Sözün Sükut Libasina Büründüyü An...

Sözün Sükut Libasina Büründüyü An...

 Ağır və səssiz adımlarla addımlayırdı bir gurp inanmış insan.

 Şəhrin bütün laqeyidliyini vecinə almadan.

 Çiyinlərində Azərbaycan-Türk bayrağına bükülmüş bir vəfakar dost ilə.

 Addımlayırdılar…

 Bir çinarın yıxılması ilə yıxılan bədənləri ilə.

 Addımlayırdılar.

 Çiyinlərində yüz illik bir tarixin ağırlığı altında göz bulaqlarını iç aləmlərinə axıda axıda

 Addımlayırdılar…

 Ürəklərində ince bir sızı və dodaqlarında ''inna lilləhi və inna ileyhi raciun'' kəlami-şərifi ilə…

 ''Bu tabuta mənim də əlim dəysin. Mən də toxunum qoca çinarın son yolçuluğuna. Bir neçə adım da olsa tabutu çiyinimdə daşımaq onunla sağlığında görüşmədiyimin yerini doldurar bəlkə'' düşüncəsi ilə…

 Ölümün soyuq üzü bu gün çox utancqadı niyə görəsə.

 Qoca çinarın bədənində ilıq bir təbəssümə bürünən ölüm nadir hallarda bu qədər sevimli ola bilərdi.

 Elə bil ki, söz tükənmişdi… Bəli , tam elə idi: söz tükənmişdi. Söz sükut libasında idi bu dəmdə.

 Şəhidlər xiyabanındakı məscidin eşiyində bir-birini tanımayan nəzərlər bir-birinə tanış şəfqətiylə baxdı

 Və hamı nə məqsədlə buraya toplaşdığını bilirmişcəsinə sözə orta yerindən başlayırdı.  Girişi olmayan cümlələrlə... Mübtədası qoca çinar: Novruz baba.

 Hiss edərək, yaşayaraq və ölümdəki o ilıq təbəssümü görərək danışırdılar.

 Və belə bir cənazə namazını qıla bilməyin verdiyi mənəvi həzzlə səssiz və gizli bir sevinc içərisindəydi hamı.

 Bu barmaqlar, bu yazını nə bir səhifəni işğal etsin diyə yazdı… Nə də kiminsə vaxtını  almaq üçün yazdı. Çünki bu qoca çinarı bir necə sətirdə yazmaq çox ağır gələrdi bu qələmə və əllərə.

 Siz də bu sətirləri ruhsuz bir şəhrə ruh üfürən bir dəyərin aramızdan ayrılığinin qısa da olasa təəssüratını hiss etmək üçün oxuyun.

 Son dəfə gəldi şəhidlər məscidinin önünə ve oradan Xəzər dənizinə hayqırırcasına baxdı. Illər boyu Rus mədəni istilasına uğramış bu şəhərlə yaşlı gözləri ilə görüşdü.

 Gözlərini ruhu itən şəhərin gözlərinə möhürlərdi. Gözlərində həsrətin çəkdiyi Istanbulu itirdi.

 Mən gedirəm deyirdi.

 Mən, ürəyimdə ana vətənimin həsrət atəşini söndürəmədən gedirəm.

 Doğru.

 Qoca çinar keçən il ana vətəninə getmiş doxsan ildən bəri xəyalı ilə yaşadığı Istanbulu görmüşdü.

 Əlbəttə  bir neçə günlük  ziyaret doxsan ildən bəri cayır-cayır yanan ürəyinin atəşini söndürməyə yetməzdi.

 Gedirdi.

 Ancaq dodaqlarındakı tərənnüm ta uzaqlara idi.

 1905-ci ildə atasının cihad üçün gəldiyi bu şəhərdən çox uzaqlara, Istanbula, Anadoluya idi.

 Sanki bir ara tabutdan ağsaqqalı ilə başını qaldırıb dahi Akifin dərin hissiyyatlarla yazdığı bu misraları hayqırırdı yanındakı sevenlərinə:

 ''Canı, cananı, bütün varımı alsın da xuda,

 Etməsin tək vətənimdən məni dünyada cüda.''

 Xuda onu vətənindən cüda etmişdi.

 Qədərü-qəza idi bəlkə.

 Uşaq  yaşda Osmanlı ordusunun əskəri olan atası ilə Bakıya gəlmişdi Namı-məşhur Novruz baba.

Indi baba olmuşdu. Amma o, hələ 9 yaşında ürəyi pır-pır edən bir göyərçin həssaslığında ikən ilk ayrılığı yaşamışdı, atasınıdan yana.

O vaxtlar Azərbaycanın müxtəlif bölgələrində baş göstərən Ermənilərlə döyüşlərdə iştirak edən atasını Lənkərandakı bir uşaq evində gözləmişdi atasını, düz iki il. Əsl adı Əhməd idi. Əhməd adı çox tanış, çox mehriban bir addır bizə. Əhməd ''Muhəmmədi'' xatırladırdı. ''Muhəmmədin'' nəyi xatırlatdığını gəlin siz təxəyyül edin.

 Atası qardaş Azərbaycanlılarla çiyin-çiyinə Ermənilərlə döyüşərkən kiçik Əhməd həyatın ona təqdim etdiyi çətinliklərlə yaşamağa başlamışdı artıq o illərdə.

 Əzab-əziyyət o illərdə başlamışdı.

 Və bu əzabkeş həyat ta Şəhidlər məscidinin eşiyinə üç-beş inanmışın çiyinlərində gələn qədər davam etdi.

 Həyat boyu hekayələrə mövzu olacaq qədər macaralı keşmə-keşlərdən keçən Novruz baba düz  doxsan il Türkiyənin həsrətini çəkdi. Keçən il,   Azərbaycanda 1994-cü ildən bəri fəaliyyət göstərən Gəncliyə Yardım Fondunun da iştirak etdiyi bir organizasya çərçivəsində Türkiyənin Deniz Feneri onu Türkiyəyə gətirmişdi. Bütün televizya kanallarında ilk xəbər olmuşdu Novruz babanın Anadolu həsrəti. Illərdən bəri göz bulaqlarında saxladığı əziz damlaları doxsan ilin sonunda Anadolu həsrətini yanğısını sondürmək üçün elə Anadolu torpaqlarına axıtdı.

 Ağsaqqalı ilə məğrur bir ədası vardı Novruz babanın. Sük?tu ilə bu qədər şeylərdən bəhs edən bir tarix şahidi bizə sözlərlə nələr danışmazdı ki. Bakıda yaşayan hər Türk Nuri paşanın xətrinə hörmət görər bir az da. Hökmən hər Türk bir Azərbaycanlıdan Nuri Paşa adını duymuşdur. Çünki ən ağır zamanlarında yetişmiş imdada Nuri Paşa və Osmanlı ordusu. Və onlardan yadigar qalan ən qiymətli bir hədiyyə də Novruz baba idi.

 Novruz babanın həyat hekayətindən bizə düşən ən mühüm pay; onun vətən həsrətinin nə dərəcədə ürək yandıran olduğu və vətən torpaqlarının hər şeydən əziz olduğudur.

 Novruz baba indi həyata vida edib rəhməti-rəhmana qovuşdu. Arxasında qalan bizlərsə hafizələrində bir cəfakeş Novruz baba, vətən həsrətinin yaxıb qovurduğu bir çinar xəyalı ilə onun arxasından rəhmət tərənnümləri oxuyuruq.

 

Allah rəhmətiylə onu məğfirət eyləsin !

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz