SEVMƏDİYİMİZ QALMADI! - Sahib Əhmədli

SEVMƏDİYİMİZ QALMADI! - Sahib Əhmədli

Sevmədiyimiz kimsə qalmadı...

 Hər kəsi sevdik. Ananı-atanı sevdik, ailəmizi sevdik, dostlarımızı, əqrəbalarımızı sevdik… Varlıqların içərisindən bir Leyla seçdik; Onu sevdik..

Bəlkə Leylanı, ailəmizi deyil də, onlardakı (mənəvi) mənfəətimizi sevdik. Yəni ki, ən əvvəl özümüzü sevdik...
 Sevdik… Sevgi gözəldir. Sevgi nurdur. Sevmək həyatın göstəricisidir.
 Bəs Sevgini bizim qəlbimizə yerləşdirən, sevgini və sevdiklərimizi Yaradanı – Allahı necə, sevdik mi? Onun ismindən, həmişə söz arası bəhs etdik. Başımız sıxıldıqda Allahdan söhbət açdıq. Həm də şikayətlə (!) “Axı O niyə belə etdi?!” ...
Yoxsa Allahı unutduq mu? Xeyr! Heç Allahı tanıyırdıqmı ki?!
 “Allaha canım qurban... Ona inanmayan kafirdir...” və s. kimi quru-quru kəlmələr işlətmək Allahı tanımaq, Allahı xatırlamaqdırmı?!
Özümüzdən bir dünya qurduq. Və bu dünyamızda Allaha yalnız “quru bir söz” olaraq yer verdik! Dünyamızda Ona haqq tanımadıq. 
Gördüyümüz her gözəlliyə heyran kəsildik, alqış tutduq! Ancaq bu gözəl sənət əsərlərinin Sənətkarını tanımadıq. Heç maraq etmədik. Sənəti təqdir etdik, ancaq Sənətkarını unutduq! Halbuki sənət sənətkarını tanıtdırmaq üçün var.
 Həyat Ondan (c.c) gəldiyi, həyatımız Onun həyatının bir təcəllisi, bir şüası, cüzi bir əksi olduğu halda, Onun həyatına şübhə etdik. Ən azı, diri bildiyimiz insanlar qədər diri bilmədik Onu (c.c)...
 Bilmədik! Tanımadıq! Tanımaq istəmədik...
O (c.c) kainatı – hər zərrəsiylə dilləndirərək, Özünü anlatdığı, Özünü tanıtdırdığı halda, Onu tanımaq istəmədik... Qaldı ki, sevək!..
Özümüzü özümüzə sahib zənn etdik! Hətta o qədər ki, özbaşına zənn etdiyimiz özümüzü öz dünyamızda bir ilah elan etdik! Firona rişxənd etdik: “Özünü Allah hesab edirmiş, cahil…” Halbuki biz də öz dünyamızda özümüzü tanrı zənn edirdik... “Mənim həyatım!” deyirdik..
 Öz kefimizi, öz həvəsimizi, əz mənfəətimizi öz dünyamızın yeganə qanunu hesab edirdik!
 Öz həyatımızı öz uydurduğumuz prinsiplərlə tənzim edirdik...
Qurandan xəbərimiz olmadı! Quranı yas mərasimlərində, dəfn edilən hər hansı bir ölünün ruhuna oxunan bir moizə hesab etdik. Quranı ölülərə aid etdik! Kainatın mənəvi tərcüməsi olan, elm və hikmət mənbəyi bir kitaba “Qəbiristanlıq kitabı” dedik. Həqiqətin özünü təşkil edən – Qurana, onun həqiqətlərinə utopiya dedik. “Nə varsa, burda var. Axirət bir xülyadır. İnsanın özünü təskin etmək üçün uydurduğu bir xəyal…” dedik.
 Qurana qəbiristanlıq və ölü kitabı dedik, deməsək belə, o mövqeyə endirdik! Və bəlkə də elə buna görə qəbirlərdən daha aciz, ölülərdən daha ölü vəziyyətə giriftar olduq! 
Bütün ömrümüzü, öz səsimizə qulaq verməklə keçirdik. Nəfsimiz bizə “Səni səndən ziyadə, səndən artıq kimsə düşünə və sevə bilməz!” deyə fısıldayırdı. Biz isə onu təsdiq edirdik.. 
 Halbuki bizi -  Onu layiqincə tanımayaraq, sevmədiyimiz halda –  bizdən çox tanıyaraq, bizdən çox sevən və düşünən Biri var...
 Bəlkə də hər kəsin sözünü, söhbətini maraq etdik. Telefonlarımıza gələn hər mesajı səbirsizliklə  oxuduq.. “Kim yazıb? Nə yazıb? Niyə yazıb?” Ancaq nə var ki, Allah tərəfindən gəldiyi sübut olunmuş bir kitaba maraq salmadıq. Orada nə deyildiyi, Rəbbimizin bizim üçün nələr yazdığı heç ağlımıza da gəlmədi. Bizdən nə istədiyinə əhəmiyyət vermədik, laqeyd qaldıq..
Yaradılmış, aciz və ölümlü olduğumuz halda bizi diriltməsinə şiddətlə möhtac olduğumuz Uca Allaha (c.c) və Onun kəlamına, Onun söhbətinə niyə belə laqeyd qaldıq ki?! 
Yoxsa biz Allaha iman etməmişikmi?! Xeyr! Məgər (həqiqətini duyaraq) Allaha inanırıqmı?
 Və… Bir gün adını, ən son 7-ci sinif “Orta Əsrlər Tarixi” kitabında oxuduğumuz, Peyğəmbərimizi (s.a.v) təhqir mahiyyətində bir film (!) çəkdilər (!) Kükrədik, coşduq.. Qeyrət damarımız oyandı: “ Kafirlər!”...
  Ancaq unutduq ki, Biz Peyğəmbərimizi və Onun vasitəsiylə bəşəriyyətə təqdim edilən ilahi mesajları qulaqardı etməyimizlə bəlkə də o kafir topluluğundan ziyadə laqeyd qaldıq son Elçiyə... 
Sahib çıxmadığımız dəyərlərimizə, hücum etmişdilər... Sahib çıxmadığımız Kitabımıza, Peyğəmbərimizə dil uzatmışdılar...
Olmaya, bu işdə bizim də xətamız var?!
PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz