ELM SAHİBİNİN DƏYƏRİ
Əgər (bunu) bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun!
(ən-Nəhl, 43)
Dünyanı istəyən elmə sarılsın, axirəti istəyən elmə sarılsın, həm dünyanı, həm də axirəti istəyən yenə elmə sarılsın. (Tirmizi, Dəavat, 68)
Elm adamları bir cəmiyyətin qəlbidir. Onlar olmadan cəmiyyət yaşaya bilməz. Hər dövrdə, hər mədəniyyətdə, hər cəmiyyətdə elmə və elm adamlarına böyük əhəmiyyət verilmişdir. Çünki insan fitrəti etibarı ilə elmə və elm adamlarına möhtacdır. İslam dini və bu dinin ortaya qoyduğu İslam mədəniyyətində də elm və elm adamlarına yüksək qiymət verilmişdir. Qurani-Kərimdə və Peyğəmbərimizin hədislərində, həmçinin İslam dininə mənsub alimlərin, filosofların, hikmət sahiblərinin və digərlərinin sözlərində bu həqiqət təkrar-təkrar dilə gətirilmişdir. Belə ki, müqəddəs kitabımız Qurani-Kərim “Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın” (əl-Mücadilə, 58/11) buyuraraq elm adamlarının dəyərini ortaya qoymuşdur.
Quranda elmə və elm adamlarına verilən dəyər barədə bir çox ayə vardır. İslam aləminin yetişdirdiyi ən böyük alimlərdən biri olan və yeni bir dövrün başlanğıcına imza atan Qəzali, Ehyau-Ülumid-Din adlı əsərinin “Elm” fəslində bu cür ayələri toplamış, bu ayələlərlə yanaşı sözügedən mövzudakı hədislərə, İslam alimlərinin, filosofalrının və digərlərinin sözlərinə yer vermişdir.
O, Ali-İmran surəsinin 18-ci ayəsi olan “Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər” ayəsinin elm adamlarının Allah dərgahındakı dəyərini göstərdiyini söyləyərək belə deyir: “Allah-Təala Özündən başqa tanrı olmadığına əvvəlcə Özünü, sonra mələkləri, sonra da elm sahiblərini şahid göstərdi.”
Daha sonra İmam Qəzali İbn Abbasın da Zümər surəsinin 9-cu ayəsi olan “Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?! De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!” ayəsini təfsir edərkən belə dediyini nəql edir: “Alimlər cahil möminlərdən 700 dərəcə üstün olub hər iki dərəcə arasındakı məsafə 500 ildir.” İbn Abbas bu sözləri deyərkən əslində heç kimi təhqir etmirdi. Onun əsas məqsədi elmin və elm adamının dəyərini ortaya qoymaqdı.
Hz. Peyğəmbər də “Alimlər peyğəmbərlərin varisləridir” (Əbu Davud, Tirmizi) buyuraraq bu həqiqəti bir daha vurğulamışdır. Allahın Elçisi bir hədisi-şərifində də elm sahibini belə qiymətləndirir: “Alimin abidə üstünlüyü, ayın digər ulduzlara olan üstünlüyü kimidir.” (Əbu Davud, Tirmizi) Başqa bir hədisi-şərifində də Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur: “Alimin abidə üstünlüyü mənim sizin ən zəifinizə olan üstünlüyüm kimidir.” (Tirmizi)
Elmdə dərinliyi və bəsirəti ilə seçilən Hz. Əli öz dostu Kümeylə belə demişdir: “Kümeyl, elm maldan xeyirlidir. Çünkü elm səni, sən isə malı qoruyursan. Elm hakim, mal məhkumdur. Mal xərcləndikcə azalar, elm isə xərcləndikcə artar.”
Hz. Əlinin elm sahibləri barədə dediyi hikmətli sözlərindən biri də belədir: “Öyünmək sadəcə elm mənsublarının haqqıdır. Onlar doğru yolu arayanların hidayət rəhbərləridir. Hər kəs gözəl məziyyətinə görə qiymətləndirilər. Cahillər elm sahiblərinin düşmənidir. Elm əldə etməyə çalış ki, ölümsüzləşəsən.”
Loğman Həkim də öz oğluna belə nəsihət edirmiş: “Oğlum, alimlərlə otur, iki dizinlə onlara daha da yaxınlaş. Allah-Təala göylərin bol və bərəkətli yağmurları ilə torpağa həyat verdiyi kimi, hikmət nuru ilə də qəlbləri dirildir.”
Yuxarı yazılan ayələr, hədislər, hikmət sahiblərinin sözləri İslam dinin elmə və elm adamlarına verdiyi qiyməti ortaya qoyur və hər birimizin elmə, elm adamlarına dəyər verməyə borclu olduğumuzu vurğulayır.
ŞƏRHLƏR