Əsl Müflis Kimdir ?

Əsl Müflis Kimdir ?

Hörmətli oxucular! Yazıma çox düşündürücü bir hekayəni sizinlə bölüşərək başlamaq istəyirəm.

Bir gecə bir gənc dayəsi ilə birlikdə oturmuş, əl dəyirmanında bulqur (buğda yarması) üyüdürlərmiş. Dəyirmanı fırlatma növbəsi gəncə çatır. Gənc  fırladanda dayənin gözlərindən yaş axmağa başlayır. Səbəbini soruşanda dayə demişdir:

"- Sən hələ uşaqsan, anlamazsan."

Gənc israr edəndə dayə danışmağa məcbur olmuş və demişdir:

"- Bu dəyirman, görünüşü ilə nə söyləyir, bilirsənmi?"

Dəyirmanın danışdığını o zamana qədər heç eşitməyən gənc, maraqlı-maraqlı dayənin üzünə baxır və deyir:

"Aman Dayəcan, çox xahiş edirəm dəyirmanın necə danışdığını mənə söyləyəsən."

Dayə içindən dərin bir "ah" çəkib  anlatmağa başlayır:

"Bəli, dəyirman bizdən daha açıq və ağlabatan şəkildə danışır. Ancaq onu eşidən qulaq lazımdır. Gör bu dəyirmanın, bu halı ona baxanlara nə deyir?

- Ey qafillər! Gözlərinizi dörd açın və mənə yaxşı baxın. Çünki mən bu dünyanın bir nümunəsiyəm. Mənə qoyduğunuz buğdalarsa insanlardır. Qoyulan dənələri mən iki daşın arasında yuvarlaya-yuvarlaya qırıb sındırıram. Və lazımi şəklə gəldikdə bulqur olurlar. Onları çölə atıb yeni gələnlərlə məşğul oluram. Dünya da insanları göy ilə yer arasında cürbəcür bəla, müsibət və imtahanlarla əzib həll edir. Beləliklə dünya, hər insanı qədərində olan ömrü tamamlananda qəbirə atar və yeni insanlarla maraqlanmağa başlar."1

Hər Yaradılanın bir sonu olduğu kimi, bu dünyanın da bir sonu vardır. Vaxtı çatanda qiyamət qopacaq, bütün canlılar öləcəkdir. Qurani-Kərimdə Uca Allah belə buyurur: "Göy parçalanacağı zaman, ulduzlar dağılıb səpələnəcəyi zaman, dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman, qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyadakı bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir!"2

Insan ölümlə başlayan əbədi həyata, qəbir, sorğu-sual, qəbir əzabı, yenidən dirilmə, məhşər, əməl dəftəri, hesab, mizan və sirat mərhələlərini bir-bir yaşayaraq ən axırda iki yurddan birinə - cənnət və ya cəhənnəmə daxil olacaqdır. "(Ya Peyğəmbər) sən nə bilirsən (haradan bilirsən) ki,  haqq hesab günü nədir?! Bəli sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır - Allaha səmimi-qəlbdən ibadət və itaət!)"3

Deməli axirətdə haqq-hesab heç də asan olmayacaq. Çünki dünyadakı bəhanə və hiyləgərliklərin heç biri orda keçməyəcəkdir. Hər bir insan, həyatının hər anı üçün ayrıca sorğuya çəkilir. Ona görə də Qurani-Kərimdə belə buyrulur: "Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)."4

Orada qurulacaq Haqq divanında hər haqq sahibi öz haqqını alır. Əgər borclunun savabı yoxdursa, alacaqlının günahından borclu olana verilir. Çünki "O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!"5

Əbu Hüreyrədən rəvayət edildiyinə görə Peyğəmbərimiz (səs) belə buyurur:

"- Bilirsinizmi (əsl) müflis kimdir?"

Əshabələr cavabında deyiblər:

- Bizcə müflis, pulu, mal-dövləti olmayandır, ya Rəsulallah!

