MİLLİ, MİLLƏT və ÜMMƏT
Gündəlik danışığımızda demək olar ki, tez-tez istifadə etdiyimiz bir ifadədir “milli” sözü. “Milli-mənəvi dəyərlər”, “milli rəqs”, “milli yeməklər”, “milli məclis”, “milli şüur” kimi istifadələr bunlardan yalnız bir neçəsidir. Bu nümunələrdə milli sözü başına gələrək ifadə etdiyi və ya təyin etdiyi şeyin müəyyən bir xalqa, millətə, eyni mənbələrdən bəslənən və eyni duyğuları paylaşan insanlara aid olduğunu izah etməkdədir. “Milli-mənəvi dəyərlər” sözü tarixi prosesdən keçmiş, eyni mənəvi iqlimdə böyümüş, eyni hadisələr qarşısında eyni reaksiyanı verəcək kəslərin, eyni mənəvi anadan qidalanmış öz və ya ögey qardaşların eyni ruhi və qəlbi duyğularla eyni şeyləri sahiblənməsi, sevməsi və ya sevməməsi faktını bizlərə ifadə edir.
Bütün bu cümlələrdəki ortaq vurğu olan “milli” sözü ərəb dilindədir. Ərəb dilində sözün sonunda bir nisbət yəni mənsubiyyət “yə”si var. Yəni “millət” sözünün sonuna gələn “yə” hərfinə görə “milli” sözü ortaya çıxmışdır. Mənası millətə aid olan deməkdir. Əgər əvvəlinə müəyyənlik artiklı olan “əl” gətirilsə, müəyyən bir millətə aid olan mənası ortaya çıxar ki, bu yazımızda ilk növbədə “millət” anlayışına təmas etməliyik.
Ərəb dilində olan millət sözü hər şeydən əvvəl din mənasında işlənir. Quranda Bəqərə surəsinin 130 və 135-ci ayələrində keçən “milləti İbrahim” ifadəsi İbrahimin dini mənasındadır. Həmçinin eyni surənin “Sən o yəhudilərin və xristianların dinlərinə (millətinə) tabe olmadıqca onlar səndən əsla razı qalmayacaqlar” ayəsində keçən yəhudilərin və xristianların milləti ifadəsi onların dini mənasında işlənmişdir. Buradan da aydın olacağı kimi millət sözü din mənasındadır. Din mənasını verən millət sözünün sonuna mənsubiyyət bildirən “yə” hərfi gətirildikdə “milli” sözü ortaya çıxır ki, bu ifadə dinə aid olan mənasına gəlir.
Digər tərəfdən başqa ayələrdə keçən dostluq, qardaşlıq və millət sözlərinin təyin etdiyi xüsuslar da mövzumuz baxımından əhəmiyyətlidir. Hucurat surəsinin onuncu ayəsindəki “möminlər (dində) qardaşdırlar.” ifadəsi birlikdə olmaları zəruri olanlar üçün bir rəhbərdir. Çünki Ənfal surəsinin 73-cü ayəsində “inkar edənlər (kafirlər) ancaq bir-birlərinin dostudurlar” buyurulmaqdadır. Bu iki ayə, dostluqların, birliklərin, ortaq sevgilərin və nifrətlərin nəyə görə olduğunu və ya nəyə görə olmalı olduğunu açıqca ortaya qoymaqdadır. Ortaq maraqları olanlar rahatlıqla bir araya gələ bilərlər. Eyni məqsəd və hədəflərləri olanlar bir yerdə olmaqdan əziyyət çəkməzlər, əksinə bundan zövq alarlar. Könülləri bir olanların dostluqları əbədi, qurduqları mədəniyyətlər də qalıcıdır.
Bu reallıqdan hərəkətlə, millət olma şüurundakı insanların diqqət yetirməsi lazım gələn ən birinci şeyin eyni mənəvi mənbələrdən istifadə etməsi və eyni müqəddəsə inanması olduğu ortaya çıxar. Bir millət üçün əhəmiyyətli və müqəddəs olan şeyə “milli” sifəti verilir. Milli olan şey eyni zamanda mənəvi olandır. Çünki milli sözünün məzmunu həm mənəvi olanı, həm də adət- ənənəni əhatə edir. Bir toy mərasiminə gələn insanlar bir-birlərini tanımasalar da gəlinin və ya bəyin ortaq dostlarıdır. O məclisdə deyilən ürək sözləri, könüldən edilən dualar, bəy və gəlin üçün arzulanan ailə səadəti, uzun ömür, can sağlığı, xoşbəxt ailə bir millətin uzun illərdir ortaya çıxarıb inkişaf etdirdiyi bir səviyyədir. Bir millət üçün səviyyələrin ən böyüklərindən biri də şübhəsiz ki, milli olanıdır. Milli səviyyəyə çatmış olanın məkanı isə ürəklərdir. Çünki ürək eyni zamanda mənəvi olanın da məkanıdır.
Milli və millət anlayışının ən əhəmiyyətli elementi eyni din və eyni mənəviyyat iqlimi olduğu üçün eyni dini duyğuları daşıyan insanları ifadə edən ümmət sözünü burada zikr etmək lazımdır. Eyni Allaha, eyni müqəddəs kitaba və eyni peyğəmbərə inanan insanlar eyni ümmətdən sayılırlar. Son peyğəmbərin ümməti “Ümməti-Məhəmməd” Quranın da ifadəsiylə tək bir millətdir. Dünyanın bu başındakı müsəlman özündən kilometrlərlə uzaqdakı müsəlmanla eyni duyğuları hiss edir ya da hiss etməlidir. Yaşadığı yer hara olursa olsun bir müsəlman digər müsəlman üçün əhəmiyyətlidir. Bunun üçün sevilməli və qorunmalıdır. Müsəlman müsəlmana zülm etməz və onun nöqsanlarını görməz. Əksinə qüsuru varsa da onu özü düzəltməyə çalışar.
Milliyyəti fərqli olanlar eyni dinə inana bilərlər. Beləcə fərqli olsalar da eyni ümmət sayılarlar. Lakin fərqli dinlərə tabe olanlar eyni torpaqlarda yaşasalar da bir gün bu fərqlilik çox acı nəticələr ortaya çıxara bilər. Necə ki, çıxarmışdır da. Elə isə bizim vəzifəmiz millət (milli), mənəviyyat və ümmət sözlərini bir-birinin bir parçası olaraq görməkdir.
ŞƏRHLƏR