Aynada Ağlayan Üzlər
Sosial həyatda yaşadığımız üçün insanlarla davamlı münasibət hər birimiz üçün qaçılmaz bir həqiqətdir. Qurani-Kərimdə insanların yaradılış məqsədlərindən birinin də bir-biriylə tanışıb-qaynaşmaq olduğunu Allahu təala belə ifadə edir:
“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır” (Hucurat–13)
Hər gün onlarla, yüzlərlə insanla ünsiyyətdə olur, danışır, qarşılıqlı təsir edir ve təsirlənirik. Gözümüzlə görmədiyimiz bir cərəyanın həmsöhbətlərimizdən bizə və bizdən də həmsöhbətlərimizə sirayət etməsi var olan hadisə və açıq bir həqiqətdir.
Gün ərzində haləti-ruhiyyəmizi təsir altına alan elə hadisələrlə qarşılaşırıq ki, bəlkə də yaşlanmaq deyilən şey, təsiri altında qaldığımız hadisələrin müsbət və ya mənfi nəticələridir.
Əslində həyatda etdiyimiz və yaşadığımız hər şey üzümüzdə əks olunmaqdadır. İnsan bəlkə də iç dünyasını gizləməyə çalışdığı zaman ən gülünc və ən zavallı duruma düşür.
İbn Hazm “İqdul-humam” (göyərçin boyunbağısı) kitabında padşahın aşiq oğlundan bəhs edərək eşqin iztirablarına təmas edir. Hadisəni nəql edərkən heç cür məşuqəsinin adını söyləməyən və eşq acısından yataqlara düşən aşiq gənci bu xəstəliyindən qurtarmaq üçün həkimlər ən qısa yolun məşuqəsinin adını, kim olduğunu və harada yaşadığını öyrənmək və ona görə bir çarə tapmaq gərəkdiyi qərarına gəlirlər. İlk növbədə məşuqəsinin yaşayacağı ehtimal olunan şəhərlərin adlarını söyləyirlər. Bir şəhərin adı zikr edildiyi zaman gəncin rəngi dəyişir və qəlb döyüntüləri güclənir. Sonra o şəhərin muxtəlif səmtlərinin adı zikr edilir və bu minvalla qızın səmti də müəyyənləşmiş olur.. Və sonra məşuqəsinin yaşadığı ehtimal olan küçələrin, qəsəbələrin adları zikr edilir. Nəhayət qızın adı deyilir. O an aşiq gənc duyduğu adın təsirinə dayana bilməyib özündən gedir.
Bu hekayə bir gəncin ürəyində sevginin səbəbsiz buraxdığı təsirləri və eşq xəstəliyini ifadə etmə baxımından mühümdür. Əcəba, o gəncin üzünə baxılsaydı bir Məcnun misalı qara sevdanın izləri, əsərləri görülməzdimi? Əcəba, o gəncin üz ifadəsi, həsrətini yaşamış və məşuqəsinə qovuşmuş bir sevdalı ədasımı olardı? Hər halda belə bir gəncin solğun bənizi, qurumuş dodaqları və zəif nəbzi olmalıydı. Gəncə təsir edən əsas qüvvə onu ta dərinlərdən yandıran eşq atəşiydi şüphəsiz.
Sosial həyatda hər cür; müsbət ya da mənfi hadisələr bizdə, anlayışımızda iz buraxdığı kimi üzümüzdə və üz cizgilərimizdə də izlər buraxmaqdadır. Bu izlərin keçən zaman içərisində bəlkə heç fərqində də olmuruq. Bəlkə üzümüzdəki qırışların hər keçən gün daha da artdığının və dərinləşdiyinin hesabını etmirik. Amma güzgünün qarşısına keçib bir uşaqlıq şəklimizə baxaq, bir də indiki halımıza. O zaman nə qədər dəyişdiyimizi tez anlayacayıq.
***
Bəlkə də hamımızda bir gülərüzə həsrət var. Mütəbəssüm və zəif üzlər görməyə həsrət qalan gözlərimiz var. Peşmançılıqla ifadə etmək lazımdır ki, modern həyat üzümüzdəki incəliyi və lazım olan o dərinliyi alıb götürmüşdür. Rəqəmsal məntiqin və robotlaşan çağ anlayışının bizdən alıb götürdüyü ən qiymətli yönümüzdür mütəbəssüm üz ifadəmiz. Arabir güzgünün qarşısına keçərək aynadakı adama kim olduğumuzu soruşsaq görəsən öz əksimiz bizə doğruları söyləyəcəkmi? Yaxud görəsən aynanın qarşısına keçib kim olduğumuzu soruşma cəsarəti tapa bilirikmi özümüzdə? Aynada görə bilmədiyimiz o zəifliyimiz, bizi həsrət qoyur gerçək, incə və həssas üz ifadələrinə.
İnsan ilk dəfə rastlaşdığı, danıştığı adamın üzünə baxar. Yaxud üz ifadəsi ilə nə isə bir şey anlatmağa çalışar... Qüdrəti sonsuz olan da “o gün elə üzlər vardır ki,” deyə başlayır ən ağ və ən qara üzlərdən bəhsedərkən. Həyata işıq tutan Quran bu gerçəyi belə ifadə edir:
Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara olanlara:
"İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!" - deyiləcəkdir. (Ali İmran 106–107)
Üz ifadəsi çox şey anladır. Mimikalar insanın o anki haləti-ruhiyyəsini tez ələ verir.
Üzündəki məftunluğu, özlüyündən hasil olan gerçək müsəlman üzünü yenə qüdrəti sonsuz Allah Fəth surəsində “onların əlaməti üzlərindəki səcdə izidir” deyərək müsəlmandakı o nəzakət dolu bir çöhrənin Rəbbi üçün yerlərə qapanmasından keçdiyini bizlərə bildirir.
“Müsəlman o kəsdir ki, üzünə baxıldığı zaman Allah yada düşür.” sözünün nə qədər dərin mənalar ifadə etdiyini üzünə baxdığımızda nələri xatırladığımız və ya nələri unutduğumuz insanları görüncə daha çox anlayırıq. Ən sevdiyimiz bir dostumuzu belə gördüyümüz zaman “nə yaxşı ki, səni gördüm. Səni görüncə bütün sıxıntılarımı unuduram.” deyirik. Hərhalda bir insan olaraq əsl dost, üzünə baxıldığı zaman həqiqətən dərdlərin unudulduğu və tərif edilməz bir ab-havanın alındığı insandır. Ya da düşünək ki, başqaları bizi görəndə dərd içinəmi düşür yaxud dərdlərindən halımı olur. Əgər insanlara hər zaman gözəl şeylər xatırlada biliriksə və onlarda pozitiv hislər oyadırıqsa xoşbəxt adamıq. Əgər bunun tərsi olursa o zaman ayaq saxlayıb bəzi şeylərin hesabatını yenidən aparmalı və aynaların həqiqətləri göstərmədiyini və ya bizə həqiqəti söyləmədiklərini bilməliyik.
“O gün elə üzlər vardır ki əsvəddir[1]”qismindən olmamaq üçün təkrar-təkrar qəlb aynamızı cilalayaraq üzümüzdəki mənəvi ləkələri təmizləməli və bunu edərkən də ən müstəsna həssaslıqla etmək məcburiyyətindəyik. Çünki Rəhman-i Rəhimə vasil olduğumuzda qara bir üzlə onun qarşısına çıxdığımız zaman mənəvi yenilənmə üçün çox gec olacaq.
[1] qapqara
ŞƏRHLƏR