Dünyəviləşmə Necə Başlayar ?
"Dünyəvi" sözündən xoşum gəlir. Inanc dünyamızla əlaqəli çox önəmli bir "ayrılma nöqtəsini" yaxşı izah etdiyi üçün. Inanc dünyamızla əlaqəli çox əhəmiyyətli bir ayrılma nöqtəsi bu sözdə gizlidir.
Dünyəvi, dünya ilə əlaqəli, dünyaya aid olan mənasına gəlir. Bu söz azərbaycan dilində "laiq" mənasında işlədilir. Seyfəddin Altaylının "Azərbaycan Türkcəsi Sözlüyü"ndə dünyəvilik belə açıqlanmışdır: Dünyaya aid olma, dünyayla əlaqəli olma; dini yönü olmama, dinlə əlaqəsi olmama. Bu, dünyəvilikdir, bununla yanaşı dünyəviləşmə də vardır. Dünyəviləşmə, dünyanı özü üçün "hər şey" olaraq görmə, işlədiyi əməllərin qarşılığını bu dünyada görmək istəmə, axirəti "uzaq görmə" kimi mənalara gəlir. Dünyəvilik ya da laiqliyin siyasi tərəfi də var. Ölkələr konustitusiyalarında laiq və ya dini dövlət olduqlarını göstərirlər. Lakin dünyəviləşmənin bizimlə əlaqəli tərəfi daha çoxdur. Dünyəviləşmə dövlətdən çox fərdlərdə başlayan və fərdlərdə davam edən bir fenomendir. Insan inancla əlaqəli bir "ayrılma" və "qırılma" nöqtəsini daim yaşayar. Dünya ilə axirət daxilimizdə boğuşar, mücadilə edər. Atdığımız hər addımda, etdiyimiz hər işdə bu mücadiləni yaşayarıq. Bəzən daxilimizdəki dünya qalib gələr, bəzən də axirət. Daxilimizdəki bu mücadiləni daim dünya qazanarsa, deməli dünyəviləşmə başlamışdır. Bu zaman etdiyimiz gözəl əməllərin səmərəsini bu dünyada görmək istəyərik. Məsələn, maddi vəziyyətimizin daha da yaxşılaşmasını istəyərik. Onun ardınca cəmiyyətdəki mövqeyimizin də yüksəlməsini istəyərik. Məsələn, müəllim isək etdiyimiz əməlin qiymətini tələbələrimizlə olan münasibətimizlə ölçərik. Tələbələrimizlə olan münasibət artıq hədəf halına gələr. Məhz bu hal inanc dünyamızda ciddi bir "qırılma" nöqtəsidir. Bu da bıçağın boğaza dirənməsi deməkdir.
Dünyəviləşmə xəstəliyi yoluxmaq üçün insan seçməz. Hərkəsə yoluxa bilər. Alimə də, cahilə də yoluxa bilər. Bu xəstəlik yalnız cahillərə yoluxar demək böyük bir xətadır. Bu xəstəlik hər kəsə yoluxa bilər. Dini xidmətə illərini sərf etmiş insanlara da yoluxa bilər. Nəfsinin tərbiyəsi və mənəvi tərbiyə yolunda uzun məsafələr qət etmiş olan insanlara da yoluxa bilər. Bu xəstəliyin necə bulaşdığını anlamaq əhəmiyyətlidir. Bu xəstəlik, hər şeydən əvvəl etdiyi gözəl əməllərin mükafatını "dərhal" görmə, dünyada ikən görmə arzusunun çox olmasından qaynaqlanır. Halbuki, dünyada görülən qarşılıq, mükafat mənəvi bir mükafat olmayacaqdır. Dünyada görülən qarşılıq tamamən maddi bir qarşılıq olacaqdır. Halbuki etdiyimiz əməllər bu qarşılıqla ölçülməyəcək ucalıqda olan əməllərdir, belə olması da lazımdır. Allah-Təala bizdəki bu şiddətli arzunu görüncə dünyanı önümüzə sərə bilər. Məhz bu zaman imtahanın ən çətini başlayar. Məhz o an ən çətin andır. Nəfsimiz gördüyü qarşılıqla kifayətlənmək və xoşbəxt olmaq istəyər. Axirətdəki xoşbəxtliyi unudar. Beləliklə həqiqi xoşbəxtliyi unudar. Dünyəviləşmənin ilk nişanələri nəfsimizin bəzi dünyəvi ləzzətlərə Allahı təsbih etmə, anma zövqünün yerinə keçəcək qədər öyrəşməsi və bu zövqlərin həyatımızda vaz keçilməz olması şəklində başlayar. Məsələn, televizor seyr etmək zövqü dünyəvi bir zövqdür. Həmçinin haramla da qarışıq olan bir zövqdür. Bu zövq Allahı təsbih etmə, anma zövqünün yerinə keçməyə başlamışsa, deməli inanc dünyamızda təhlükə zəngləri çalmağa başlamışdır. Bu nişanənin daxili aləmimizə girməsi gündəlik söhbətlərimizdə də öz əksini tapar. Iki müsəlman bir yerdə qarşılaşanda, televizordakı proqramlardan danışır. Belə ki, televizorda efirə gedən verlişlərdən, futbol oyunlarından, seriallardan və s. söhbət açılır və bunlar müzakirə edilir. Əlbəttə ki, həyatımızı asanlaşdırmaq üçün seçdiyimiz cib telefonu, maşın markası, istifadə etdiyimiz internet saytlar və s. ola bilər. Lakin, günlük söhbətlərimizin hamısı sırf bunlar haqqında isə deməli artıq mövcud bir təhlükə vardır. Halbuki iki müsəlman qarşılaşır-qarşılaşmaz ya dini mövzular haqqında yoldaşını xəbərdar etməli, ya da məlumat almalıdır. Dini özlərinə rəhbər edən böyüklərimiz həmişə bunu söyləyib, yaşamamışlarmı?
Dünyəviləşmənin digər bir əlaməti də dini tədris ocaqlarının, dini qurumların və din adına yönəldilən bütün fəaliyyətlərin gələcəyinə olan inanc və etimadımızın zəyifləməsidir. Şeytan dayanmadan belə pıçıldayır: "Qloballaşma və qlobal mədəniyyət hər tərəfi əhatə edib, ən azından hər kəsin evində peyk antenlər var. Xeyir də mövcuddur, lakin şər hər tərəfi bürüyüb. Belə bir şəraitdə Allahı təbliğ etmək, dini tədris edən ocaq, qurum açmaq və bunları idarə etmək olduqca çətindir. Bir tədris qurumu açırsan müəllimlərin hərəkəti pedaqojik deyil. Bir tədris ocağı açırsan minlərlə çatışmazlığı var." Bütün bu deyilənlər dünyəviləşmənin bir kimsədə başladığını və uzun məsafə qət etdiyini göstərən amillərdir. Yaxşı, burada deyilənlərin hamısı səhvdirmi? Əlbəttə ki, xeyr. Bizim və açdığımız tədris ocaqlarının bir çox qüsuru var. Önəmli olan gələcəyə "iman adına" inamla baxmaqdır. Bu qüsurlarımızın Allahın izni ilə azaldılacağını, həm də ən aza endiriləcəyini və inşəllah iman məşəlinin daim yanacağını ümid edirəm. Buna inamdakı əksiklərimiz dünyəviləşmənin əlamətidir.
Dini xidmətdəki həvəs və həyəcanın qırılması da bir dünyəviləşmə əlamətidir. Vəzifələrinə ilk qədəm qoyduqlarında çox gözəl xütbə və vəz verən necə-necə din xadimlərinin camaatdan gördükləri əziyyətlər başlanğıcdakı həyacan və həvəslərini qırmışdır. Illərlə çox gözəl xidmət edirlər, lakin camaat tərəfindən edilən mənasız əziyyət və verilən sıxıntılar onları bu hala gətirir. Bizim həvəs və həyəcanımızı qarşılaşdığımız heç bir şey qırmamalıdır. Unudulmamalıdır ki, cənnət çox gözəldir, lakin ucuz deyildir. Ən mükəmməl və ən gözəl həyat oradadır. Allah-Təala bu hədiyyəsinə çox əhəmiyyət verir, Qurani-Kərimin hər bir sətri Allahın buna çox əhəmiyyət verdiyini bildirir. Bu hədiyyəni qazanmaq üçün çətinliklə, sıxıntıyla, böyük sınaqlarla qarşılaşacaqsan; hədiyyəni qazanmaq ucuz başa gəlməyəcək. Çəkdiyimiz çətinlik və sıxıntıların inancımızla əlaqəli bir imtahan tərəfinin olduğunu bilməliyik.
Dünyəviləşmənin başqa bir tərəfi də daim təqdir olunma arzusunda olmağımızdır. Nəfs daim təqdir edilmək, təriflənmək istəyər, halbuki bu da dünyəvi bir arzudur. Ən gözəl şəkildə təqdir edəcək, mükafatlandıracaq olan Allah-Təaladır. Insanlar təqdir etsələr də bu təqdirdə vəfa yoxdur. Çünki bəşər övladı bu gün təqdir etdiyini sabah qınaya, ayıblaya bilər. Ən vəfalı təqdir edicinin təqdirindən ümidsizliyə düşmək də bir dünyəviləşmə əlamətidir. Ən vəfalı təqdir edici bir olan Uca Allahdır. O təqdir etdiyini ən gözəl şəkildə təqdir edər. Önəmli olan Onun təqdirinə layiq olmaqdır.
Buradan aydın olur ki, dünyəviləşmə önəmli bir ayrılma nöqtəsidir. Bu ciddi nöqtədə göstərə biləcəyimiz bir acizlik, zəyiflik bizi heç xəyal yerlərə aparıb çıxarda bilər. Şəxsiyyətimizdə ciddi qırılmalar yaşaya bilərik. Etdiyimiz əməllər formalaşacaq şəxsiyyətimizin təminatçısı deyil. Bəli, dünya və axirət daim daxilimizdə mübarizə aparır. Könlümüz sanki müharibə meydanıdır. Bu müharibə meydanından karlı çıxmağımız bizə olan xəbərdarlıqların daimi olmasına bağlıdır. Bunları kimi isə dünyəviləşmə ilə ittiham etmək üçün yazmıram. Məqsədim budur ki, "xəbərdarlıq" cəbhəmiz daim açıq olsun və oradan bu daxili mübarizədə qalib gələ bilməyimiz üçün daim köməkçi qüvvələr imdadımıza çatsın. Məsələyə bu nöqteyi-nəzərdən baxtığımızda xarici aləmimizdə itirdiyimiz dəyərlərin əslində daxili aləmimizdə itirilmiş dəyərlər olduğunu başa düşərik. Məncə, xarici aləmimizdəki dəyərləri əldə etmədən əvvəl daxili aləmimizdəki itirdiyimiz dəyərləri təkrar qazanmalıyıq.
ŞƏRHLƏR