İslam Dini Günahlardan İbarətdirmi ?

İslam Dini Günahlardan İbarətdirmi ?

Son dövrdə xalqımızın İslam dininə marağı get-gedə artır. Hər kəs müəyyən yollarla Islam dinini öyrənməyə və öyrəndiklərinə əməl etməyə çalışır.

 Xüsusilə də Islam dini ilə yeni tanış olan və onun gözəl iqlimini tənəffüs etməyə başlayan insanlar daha çox öyrənməyə çalışırlar. Lakin zehinləri məşğul edən suallara cavab tapmaq bəzən olduqca çətin olur. Soruşulan suala bəzən müxtəlif cavablar alır, bəzən də "belə etsən savabdır, əksini etsən günahdır" şəklində qısa cavab alırsan. Belə olan halda insanların əksəriyyəti özlərini maraqlandıran suallara nə vaxtsa cavab tapmaq ümidiylə yaşayırlar. Sualların cavabsız qalmasının iki əsas səbəbinin olduğuna inanıram. Bunlardan birincisi, sulların mütəxəssislərə, yəni ilahiyyatçılara soruşulmaması, ikincisi isə sual soruşmaq üçün ətrafında ilahiyyatçının olmamasıdır.

 

Hər nə qədər maraqlı olsa da beyinləri məşğul edən və son zamanlarda tez-tez soruşulan bir sualın cavabını işıqlandırmaq istəyirəm. Sual belədir: "Islam dini günahlardan ibarət bir dindirmi?" Sualı cavablandırmadan əvvəl sualın soruşulmasının əsas iki səbəbini izah etmək istərdim. Birinci səbəb, Islam dininin düzgün təbliğ edilməməsidir. Yetmiş illik Islamdan uzaq qaldığımız dövrdə, təəssüflənərək qeyd etmək istəyirəm ki, bizə qalan miras "bunu etmə və ya belə etmə, günahdır" ifadəsidir. Ikincisi isə, özlərini xilaskar, mərhəmət və sevgi mənbəyi, bəşəriyyətin səadəti üçün yola çıxmış insanlar kimi göstərən missionerlərin "Islam dini günahlar, cəzalar və azadlıqlardan məhrumiyyət dinidir."- şüarları ilə insanları çaş-baş salmalarıdır. Bu, Islam dini ilə yeni tanış olmağa başlayan və bir çox suala cavab axtaran, həmçinin Islam dini haqqında cüzi və ya heç məlumatı olmayan insanları başqa istiqamətə çəkmək üçün ortaya atılan şüar və vəsvəsələrdir.

 

Allah-Təala, uca kitabımız Qurani-Kərimdə buyurur: "Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır."  Ayədən aydın olur ki, dünyaya gəlməyimizin əsas məqsədi Allah qarşısında imtahan verməkdir. Yaşadığımız müddət ərzində etdiymiz hər bir əməl axirətdə qarşımıza çıxacaqdır. "Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)." - ayələri aldığımız nəfəsin, atdığımız addımın, üzümüzdəki təbəssümün və s. qarşılığını axirətdə görəcəyimizi bildirir.

 

Yuxarıda sadalanan ayələr mövzuya belə işıq tutur: edilən bir əməl ya sağ dəftərə (savaba) ya da sol dəftərə (günaha) yazılar. Bunun üçüncü bir varyantı yoxdur. Allaha iman gətirən hər kəs niyyətində ixlaslı olduğu müddətcə xeyir üzərindədir. "Əməllər niyyətlərə görədir. Hər kəs üçün niyyət etdiyi şeyin əvəzi vardır." - hədisi-şərifi niyyətin, ixlaslı və səmimi olduqca sahibini cənnətə apara biləcəyini göstərir. Gəlin indi günlük işlərimizi dəyərləndirək; ana səhər tezdən yatağından qalxıb övladları üçün sabah yeməyi hazırlayıb sonra onları məktəbə yola salar və ev işlərini görərsə, etdiyi hər bir iş onun üçün savab olaraq yazılar. Ata səhər evdən çıxıb ruzi qazanmaq arxasınca gedərsə, evinə qayıdanadək savab qazanar. Həyat yoldaşı və ailəsi üçün xərclədiyi hər şey onun üçün sədəqə olar və hər iki dünyada mükafatını alar. Uşaqlar dərslərinə gədər, dərsi diqqətlə öyrənər, böyüklərə, ələxsus valideynlərinə qarşı gözəl davranarlarsa etdikləri hər bir iş üçün savab qazanarlar. Allah-Təala, "Mən cinləri və insanları ancaq Mənə ibadət və itaət etsinlər deyə yaratdım." - buyurur. Deməli gördüyümüz hər  işi çalışıb sırf Allah rizası üçün görməliyik. Allah rizası üçün bir-birimizi sevməli, bir-birimizə kömək etməliyik. Etdiyimiz hər işi "bu işi mən Allah rizası üçün edirəm" şüuruyla etməliyik. Bu zaman həm etdiyimiz işdən zövq alarıq, həm də savabını yalnız Allahdan gözləyərik. Bəzən insanlar etdikləri yaxşılıqlar müqabilində təşəkkür görmədikləri üçün məyus olurlar. Ancaq, altmış günlük ömründə əlli qram bal verən bal arısı kimi olmaq lazımdır. Bal arısı bu qısa ömrü ərzində Allahın əmrinə boyun əyərək öz vəzifəsini görər, heç kəsdən əvəz gözləməyərək vüqarla Rəbbinə dönər. Sırf Allah rizasını güdərək yola çıxan hər kəs üzü ağ, alnı açıq yaşayar və ölər. Möminlər gündə beş vaxt namazlarının hər rükətində "Həmd olsun Allaha - aləmlərin Rəbbinə, (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq möminlərə) rəhimli olana."- deyə dua edərlər. Qurani-Kərimdə də Allah-Təala Özünün günahları bağışlayan, tövbələri qəbul edən olduğunu dönə-dönə bildirir. Bununla Uca Allah hər qulunun etdiyi günahın ardınca tövbə etməsini və Ondan bağışlanma diləməsini istəyir. Bu deyilənlərlə yanaşı bir hədisi-şərifə də diqqətlərinizi çəkmək istəyirəm. Allah Rəsulu (s.ə.s.) buyurur: "Allah-Təala dərgahında savab və günahları yazdı. Sonra bu yazdıqlarını belə bəyan etdi: "Kim bir yaxşı işə niyyət edər, lakin onu etməzsə, Allah, dərgahında onun üçün tam bir savab yazar. Əgər yaxşı bir işə niyyət edib onu edərsə, Allah-Təala dərgahında onu üçün on savabdan yeddi yüz qatına, hətta daha çox qatlaradək savab yazar. Pis bir işə niyyət edib, onu etməzsə, onun üçün tam bir savab yazar. Yox əgər o pis işə niyyət edib onu edərsə, Allah onun üçün bir günah yazar."  Pis işi görməyə niyyət edən insan bu işiylə ya özünə zərər verər, ya da ətrafındakılarına. Bu işdən əl çəkdikdə isə, özünü və ətrafındakıları şərdən xilas edər. Buna görə də, Allah-Təala onun üçün bir savab yazar.

Bütün bu deyilənlərdən aydın olur ki,  hər birimiz tezliklə Allaha qayıdacağımızı dərk etsək və həm bu dünya, həm də axirətimiz üçün çalışsaq iki cahanın xoşbəxti olarıq. Lakin unudulmamalıdır ki, bir yerdə nə qədər qalacaqsansa o yer üçün də o qədər çalışmalısan. Bu iki dünyanın müddəti hədisi-şərifdə necə də gözəl ifadə edilmişdir, "Axirətə görə dünya, sizdən bir nəfərin barmağını dənizə batırmasına bənzəyər. O insan barmağında (barmağının üstündə) nə qədər su qaldığına diqqət etsin." Suya batırılan barmaq ən çox yaşanan insan ömrüdür. Insan gərək bu qısa dünya həyatına aldanıb Rəbbini unutmasın, əks təqdirdə hər iki dünyanın bədbəxti olar.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz