Qardaşlıq ruhu
Quranda bildirilən hökmə görə bütün möminlər qardaşdır.
Onlar eyni yolla gedən, eyni kitaba tabe olan, eyni hədəfə yönələn, eyni duyğuları daşıyan insanlardır. Bu bərabərlik duyğusu möminlərin aralarında böyük bir sevgi və həmrəyliyə səbəb olur.
Allah-Təala Ali-İmran surəsində belə buyurur:
“Hamınız bir yerdə Allahın ipindən (Qurandan) yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” (Ali-İmran, 103).
Möminlər gözəl əxlaqlı, təvazökar, sevgi və ehtiramla dolu insanlardır. Bu səbəbdən də həmrəylik möminlər arasında təbii bir şəkildə baş verir. Ancaq bu mövzuda yenə diqqət yetirilməsi lazım gələn cəhətlər vardır. Çünki möminlərin edə biləcəkləri müxtəlif səhvlər bu həmrəyliyin zədələnməsinə və onlar arasında soyuqluq yaranmasına səbəb ola bilər.
Məhz bu səbəbdən Quranda möminlər qardaşlıq məsələsində son dərəcə diqqətli olmaları üçün xəbərdar edilmişlər.
“Bəndələrimə de: “Gözəl sözlər söyləsinlər. Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!” (əl-İsra, 53)
Ayədə bildirilən əmr həmrəyliyin təşkil edilməsi baxımından son dərəcə önəmlidir. Birincisi, möminlərin bir-birlərinə qarşı olan ən gözəl xitab şəklini işlətmələri əmr edilmişdir. İkincisi, şeytanın bir xüsusiyyəti qeyd edilmişdir: Şeytan insanların və xüsusilə də möminlərin arasını vurmaq üçün çalışmaqdadır.
Şeytanın və nəfsin möminlərin arasındakı həmrəyliyi pozmaq üçün ən çox istifadə etdiyi yollardan biri isə rəqabət hissidir. Əgər mömin qəflət halında olarsa, məqam, mövqe kimi məsələlərdə rəqabət hissinə qapılıb qardaşlarını keçməyə, özünü onlardan ön plana çıxarmağa çalışa bilər. Eyni şəkildə özündən ön planda olan qardaşına qarşı qısqanclıq hiss edə bilər. Əslində bu hərəkət həqiqətdə Allaha qarşı üsyan xarakteri daşıyır. Çünki “Yoxsa onlar Allahın Öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar?” (ən-Nisa, 54) ayəsinə görə insanlara verilmiş olan nemətlər Allahdandır və bunları qısqanmaq Allahın yazdığı qədərə qarşı çıxmaq deməkdir. Bu səbəbdən möminlərin qısqanclıq kimi bir davranışdan qəti olaraq uzaq durmaları vacibdir. Əgər belə bir davranış ortaya çıxarsa, bu, Allahın rizasına zidd bir hərəkətdir.
Bu səbəbdən mömin qəti olaraq qardaşları ilə arasında bir mübahisə və rəqabətin yaranmasına əngəl olmalıdır. Təvazökar, sadə olmaq rəqabət təhlükəsini aradan qaldırar.
Quranda bu mövzuda verilən başqa bir dərs isə qardaşlarının nəfsini öz nəfsindən üstün tutmaq, yəni hər vəziyyətdə fədakar davranmaq və bundan zövq almaqdır. Quranda bu düşüncə belə bildirilir:
“Onlardan əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır!” (əl-Həşr, 9).
Möminlər iman birliyinin bir insan vücudu kimi olduğunu, hər orqanın bir başqasının yardımçısı və dəstəkçisi olduğunu unutmaz və qardaşlarının uğurunu öz uğuru kimi qəbul edərlər. Bu, son dərəcə əhəmiyyətlidir. Quranda möminlərin arasındakı həmrəylik ilə bağlı xeyli ayə və nəsihətlər var. Bir ayədə möminlərin digər möminlərlə həmrəyliklərini oxuduqları bir dua belə bildirilir:
“Onlardan sonra gələnlər belə deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” (əl-Həşr, 10).
Möminlər arasında baş verən mübahisə və küskünlük halları hər kəsə zərər verər. Ümumiyyətlə iman gətirənlər belə bir hərəkətə yol verməzlər. Həmçinin Quran ayəsində möminlərin bir-birlərinin himayəçiləri (dost və qoruyucuları) olmadıqları halda fitnə yaranacağı xəbər verilmişdir: “Kafirlər də bir-birinin dostlarıdır. Əgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar” (əl-Ənfal, 73).
Həmçinin Quranda həmrəyliklə bağlı açıq hökmlər vardır: “Açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar” (Ali-İmran, 105).
“Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allahın və Peyğəmbərinindir. Buna görə də əgər möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin!” (əl-Ənfal, 1).
“Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Allah sonra onlara nə etdiklərini xəbər verəcəkdir!” (əl-Ənam, 159).
Möminlər başqa möminlərə qarşı son dərəcə mərhəmətli və sadə olmağa borcludurlar. Bunun əksi olan bir davranış qətiyyən Qurana uyğun deyil. Təkəbbür, qısqanclıq, küsmək, pis söz söyləmək, mübahisə möminlərə deyil, inkarçılara xas olan xüsusiyyətdir. Bu səbəbdən nəfsi üzündən belə bir rəzilliyyə uğramış olan mömin özünü toplamalı, Allaha sığınmalı və həqiqi möminlərə xas davranış sərgiləyərək xətasını düzəltməlidir.
“Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir!” (əl-Ənfal, 46).
ŞƏRHLƏR