Sənlə Sənsiz...
Hardan başlayacağımı bilmirəm. Sənə olan sevgimizdən bəhs etsəm qorxuram yanında yalançı olaq. Əbu Bəkr də sevdiyini söyləsin, biz də...
Bu gün sən aramızda yoxsan demək gəlir içimdən, amma dilim varmır söyləməyə. Sənin yoxluğunu söyləmək bir yana, düşünmək belə yaraşmaz bizə. Səni haqq ilə göndərən o uca varlıq: “Bilin ki, Allahın Rəsulu aranızdadır” buyurur. Bütün zaman və nəsilləri içinə alan bu ayə sənin aramızda olduğunu xəbər vermirmi sanki? Necə deyə bilərik ki, sən aramızda yoxsan?! Sadəcə biz yoxuq sənin olduğun ümmət içində. Və yenə bir ayəni xatırlayıram: “Allah sənin (gecə) səcdə edənlər arasında gəzib-dolaşdığını görür.” Bəlkə də hər gecə aramızda gəzirsən və kim bilir bu səfər çoxumuzu yatarkən görürsən.
Ya Rəsul, bu gün hər şeyimiz modern oldu və biz lüks həyata çox susadıq. Hər şeyin mükəmməlini axtarırıq. Miniklər mükəmməl, məskən mükəmməl, hətta məscidlər belə altından isinir bu gün. Halbuki damı xurma budaqlarıyla örtülü mübarək məscidin güclü yağışlarda islanar və yer palçıq olardı. Sevgili zövcən Aişə anamız xatirələrində nəql edir ki: “Bir gecə Rəsulunuz namaza durmuşdu, səcdədə əlləri ayağıma dəydi. Ev qaranlıqdı. O zamanlar evi işıqlandıracaq çırağımız yoxdu.” Bu gün bizim West House lampalarımız var, amma...
Bu gün bizlər inkişaf edə-edə fitrətdən o qədər uzaqlaşdıq ki, rahatlıq üçün dəstəmazı belə avtoyuyucu ilə alanlar var içimizdə. Əl-üz yumanın avtosumu olur?! Bəzimiz namazda rükət sayını unutmamaq üçün alnını səcdə sayğacına qoyur. Və artıq Kəbəni tavaf edərkən mobil telefonuyla danışanlar var aramızda. Bu gün məscidlərimiz altından isinir, amma torpaq zəminli məscidindəki kimi deyil səcdələrimiz. Sadəcə məscidlərimiz isinir, qəlblərimiz soyuq. Sənin bizi qoyub gedərkən qorxduğun şey bu gün bizi tamamən içinə aldı. Bədəvilərin ipək və qızıla olan hərisliyindən qorxmuşdun, amma çox keçmədi ki, dünya ehtirasları bizi fəth etdi. Əbu Bəkrin və Ömərin çox ağladı bu dünya sevgimizə. Bəlkə də özlərində gördülər günahı. Onlar nə etsin, sən ayrılmadan demişdin “Ümmətimin fitnəsi maldır” Günah əbasındakı on iki yamaqla dünyadan köçən xəlifə Öməri örnək ala bilməyən bizdəydi.
Mal sevgisi o qədər məşğul etdi ki, axirəti unutduq. Lüks və rahatlıq axtarışında bir də gördük ki, Rəbbimizin milçək qanadı qədər dəyər vermədiyi dünyaya qul olmuşuq. Və hər keçən gün səndən bir az daha uzaqlaşdıq...
Səndən uzaqlaşandan bəri ağlayan yetimlərimiz, miskinlərimiz və də kimsəsizlərimiz susmadı. Yalnız sənin oxşadığın saç ağarmırdı. Indi oxşayan əllər qan tökmək üçün oxşar. Sənsiz sevgilər yalan, ya Rəsul! Kimi sevsək səndən savayı, əsirgədi bizdən vəfanı. Zira səndin sevgiylə yoğrulan və sevgiylə yaşayan. Səni haqq ilə göndərən Allaha and olsun ki, sənsiz açmadı güllərimiz. Və səndən uzaqlaşdıqca xəzan oldu baharımız. Və yenə xəzan olub tökülən ümidlər gördük üstünə varlıq günəşi doğmadı deyə.
Yaradan kitabında buyurur ki:“Əgər onlar özlərinə (günah işləyərək) zülm etdikləri vaxt sənə gəlsəydilər və Allaha istiğfar etsəydilər, Rəsul da onlar üçün istiğfar etsəydi Allahın tövbələri qəbul etdiyini və çox rəhmli olduğunu görərdilər.” Günahlarımızı etiraf edərək sənə gəldik, ya Rəsul! Bizim üçün Rəbbinə istiğfar et! Dəhşətli qiyamət günündə belə peyğəmbərlər səni işarə edəcəkmiş. Çünki dərgahi-ilahidə təkcə sənin sözün geri çevrilməzmiş. Çünki sən kəlimeyi-şəhadət sarayının sultanısan, göz bəbəyisən. Işlədiyimiz günahların planını cızmaqdan sanki Darun-Nədvə halına gəlmiş başlarımız yoluna fəda olsun, ya Rəsulallah!
Xatırlayırsanmı, bir zaman Bəni-Səd yurdunda sənə süd anası olmadığı üçün qadınlar, bir damla yağışı əsirgəmişdi buludlar. Hamı pərişan halda yağmur duasında və sən Həlimənin qucağında. Səninçün Bəni-Sədə küsən buludlar, səni görüncə dözməyib sel kimi axıtmışdı göz yaşlarını. Səninçün küsənlər gəlişinlə yağmağa başladı. Yenə gəl, ya Rəsul! Quraq könüllərimizə ilıq göz yaşlarınla buludtək boşal! Sevgi və qayğı dolu rəhmət yağmurlarıyla könüllərimizə məlhəm ol! Biz unutmuşsaq sən unutma, ya Rəsul! Çünki sən “Məhəmmədul-Əmin”sən.
ŞƏRHLƏR