Səmərqənd
İslam şəhərləri arasında özünəməxsusluğu ilə seçilən bu tarixi şəhər Özbəkistanın cənubunda Zərəfşan çayının vadisində, Daşkənddən 275 kilometr cənub-qərbdə yerləşir. Əhalisi 566 min nəfərdir. Özbəkistanın ikinci böyük şəhəridir. Onun yaşı Babil və Roma şəhərlərinin yaşı ilə müqayisə oluna bilər. Bəzi mənbələr onun yaşının 2500 il olduğunu göstərir.
Səmərqənd ölkənin mühüm sənaye mərkəzlərindən biri kimi tanınır. Əsasən avtomobil, toxuculuq, yeyinti sənayesi, traktor hissələrinin istehsalı, gübrə karxanaları şəhərin gəlir mənbəyidir. Təhsil sahəsində isə məşhur Səmərqənd Universiteti ilə tanınır. Demək olar ki, Teymurləng zamanından qalan tarixi abidələrləri ilə (Bibixanım məscidi və məqbərəsi, 1399-1404; Teymurləngin Guri Əmir adlı türbəsi, Uluğbəyin türbəsi, 1405; və s.) məşhurdur.
Qədim zamanlardan bəri insanların məskəni olan Səmərqənd e.ə. 329-cu ildə Böyük İsgəndər, eramızın 712-ci ilində ərəblər tərəfindən fəth edilmişdir. Müsəlmanlar 751-ci ildə əsir alınmış çinlilərdən kağız istehsalının sirrini öyrənib İslam dünyasında ilk kağız karxanasını Səmərqənddə tikmişdilər. Kağız istehsalı buradan bütün Ərəb xilafətinə, sonralar isə Avropaya yayıldı. Samanilər dövründə Səmərqənd iqtisadi baxımdan olduqca inkişaf etdi. Daha sonra Qaraxanlıların, Xarəzmşahların əlinə keçdi. 1220-ci ildə Çingiz xan tərəfindən yandırılıb viran edilən şəhər XIV əsrin sonunda məşhur fateh Əmir Teymurun nəhəng imperiyasına daxil edildi. Şəhər tezliklə genişlənməyə başladı. Teymurləngin əmri ilə Səmərqəndin paytaxt elan edilməsi ilə yenidən inkişaf etdi və iri mədəniyyət mərkəzinə çevrildi. 1499-cu ildə Şeybani özbəklər tərəfindən işğal olunub paytaxt edildi. XVI əsrdə Şeybanilər paytaxtı Buxaraya köçürdülər və Səmərqəndin əhəmiyyəti azalmağa başladı. Nadir şahın buraya hücumu sakinlərinin çoxsunu şəhəri tərk etməyə məcbur etdi. 1868-ci ildə Rusiya imperiyasının tərkibinə girdi və 1888-ci ildə buraya dəmir yolu çəkildi və yenidən böyük iqtisadi mərkəzə çevrildi. 1925-1930-cu illərdə Özbəkistan Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur.
Bu şəhəri şairlər və tarixçilər “Şərqin Roma”sı, “Göylər altında olan ən gözəl şəhər”, “Şərq İslamının mirvarisi” adlandırmışlar. Bibi Xanım Məscidi, Registan meydanı, Qur-Əmir mavzoleyi şəhərin ən möhtəşəm memarlıq abidələrindəndir. Mavzoleydə Əmir Teymurdan və Məhəmməd Sultandan başqa Uluğbəy, Miranşah, Şahrux xan və Əmir Teymurun mənəvi müəllimi Mir Səid Baraka da dəfn olunmuşlar. Uluğbəyin hakimiyyəti dövründə Əmir Teymurun qəbrinin üzəri tünd yaşıl rəngli hade (jade-metamorfik, bəzək daş) daşı ilə örtülmüşdür.
Əmir Teymur öz paytaxtını gözəl, qeyri-adi, ecazkar, digər şəhərləri kölgədə qoyacaq şəhər kimi görmək arzusunda idi. O, hətta şəhərin ətraf kiçik kəndlərinə Bağdad, Dəməşq, Qahirə adlarını qoyaraq Səmərqəndlə müqayisədə bu böyük şəhərlərin cılızlığını vurğulamaq niyyətində idi. Paytaxtın mərkəzində isə möhtəşəm Bibi-xanım türbə-məscidi səmaya ucaldıldı. Bu məscid Teymurilər dövlətinin baş məbədi hesab olunurdu. Bibi-xanım məscidi təkcə Səmərqəndin və Özbəkistanın deyil, bütün İslam Türkistanının tanınmış tarixi məscididir. Məscidin tikinti işləri 1399-cu ildə Teymur Hindistan yürüşlərindən qayıtdıqdan sonra başlamış və 1404-cü ildə bitmişdir. 1404-cü ildə Səmərqənddə olmuş ispan səfir Ruis Qonsales de Klavixonun sözlərinə görə, şəhərin baş məscidi “hökmdar Teymurun bu vaxtadək tikdirdiyi ən gözəl abidədir.” Orta əsr tarixçisi isə qeyd edir ki, Bibi-xanım məscidi hündür minarələrinin üzərində bütün dünyaya meydan oxuyur. Əfsanəyə görə, Teymurun sevimli həyat yoldaşı Bibi-xanım bu məscidi öz hökmdarının növbəti yürüşdən qayıtması şərəfinə hədiyyə olaraq tikdirmək qərarına gəlir. Məscidin inşası üçün imperiyanın ən yaxşı memarı dəvət olunur. Hətta azəri, fars, hindli memar, rəssam və nəqqaşlardan ibarət 100 nəfər məşhur ustalar işə cəlb edilir.
Məscidin inşası Teymur şah yürüşlərdə olarkən aparılırdı, ancaq tikinti əmrini o özü şəxsən, 1399-cu ildə, Hindistandan zəngin qənimətlə qayıtdıqdan sonra vermişdi. Məscidin inşasına nəzarət etməyi Teymur əvvəlcə 2 saray əyanına tapşırmışdı. Bu tapşırığa məsuliyyətlə yanaşmadıqlarına görə, hər ikisi edam olunduqdan sonra bu işi xanımına həvalə etdi.
Məscid-sarayın həyətində böyük mərmər Quran yerləşir. Səmərqəndin digər möcüzəsi olan Registan kompleksi şəhərin ürəyi sayılır. Burada üç mədrəsə Uluğbəy mədrəsəsi (1417-1420), Şer-Dor Bəy mədrəsəsi (1619-1636), Tilya-Kori Bəy mədrəsəsi (1646-1660) yerləşir.
Sonralar Şərqin bir çox şəhərlərində Bibi-xanım məcsidinin motivləri əsasında obrazı yaradılmış məscidləri ucaldıldı. Bu böyük məbəd xarabalıqlar şəklində qalsa da, əsrlər boyunca Mərkəzi Asiya memarlığının inkişafına zəmin yaratdı.
ŞƏRHLƏR