Peyğəmbərimiz (səs) sözünə davam edərək deyir:

- Ümmətimdən müflis olanlar o kəslərdirlər ki, qiyamət günündə namaz, oruc, zəkat ilə (Allahın hüzuruna) gəlir, ancaq (bununla bərabər) ona söymüş,  buna şər atmış, onun malını (haqsız yerə) yemiş, bunun qanını tökmüş və filanı döymüş. Bundan ötrü onun savablarından bütün haqq sahiblərinə verilir. Üzərində olan haqlar ödənmədən savabları qurtarırsa, onda haqq sahiblərinin  günahları o kimsəyə yüklənir və sonra həmin şəxs cəhənnəmə atılır"6

Yenə Əbu Hüreyrədən rəvayət edilən bir hədisi-şərifdə Rəsuli-Əkrəm (səs) belə buyurur:

"- Kimin üzərində din qardaşının haqqı var isə, ondan halallıq alsın. Çünki o gün (qiyamət günü) borcunu vermək üçün nə dinar vardır və nə də dirhəm. (Bu borcunu) öz həsənatından (savablarından) alıb ona verilmədən, əgər savabı yox isə, alacaqlıdan günahları alınıb borcluya yüklənmədən əvvəl (ödəsin, ya da halallıq alsın)."7

Ona görə də axirətə qul haqqı ilə köçmək nəticəsi çox ağır bir bədbəxtlikdir. Çünki axirətdə qul haqqından heç cür qurtuluş yoxdur. Hədislərdən də aydın olduğu kimi buynuzsuz qoyun buynuzlu qoyundan haqqını alacaqdır.

Gəlin, fürsət əldə ikən Allah Təalanın qiyamət günü hesaba çəkəcəyi və arada heç bir tərcüman olmadan böyük-kiçik, yaxşı-pis bütün etdiyimiz əməllərdən bir-bir sorğuya çəkəcəyi o dəhşətli günü düşünək və özümüzü ölümə hazırlayaq. O gün bizə dünyada ikən etdiyimiz saleh əməllərdən başqa heç nəyin fayda verməyəcəyini də əsla yaddan çıxarmayaq.

Bizim böyük-kiçik bütün əməllərimizdən hesaba çəkildiyimiz zaman, çox sərt və qüclü mələklər göndərilir. Günahkar və üsyankarları yaxalayaraq cəhənnəmə atmaları barəsində onlara verilən tapşırığı dərhal yerinə yetirirlər. Bu mələklərin gəlməsi əsnasında ətrafı saran qorxu və dəhşətdən ötrü səcdəyə qapanıb qurtulmaları üçün Allaha yalvarmayan nə bir peyğəmbər, nə də bir saleh insan qalır. Hamısı səcdəyə qapanıb gələn mələklərin daddıracaqları əzabdan xilas olmaq üçün Haqq Təalaya yalvarırlar. Çünki hələ özlərinin cənnətəmi, yoxsa cəhənnəməmi aparılacaqlarını bilməzlər. Peyğəmbərlərin və Allah dostlarının vəziyyəti belə olursa, digər insanların halı necə olur, artıq siz fikirləşin.

Allah Təala buyurur:

"(Özlərinə) peyğəmbər göndərilən ümmətləri (peyğəmbərlərə tabe olub-olmadıqları barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də (dinimizi onlara təbliğ edib-etməmələri haqqında) sorğu-sual edəcəyik. Sonra da onlara (nə etdiklərini) bildiyimiz üçün (hamısını bir-bir) söyləyəcəyik. Axı Biz qaib deyildik (onların yanındaydıq)."8

Dünyanın cazibəsi imtahan sahəsi olmasındadır. Hər imtahanın da müəyyən qaydaları vardır. Həmin qaydalara əməl etməyən həqiqi müflis-axirət müflisi olmağa namizəddir.

Iki dünyada da əsl xoşbəxt insanlar, müvəqqəti dünya həyatı üçün əbədi axirət həyatını qurban verməyənlərdir.

_______________________________

1 Ziya Paşa, Zafer, Noyabr-2005

2 Infitar surəsi, 1-5

3 Infitar surəsi, 17, 18

4 Zilzal surəsi, 7, 8

5 Infitar, 19

6 Tirmizi

7 Buxari

8 Əraf surəsi, 6, 7

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz