Hilyəyi-Şərif

Hilyəyi-Şərif

Məlum olduğu kimi peyğəmbərlik bütün dinlərdə müqəddəs vəzifədir. Peyğəmbərsiz din təsəvvür etmək qeyri-mümkündür. Tarixə nəzər saldıqda bütün cəmiyyətlərdə peyğəmbərlərin olduğuna və eyni zamanda onların cəmiyyətə nümunə insanlar olduğuna şahid oluruq.

Şübhəsiz ki, aləmlərə rəhmət olaraq göndərilən Həzrət Məhəmməd (s.ə.s) də yaşadığı cəmiyyətin və təmsil etdiyi dinin ən nümunəvi və ən çox sevilən peyğəmbəri idi

Əslində Peyğəmbər də diğər insanlar kimi uca Allah tərəfindən yaradılmış bir insandır. Ancaq digər insanlardan fərqli olaraq ona Allah tərəfindən vəhy gəlirdi. Buna görə də onun həm insani (bəşəri) həm də nəbəvi (peyğəmbəri) vəsfləri vardır. Peygəmbərin bəşəri vəsflərini əsas alan elmi sahəyə Şəmail, peyğəmbərlik vəsflərini tədqiq edən elmi sahəyə də Dəlail deyilir.

 Şəmail sahəsində yazılan əsərlərə nəzər saldıqda orada ilk növbədə Peyğəmbərimizin mübarək vücudu və görünüşü haqqında məlumat verildiyinin şahidi oluruq. Hər hansı bir şəmail kitabında onun yaradılışındakı gözəlliklər ─ Peyğəmbərlik nişanəsi, mübarək üzü, gözü, saçı, saqqalı, əli, ayağı, geyindiyi libaslar və. s haqda ətraflı məlumat verildikdən, sonra hal və davranışları tədqiq olunur. Yeriməsi, oturub-qalxması, yeyib-içməsi, danışması, gülməsi, ibadətləri, əxlaqı və buna bənzər hallar haqqında məlumat verilir.

 Burada bir nöqtəni qeyd etmək lazımdır ki, cəmiyyətdə ümümiyyətlə Peyğəmbərin şəmaili deyildikdə onun xarici görünüşü nəzərdə tutulur. Məhz bu xüssiyyətlər də hilyə olaraq adlandırılır.

 

Peyğəmbərimizin hilyəsi

 

Hilyədə peyğəmbərimizin sadəcə fiziki quruluşu təsvir olunur. Təbii ki, bütün cəhətləri kimi peyğəmbərimizin yaradılış gözəllikləri də bir çox səhabədən rəvayət olunmuşdur. Bunlardan ən məşhuru Peyğəmbərimizin həm əmisi oğlu, həm də kürəkəni olan Həzrət Əlidən rəvayət olunan hilyədir. Bu hilyə, Həzrət Əlinin nəvəsi İbrahim b. Məhəmməd tərəfindən nəql olunmuşdur. Digər rəvayətləri də əsas alaraq Peyğəmbəri belə təsvir etmək olar:

Peyğəmbər (s.ə.s) yaradılış və əxlaq baxımından insanların ən mükəmməli idi.

Peyğəmbər nə çox uzun nə də çox qısa boylu idi. Uzuna yaxın ortaboylu insandı.

Saçları nə qıvrım nə də dümdüz idi.  Bir az  dalğalı idi.

Üzü çox ətli  və yumrusifət deyildi, üzündə azca yumruluq vardı.

Başı biraz böyük,

Dişləri sıx və gözəl idi.

Mübarək sifəti qırmızımtıl, kirpikləri z və uzun, gözləri qara, biraz iri  və gözəl, qaşları isə çatma deyil, ancaq bir-birinə yaxın idi. Qaşlarının arasında bir damar vardı ki, əsəbləşdiyi vaxt bu damar qabarardı.

Sinəsi, çiyinlərinin arası və əlləri böyük idi.

Qarnı ilə sinəsi eyni səviyyədə idi. Yəni kök deyildi.

