Böyük Ticarət

Böyük Ticarət

İlk dəfə Peyğəmbərimiz (s.ə.s)-in həyatını oxuyarkən bir şey diqqətimi cəlb etmişdi. Hz. Peyğəmbər İslam dinini Məkkədə on ildən çox təbliğ etməsinə  baxmayaraq Məkkə əhalisinin çoz az bir hissəsi müsəlman olmuşdu.

 Bundan əlavə Məkkəlilər Hz. Peyğəmbəri çox sıxışdırır, ona dini yaymağa mane olurdular. Buna görə də Peyğəmbərimiz İslamı rahat təbliğ etmək üçün Mədinəni münasib görmüşdü. Mədinə Hz. Peyğəmbərə yad bir yer deyildi. Çünki onun ana tərəfdən qohumları bu şəhərdə yaşayırdı. Amma buna baxmayaraq yenə də Mədinə, Məkkə şəhəriylə müqayisədə Hz. Peyğəmbərə yad sayılırdı. Məkkədə Peyğəmbərimiz İslam dinini rahat təbliğ edə bilməsə də fiziki təhlükəsizliyi təminat altında idi. Haşim oğullarının böyük qismi onun dinini qəbul etməmələrinə baxmayaraq onu düşmənlərdən müdafiə edirdilər. Peyğəmbərimizin ən qatı düşməni olan əmisi Əbu Ləhəb belə Əbu Talibin ölümündən sonra Hz. Peyğəmbəri düşmənlərindən müdafiə etmişdir.[1] Mədinədə də Hz. Peyğəmbər müdafiə olunmalı və təhlükəsizliyi təminat altına alınmalı idi. Bunun üçün Peyğəmbərimiz bir qrup məinəlilərlə bu haqda görüşmək üçün vaxt və məkan təyin etdi. Bu görüş Aqabə deyilən yerdə oldu. Diqqəti cəlb edən dialoq məhz burada cərəyan etdi. Hz. Peyğəmbər  onu müdafiə edənlərə cənnət vəd edirdi. Mədinəlilər peyğəmbəri canları bahasına müdafiə etmələrinin əvəzində gözlə görülməyən, təcrübədən keçirilməyən bir şeyin vəd edilməsinə təəccüb etmələri bir yana, bu nə karlı ticarət deyərək sevinclərini ifadə edirdilər.[2]

            Görəsən mədinəli qrup nəyə görə belə risqli bir müqaviləyə imza atdı? Üstəlik sanki sərfəli bir ticarət etdiklərinə sevinirdilər. Gözlə görülməyən, bir növ qeyb aləminə aid olan bir şeyi qazanc olaraq qəbul etmək, eyni zamanda o zamankı Ərəbistan yarımadasının  super gücü sayılan və böyük bir nüfuza malik olan məkkəliləri qarşısına alacaq qədər bir risqi gözə almaq nə qədər məntiqlidir? Tarix şahiddir ki, bu imzanı atan kimsələr elə bir toplum olmuşlar ki, nə o zamana kimi, nə də o zamandan indiyə kimi belə  gözəl, ağıllı, dürüst, cürətli, ədalətli, mərhəmətli, qısacası Əflatunun xəyal etdiyi “əl-mədinətü-fazilə” (fəzilətli şəhər)-nin üstündə bir cəmiyyət formalaşmamışdır. Ona görə də o dövrə “əsr-i səadət” adı verilmişdir. Bütün bunları bildikdən sonra bu kimsələrin dialoqları üzərində fikirləşməyə hər halda dəyər. Çünki onların anlayışlarında bizim anlamadığımız çox şey var.

Qəbul olunan bir həqiqət var ki, o da hər kəsin gələcəyi üçün çalışması, sabahkı gününün bu günündən daha yaxşı olması üçün əlləşib vuruşmasıdır. Kimisi yemək-içməyini, kimisi geyim-keçimini təmin etmək, kimisi maşın almaq, ev tikmək və s. üçün hər gün var gücüylə çalışmaqdadır.  Bu qınanılacaq bir vəziyyət yox, təqdir ediləcək bir haldır. Hətta belə etməyənlər qınanmağa məhkumdurlar. Bəs görəsən bu dünyada hər kəs istədiyinə nail olurmu? Təəssüf ki, buna müsbət cavab vermək qeyri mümkündür. Çünki kimisi bir xəstəlik səbəbi ilə, kimisi hər hansı bir qəza nəticəsində bu dünyadan köçüb getməkdədir. Beləliklə bu dünyada heç kimin nəinki sabahının, bir an sonrakı həyatının belə təminatı yoxdur. Ona görə bu gün hər hansı bir işə istər fiziki,  istərsə də maddi sərmayə qoyan bir insan, əgər sabah ölərsə onun bu cəhdi boşa getmiş olar. Bunu hər kəs qəbul etdiyi halda o zaman bu qədər çalışmağa dəyərmi? Yəni sabahın açlıb açılmaması naməlum olduğu halda bu qədər əziyyət çəkməyə dəyərmi? Bunun cavabının bəli olduğunun məntiqini belə açıqlamaq olar.

1.      Əgər gələcək üçün çalışsaq, lakin ömrümüz o zamana qədər yetməsə, onda biz heç

nə itirmirik. Çünki keçən zamanın əziyyəti də, nəşəsi də keçdi. Keçən bir şeyə üzülmək və ya sevinmək  müdrik insanın işi deyildir. Bir ərəb şairinin hökmdara dediyi söz bunu çox gözəl ifadə edir: “Səninlə mənim aramda olan fərq yalnız bu andır.”

Əgər ömrümüz yetsə biz həmin zaman üçün hazır  olduğumuza görə çox şey qazanmış olarıq.

2.      Əgər gələcək üçün heç bir hazırlıq görməsək və o zamana qədər yaşamasaq biz bir

mənada heç nə itirmirik. Bir mənada isə itiririk. Çünki yaşadığımız həyatı mənasız başa vurmuş olarıq. 

Əgər o zamana qədər  yaşasaq, bəs onda necə?...  Bəli, onda bizim o gün üçün heç bir hazırlığımız olmadığına görə hər şeyi itirmiş olarıq.

Bütün bunları nəzərə alanda görürük ki, gələcək hamıya naməlum olduğu halda onun üçün çalışmaq ən doğru variantdır.

İndi bir az daha dərindən fikirləşək: Biz əgər bizə məlum olmayan sabahımız üçün çalışırıqsa, o zaman bizə qeyb olan axirət həyatımız üçün niyə çalışmayaq?  Necə ki, bir gün Hz. Əlidən bir müşrik soruşur:

 -Bəlkə axirət yoxdur, nəyə görə onun üçün çalışırsan?

 -Bəs olsa necə?.. deyə Hz. Əli cavab  vermişdir.

Bütün bunlardan sonra Aqabədəki mədinəli müsəlmanların, “nə gözəl bir ticarət” deyə ifadə etdiklərini indi yaxşı başa düşürəm. Çünki onlar əbədi olan həyatı qazanmaq üçün həyatları bahasına Peyğəmbəri müdafiə etdilər. Beləliklə Uca Allanın Tövbə surəsində:  “Allah, möminlərdən, mallarını və canlarını cənnət qarşılığında satın almışdır” deyə buyurduğu ayəsinə layiq oldular. Sanki o böyük insanlar canları və malları qarşılığında cənnəti əldə etdilər. Allah cümləmizə bu insanların həyat anlayışlarını nəsib eyləsin! Amin..!


[1] M.Hamidullah, I/115

[2] İbn-i Kəsir, Təfsir, II/ 406

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz