlər geri dönmədi. Neçə-neçə analar balalarını, neçə-neçə balalar analarını tərk etdi. Gözəl əzalar yavaş-yavaş dağıldı, zərif bədənlər toprağa qarışdı. Torpaq özünə təslim edilən cəsədi elə yedi ki…

Yalançı dünyaya qonub köçənlər

Nə söylərlər, nə bir xəbər verərlər.

Üzərində dürlü otlar bitənlər

Nə söylərlər, nə bir xəbər verərlər.

Yunus der ki, gör təqdirin işləri

Tökülmüşdür kirpikləri, qaşları

Başları ucunda heca daşları

Nə söylərlər, nə bir xəbər verərlər.

Açılan çiçək soldu, solan çiçək torpaq oldu. Onu sevənlər, onu qoxulayanlar başqa çiçəklərə qondu… O böyük hakimiyyətinə rəğmən heç bir çiçəyin solmasına əngəl olmadı Sultan Süleymanın səltənəti. Aləmdə boy atan heç bir sərv ağacı əcəl baltasından qurtula bilmədi. Bu dünyaya necə yenilməz bahadırlar və igidlər gəldi, amma hamısı acı ölümün gücünə ram oldu. Ancaq aşiqlər və şəhidlər torpağın qara gözlərinə sürmə kimi çəkildi.

Siz, ey insanlar!

Unudursunuz bütün bunları. Günəş başınızın üstündə, günorta vaxtı gözünüzü yumsanız nə fərq edər. Siz ayaq basdığınız yeri görməzkən, aləm görür etdiklərinizi… Olsun. Siz yenə də düşünməyin və dəvəquşu kimi başınızı quma soxun, unudun bütün bunları…  Elə deyilmi?

Doğru! İpək paltarlar varkən kim düşünər yaxasız köynək geyməyi… Lüks maşınlar gözləyərkən kim istəyər tabuta minməyi… Evlər, köşklər varkən kim istəyər məzara girməyi…

Siz, ey insanlar! Qulaq asın!

Bilirəm, sevdiyindən ayrılmaq insana ağırdır. Üstəlik ondan uzaqdırsa, həsrətindən iliklərinə qədər əriyər. Ona qovuşmaq üçün bəzən canını da verər.

Məna əbədidir, maddə isə yoxluğa məhkum… Qəlbini maddəyə qapdıranlar onunla birlikdə yox olmaqdan xilas ola bilməzlər. Bu dünyanı özlərinə yar bilənlər ondan ayrılmaq istəməzlər. Halbuki ölüm onları sevgililərindən zorla ayırır. Və sevdikləri üzü üstə buraxıb, gözlərinə doldurur qara torpağı.

Məna əbədidir. Allah qullarını çağırır “Mənə sarı gəlin”, -deyə. Bəzilərinin bu çağırışa nə üçün qulağını tutduğunu, ən gözəl həqiqətə təslim olmadığını anlamıram. Lakin bu çırpınmalar bir gün sona çatacaq. Kimi sevmədiyi, kimi də sevdiyi halda aqibətə təslim olacaq.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz