Sadəcə Sevən İtaət Edər
Sayğı göstərmək, hörmət etmək sevgidən irəli gəlir. Sevmədən nə hörmət olar, nə də dəyər vermə. İslam tarixinin böyük və abidə şəxsiyyətləri ona bəslədikləri dərin sevgiləri ilə hər zaman insanlara nümunə olmuşlar.
Hər bir müsəlman bəzən öz-özünə Peyğəmbər kimdir, sualını verməlidir. Çünki bu suala verəcəyimiz cavab hər birimizin daxili aləmində, ümumiyyətlə həyatında Rəsulullah (s.ə.s)-in olduğu yeri muəyyənləşdirir. Bəsit şəkildə ifadə etsək, Peyğəmbər (s.ə.s) İslamın ilk şərti olan kəlimeyi-şəhadətin ayrılmaz hissəsidir. Onu tanımadan, ona iman etmədən müsəlman olmaq mümkün deyildir. Digər tərəfdən iman etdikdən sonra da qurtuluşun yolu Rəsulullah (s.ə.s)-i təqib etməklə mümkündür. Uca Allah Qurani-Kərimdə belə buyurur:
(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali-İmran, 3/31)
Buradan da məlum olduğu kimi Allahın sevgisini qazanmanın yolu Rəsulullahı sevərək ona tabe olmaqdan keçir. Bir sual çıxır ortaya. Nə üçün onun həyatı bizim üçün bu qədər mühümdür? əslində bu sualın cavabı çox sadədir – çünki O, canlı Qurandır.
Bildiyimiz kimi Qurani-Kərim səhifələrdən ibarət bir kitabdır və orada ilahi əmrlər və qanunlar yer almaqdadır. Bir müsəlmanın sahib olacağı yaşam tərzi məhz Qurani-Kərimdə öz əksini tapır. Dünya və axirət səadətinə nail olmanın yolu Qurana tabe olmaqdan keçir. Lakin qeyd edək ki, insanlar şəxsiyyətlərə vurğundur. Məhz bu xüsusu diqqətə alan Rəbbimiz kitablarla birlikdə onların canlı nümunələrini də bəşəriyyətə göndərmişdir ki, hər biri insanlar üçün tətbiqat örnəkləri olsun. Rəsulullah (s.ə.s) də bu mənada ən mükəmməl örnəkdir. Çünki dinimiz İslamı ondan daha yaxşı qavrayan ikinci bir şəxs gəlməmişdir dünyaya. Təbii ki, Quranın nazil olduğu şəxs Rəsulullah idi. Bu mənada da hər gələn ayəyə ilk inanan və onu həyatına dəqiqliklə tətbiq edən də məhz o olmuşdur. Hər gələn əmr və yasaqlara o qədər həssaslıqla bağlanardı ki, hətta bir dəfə “Hud surəsi məni qocaltdı” demişdi. Peyğəmbər (s.ə.s) Quranla o qədər bütünləşmişdi ki, Hz. Aişəyə - Rəsulullahın əxlaqı necə idi?- sualını verənlərə möminlərin anası “Onun əxlaqı Quran idi” buyurmuşdu. Sadəcə bu tərif Allah Rəsulunu təqib etməmizin səbəbini ortaya qoymaq üçün kifayət edər hər halda.
Yuxarıda qeyd etdiyimiz kimi Rəsulullaha tabe olmaq hər müsəlmana vacibdir. Bu gün bəziləri tərəfindən dırnaqarası baxılan təsəvvüf dediyimiz şey də əslində Rəsulullahın yaşam tərzinə uyğun yaşamağı hədəf alan elm sahəsidir. Onun həyatı ilə öz həyatımızı eyniləşdirməyə cəhd etmənin bir başqa adıdır təsəvvüf. Söz yox ki, Rəsulullahın sünnəsini olduğu kimi yaşamaq imkansızdır. Çünki onun sünnəsi İslamın bütününü içinə alır. Buxari və Müslümdə keçən bir hədisi-şərifdə isə O özü belə buyurur: “Hətta mən belə İslamı çətinliklə əhatə edirəm.” Əgər o möhtəşəm insan bunu ifadə edirsə biz aciz qullar onun yolunu hərfiyyən necə yaşaya bilərik ki? Lakin buradan yanlış məna çıxarmamalıyıq. Biz qüvvəmizin yetdiyi qədər sünnəyə uyğun yaşamaq üçün əldən gələni etməliyik. Bəzi sünnətlər var ki, hamımız gündəlik həyatda onları yaşayırıq. Yatarkən, dəstəmaz alarkən, namaz qılarkən və.s. Amma bəzi sünnətlər də var ki, onlardan xəbərsizik və ya xəbərimiz olduğu halda həyatda tətbiq etmirik. Səbəb olaraqsa Rəsulullahın həyatının çox əhatəli olduğunu və bizim bunların hamısını yaşamağa gücümüzün yetməyəcəyini düşünməmizdir. Lakin bu heç də doğru yanaşma tərzi deyil. Düzdür onun yaşadığı həyat geniş və çoxşaxəlidir, istəsək də bütün sünnətləri yaşaya bilmərik. Lakin bəzi sünnətlər var ki, ömrümüz boyu yaşaya bilməsək də ən azından həyatımızda bir dəfə tətbiq etməyə cəhd etməliyik. Hər hansı bir sünnəni heç yaşamamaqdansa bir dəfə də olsun yaşaya bilmək böyük şeydir. Böyük İslam alimləri, ömrünü Rəsulullahın həyatını öyrənməyə həsr edən abidə şəxsiyyətlər hər zaman etiraf etmişlər ki, onun sünnəsini davamlı yaşamaq heç bir qulun öhdəsindən gələcək şey deyil. Bu xüsusda bizə düşən vəzifə Məcəllədə qeyd olunan “bütünü əldə edilməyən şeyin əldə olunan az qismi də tərk edilməz” düsturuna görə davranmaqdır. Necə də olsa Rəsulullahın sünnəsini yaşaya bilmərik, onun yaşadığı həyat tamam başqa deyib bacardığımız əməlləri də bir kənara atmamalıyıq. Həyatını bizə həsr etmiş, gecələr göz yaşlarıyla ümmətinə dua etmiş uca şəxsiyyətə bənzəməyə çalışmamız eyni zamanda ona olan sevgimizi qoyar ortaya. Təsəvvüfün qayəsi də budur. Mümkün olduğu qədər Quranı və sünnəni yaşamağa çalışmaq. Qərblilərin özünü tamamən iqtisadiyyata həsr etmiş, həyatını bu qayəyə xidmətə istiqamətləndirmiş insana verdiyi bir ad var – homoekonomiks. Eyni zamanda həyatını ruhani balansda quran insana da homoprofetik insan deyirlər. Homoprofetik insan demək peyğəmbəri həyatı mənimsəyən insan deməkdir. Bir az daha aydınlıq gətirsək, homoprofetik insan Quran insanı deməkdir ki, ən böyük Quran insanı da yenə Rəsulullah (s.ə.s) idi. Quranı yaşamaq, sevgili Peyğəmbər kimi yaşamaq deməkdir. Öz həyatını İslam çərçivəsində formalaşdırmaq istəyən hər bir müsəlman üçün Rəsulullahın hədislərini oxumaq bu baxımdan zəruridir. Vurğulamaq lazımdır ki, hədisləri oxurkən də şərhləriylə bərabər mütaliə etmək çox mühümdür. Uca Allah Qurani-Kərimdə “bilmədiyinizi zikr əhlindən (o işin mütəxəssisindən) soruşub öyrənin!” buyurur. Məhz alimlər və mühəddislər tərəfindən qələmə alınmış hədis şərhləri də bu mahiyyətdədir.
Qeyd edək ki, Rəsulullaha itaətdə sevginin də çox mühüm yer var. Səhabələr Peyğəmbəri sevdikləri üçün işığın başına dolanan pərvanələr kimi hər zaman yanında olmuş və atdığı hər addımda hərfiyyən onu izləməyə çalışmışlar. Onu da vurğulayaq ki, sevgi qarşılıqlı və müştərək olduğu zaman istənilən nəticə hasil olur. Əgər Rəsulullah bizi sevirsə biz də öz növbəmizdə ona olan sevgimizi büruzə verməliyik. Allah təala ondan bəhs edərkən möminlərə qarşı şəfqət və mərhəmətli olmasından söz açır. Hz. Aişə buyurur ki: “Onun rəhməti hər kəsi içinə alardı.”Biz ətrafdakı hər şeyə sevgi və mərhəmət gözü ilə baxan bir peyğəmbərin ümmətiyikk. “Lə iləhə illəllah. Muhammədur-Rasulullah” deyərək onun gətirdiyi dinin əsaslarını mənimsədiyimiz üçün Allah təala bizə mömin adı vermişdir. Əslində Allahın bizi bu şəkildə dəyərləndirməsi və Rəsulullahı elçi olaraq göndərməsi onun bizə olan böyük lütfüdür. Rəsulullah əslində ən böyük ilahi nemətdir. Bu nemətə şükr etmək üçünsə Peyğəmbər (s.ə.s)-ə sevgi ilə bağlanmaq şərtdir. Səhabə həyatı Rəsulullaha sevgi misalları ilə doludur. Ənəs b. Malik Peyğəmbər (s.ə.s)-ə xidmət edən və ona bağlı gənc səhabilərdən idi. Ondakı Rəsulullah sevgisi o qədər dərin idi ki, Peyğəmbərimiz dünyasını dəyişdikdən sonra onu hər gecə yuxuda görərmiş. Bu gün biz Rəsulullahı yuxuda görə bilmək üçün dualar edirik, amma yenə də görə bilmirik. Ənəs (r.a) isə yetmiş il boyunca hər gecə yuxusunda Rəsulullahı gördü. Bütün bunlar Ona olan sevginin nəticəsində hasil olan şeylərdir. Başqa bir misal da İmam Malikdən verək. İmam Malikin Rəsulullah sevgisi o qədər böyük idi ki, dəstəmaz pozmaq üçün Mədinədən kənara çıxarmış. Həm də bu hal bir gün, iki gün deyil uzun illər davam etmişdir. Ağlasığmaz kimin gəlir, amma həqiqətən olmuş bir hadisədir. Əgər sevgi bir insanı digərlərinin gözündə qeyri-adi görünən şeylərə vadar edirsə demək ki, o sevginin kökləri çox dərindədir və səmimiyyətlə doludur. Bir gün mədinəli başqa bir şeyx tələbələrinə dərs verərkən anidən ayağa qalxır. Tələbələr ondan bu təlaşın səbəbini soruşduqda ayağını qaldıran bir köpəyi göstərir. Burada təəccüblü bir şey olmadığını deyən tələbələrinə “İmam Malik ehtiyacını dəf etmək üçün Mədinə xaricinə çıxdığı üçün köpəklər də ondan həya edərək Mədinə küçələrini murdarlamamaq üçün şəhərdən kənara çıxırlar. Amma qarşılaşdığımız bu səhnə imamın vəfat etdiyini göstərir.” deyə cavab verir. Gedib baxdıqlarında həqiqətən də imamın vəfat etdiyi məlum olur. Sayğı göstərmək, hörmət etmək sevgidən irəli gəlir. Sevmədən nə hörmət olar, nə də dəyər vermə. İslam tarixinin böyük və abidə şəxsiyyətləri Ona bəslədikləri dərin sevgiləri ilə hər zaman insanlara nümunə olmuşlar.
Allah bizi də onların yolundan gedənlərdən etsin ! Amin..!
ŞƏRHLƏR