Əl və ayaq barmaqları qalın idi.

Vücudunda, sadəcə sinəsindən  göbəyinə qədər incə xətt boyu tük  vardı.

Yeridiyi zaman bir az önə əyilər, ayaqlarını yerə sürümədən geniş addımlarla yeriyərdi.

Kiməsə baxanda sadəcə başını çevirərək deyil, bütün vücudu ilə o istiqamətə yönələrdi.

İki kürəyi arasında peyğəmbərlik möhürü vardı. Bu, onun son peyğəmbər olduğunun nişanəsi idi.

Anadangəlmə sünnətli və göbəyi kəsilmiş halda doğulmuşdu.

O, insanların ən səxavətlisi, ən dürüstü, ən yumşaq xasiyyətli və ən istiqanlısı  idi.

Gülər üzlü və şirin sözlü idi. Həyatı boyu heç kimə pis söz söyləməmiş və heç kəsi də incitməmişdir. Danışanda heç kimin sözünü kəsməzdi.

Onu ilk görənlər heybəti qarşısında çaşıb qalar, ancaq onu tanıyıb söhbət edənlər isə, onu hər şeydən çox sevərdilər.

Peyğəmbərimizin gözəlliklərini tanıtmaq istəyən kəs, “mən nə ondan əvvəl, nə də ondan sonra onun kimi birisini görmədim”- deyərək acizliyini etiraf edərdi.

Burada diqqəti cəlb edən şey Peyğəmbərimizin əxlaqi və ya dini sahədə olduğu kimi yaradılış xüsusiyyətləri cəhətindən də etidal dərəcədə olması və yaşadığı cəmiyyətin ən yaraşıqlısı olmasıdır.

İslam alimlərindən olan İmam Qurtubi Peyğəmbərimizin xarici gözəlliyi haqqında belə demişdir: “Peyğəmbər (s.ə.s)-in xarici gözəlliyi tamamən zahir olmamışdı. Əgər vücudunun bütün gözəllikləri olduğu kimi görünsə idi, əshabı ona baxmağa tab gətirməzdi.”

 

Şəmailin insan həyatındakı əhəmiyyəti

Məlumdur ki, hər isanın özünəxas psixologiyası vardır. Şəxsi psixologiyasından asılı olaraq hər kəs öz fikir və həyat tərzinə uyğun görkəmli şəxsiyyətləri təqlid edir. Bu gün  insanlar, xüsusi ilə də gənclər bir çox insanı özünə örnək götürür, onların davranış üsulunu, geyim tərzini mənimsəyir və hər cəhəti ilə onlara bənzəməyə çalışırlar. Ancaq əfsuslar olsun ki, bu gün gənclər tərəfindən nümunə alınan şəxslərin əksəriyyəti əxlaq baxımından çox geridədir. Gənclərin həyat tərzinə birbaşa təsir edən nümunə şəxslərin seçimində və mənimsənməsində diqqət ediləcək bəzi şərtlər vardır ki, bunların da başında örnək alınacaq insanın düzgün müəyyənləşdirilməsi gəlir. Elə bu mənada da bir müsəlmanın nümunə alacağı və ideal qəbul edəcəyi şəxsin Hz. Peyğəmbər olmasının zərurətini vurğulamalıyıq. Çünki o, istər əxlaqi, istərsə də fiziki cəhətdən insanların ən mükəmməli idi. Bu həqiqət Quranda öz əksini belə tapır:

“Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” [1]

Həzrət Aişə də Peyğəmbər əxlaqının Quran olduğunu söyləyir.

Peyğəmbərin (s.ə.s)-i günümüzə yansıtmaq, həyatımızı onunla yaşamaq üçün, ilk növbədə onu hər cəhəti ilə tanımaq lazımdır.

Son olaraq qeyd edək ki, öncə Peyğəmbəri tanımalı, sonra sevməli və sünnəsinə sahib çıxmalıyıq.


[1] Əhzab, 33/21

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz