Bir Əcəb Nur Kimi Günəşdir Pərvanəsi
Hz. Peyğəmbər ilahi nur yağmurunun son damlasıdır. Aləm onun nurundan var oldu. Hz. Adəm onun ümməti olmaq üçün doğuldu. O olmasaydı fələklər də olmazdı.
Bunun üçün də onun təsviri nə sətirlərə sığar, nə də təşbeh qəbul edər. O, nə göydəki günəşə, nə də qaranlıq gecələri aydınladan aya bənzər. O, kainatın varlıq səbəbidir. Gün gələr daşlar toz olar, hər canlı fani olar, günəş də solar. Onun nuru isə əbədiyyən solmazdır. O, elə bir nurdur ki, aləmi aydınladan günəş belə onun nurunun aydınlığı qarşısında pərvanəyə dönər. Şair nə gözəl söyləmiş:
Səni təşbihi-mihru-mah edən nadanıi-əbtərdir
Günəş sənsən ki, zərratın nəbilərlə vəlilərdir.
O nur abidəsini Allah özü mədh etmişdir. Adının “öyülmüş insan” mənasına gələn Məhəmməd olması kainatın sərvərinə birbaşa ilahi iradə tərəfindən gerçəkləşmişdir. O, Allahın sevdiyi “Həbibullah”dır. Allah (c.c) onu hər şeyin üstündə tutmaqda və bu gerçəyi ayeyi-kərimədə dilə gətirməkdədir: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın!”(Əhzab, 33/56) Bu ayə eyni zamanda bizim də onu uca tutmamızı əmr etməkdədir. Bununçün də əshabi-kiram onu hər şeydən çox sevmiş və “Anamız, atamız sənə fəda olsun ey Allahın Rəsulu” demişlər. Onun sevgisinin cazibəsində onunla bərabər olmaq üçün nələri varsa hamısından vaz keçərək, ana yurdlarından ayrılıb hicrət etmişlər. Ondan aldıqları tərbiyə dərsi ilə var-dövlətlərinin yarısını mühacir qardaşlarına verərək ənsar olmuşlar. Əshab bilirdi ki, dillər onu anmaqla şərəflənir, könüllər onu sevməklə zinətlərir və güllər onun sevdasıyla açır. Onun sevgisindən məhrum qəlblər qaranlıq, gözlər kor, dillərsə yalançıdır. Onu tanımayan və yazmayan qələm quru çöpdən başqa bir şey deyildir.
Bir qələm kim olmaya nəti-cəlilindən xəbir
Bir quru çöpdür, ona itlaq etməzlər qələm.
(Fənni)
Uhud onu tanımış və sevmişdir. Xütbə oxumaq üçün məkanını dəyişdikdə daha əvvəl üstündə xütbə oxuduğu quru xurma kötüyü ayrılıq və həsrət acısıyla inləmiş və orada olan hər kəs bunu eşitmişdir. Əlini uzatmış ay ikiyə bölünmüş, altında durduğu ağac yarpaq açmış, gün vurmasın deyə bulud çətir olmuş. Yəsrib Mədinə olmuş, mədəniyyətə qovuşmuş. O, aləmlərə rəhmətdir. Onu öldürməyə gələn onda dirilmiş. Qəlblər onun sayəsində zülmətdən qurtulub iman ilə nurlanmışdır.
Nə həzindir ki, kainat onu bilmiş, sevmiş və dinləmişkən yer üzünün xəlifəsi olan insan ondan bixəbərdir. Allah (c.c): “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (Əhzab, 33/21) buyurmuşkən yalan yollarda həqiqət axtarışına çıxanlar var. Halbuki o, qiyamətədək kainatın rəhbəridir. Qarşımızda onun kimi abidə və nümunə şəxsiyyət varkən “kimə bənzəyək?” sualını vermək necə də naqis. Mövlanın tərbiyə etdiyi, əxlaqı Quran olan nur abidəsi önümüzdə ikən başqa qapı döyməyə nə hacət.
Zamanın bu anında biz möminlərə mühüm bir vəzifə düşür. Mübarək doğum həftəsinin qeyd olunduğu bu günlərdə onu anmaq, ətrafımızdakı hər kəsə ən gözəl şəkildə anlatmaqdır bu mübarək vəzifənin adı. Onu anarkən irfan və əxlaqi yöndən yenidən var olmaq, dünyaya yenidən gəlmək, onun əxlaqıyla həmhal olmaq, ona ümmət olmağa layiq hala gəlmək necə də xoşdur. Uca Allah onunla ola bilənləri Qurani-Kərimdə belə müjdələyir:
“(Ey Rəsulum!) Sən onların içində ikən Allah onlara əzab edəcək deyildir.” (Ənfal, 8/33 )
O, hər zaman ümmətinin qayğısını çəkmiş, gecələr duasında Rəbbindən bizi istəmiş. O, hər an ümmətinin içində və önündədir. Onun ümmətinə olan həssasiyyəti müqəddəs kitabımızda öz əksini belə tapır.
“Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizə (sizin iman gətirərək səadətə girməniz üçün) hərisdir, möminlərlə şəfqətli, mərhəmətlidir!”
(Tövbə, 9/128)
Bununçün bizim ona necə ümmət olmamız çox mühümdür.
Ya Rəsulallah, sənə olan həsrətimiz torpağın yağışa olan həsrəti kimidir. Nəzərlərini və şəfaətini bizdən əsirgəmə! Sənə layiq olmasaq da qaranlıq gecələrimizi nurlandır!
Razıyam röyada üzünü göstər
Aşiq məşuquna can sunmaq istər. (H. Karaman)
Ey Rəbbimiz, bizi özünə qul, həbibinə ümmət eylə! Bizi Məhşər günü onun bayrağı altında cəm eylə! Camalın və camalıyla müşərrəf qıl! Amin..!
ŞƏRHLƏR