HƏYAT DƏFTƏRİNDƏN
Müsəlman olaraq ölün!
Bir cənazə aparırdılar. Bunu görən bir nəfər təəccüblə cənazəni aparanlardan soruşdu:
- Görəsən xəstəliyi nə idi? Nədən öldü?
Cənazəni aparanlardan biri göz yaşlarını silərək ona baxdı və belə cavab verdi:
- Doğulduğu üçün öldü?
Bəli, madam ki, dünyaya gəlmişik, əlbəttə, bir gün də bu dünyadan gedəcəyik. Ancaq insana bu dünya həyatını bəxş edən Uca Yaradan bu dünyadan necə getməyi də öyrədir: “Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!” (Ali İmran, 102)
Aradakı fərq
İki nəfər yolda gedirdilər. Yolları bir çayın kənarından düşdü. Bu zaman sudan keçmək istəyən bir qadın gördülər. Onlardan biri qadını qucağına alıb çayı keçirdi. Yanındakı yoldaşı bu davranışı səhv başa düşdü və ona qarşı sui-zənn bəslədi. Xeyli məsafə qət etdikdən sonra özünü saxlaya bilmədi və yoldaşına bu davranışının səhv olduğunu xatırladaraq:
“- Nə üçün belə etdin?” -dedi. “Axı naməhrəm bir qadını nəinki qucaqlamaq, heç baxmaq da bizə yaraşmaz.”
Yoldaşı isə belə cavab verdi:
“- Dostum, mən o qadını sudan keçirdim və artıq o bizdən xeyli uzaqda qaldı. Sən isə onu hələ də gəzdirirsən!..”
Küçənin ən yaxşı dərzisi
Dərzi dükanları ilə dolu küçədə dərzilərdən biri dükanına belə bir lövhə asmışdı: “Dünyanın ən yaxşı dərzisi”. Bunu görən başqa bir dərzi də rəqabət üçün belə bir lövhə asdı: “Kainatın ən yaxşı dərzisi”. Həqiqətən də ən yaxşı dərzi olan biri isə lövhə asmaq qərarına gəlmiş və lövhəyə belə yazdırmışdı: “Küçənin ən yaxşı dərzisi”.
“Küçənin ən yaxşı dərzisi” nə qədər də dar çərçivəli ifadədir, elə deyilmi? Lakin “Dünyanın ən yaxşı dərzisi” və “Kainatın ən yaxşı dərzisi”nin olduğu küçənin ən yaxşı dərzisisinizsə, onlardan da yaxşı sizsiniz demək.
Təkəbbürün sonu
Minəcəyi avtobusun hərəkət etməsinə bir saatdan artıq vaxt qaldığı üçün gözləmə zalının alaqaranlıq dəhlizində gəzişirdi. Əllərini yumaq üçün bir az irəlidəki namaz otağının yanından keçərkən üzərində iş paltarı olan bir gənc ona doğru gələrək: “Hər halda namaz qılacaqsınız” dedi. “Dəstəmaz almaq üçün yerimiz də var.”
Əlindəki siqaretin kötüyünü gəncin ayaqları altına atan adam özündən razı halda: “Sən burada işləyirsən?” dedi. “Nə iş görürsən?”
Gənc divara söykədiyi süpürgəni göstərərək “Təmizlikçiyəm!” -dedi.
Təmizlikçiyə istehza ilə baxaraq: “Mən namazı sənin kimilərə saxlamışam. Bu iş sizə elə yaraşır ki...” dedi.
Təmizlikçi gənc bu hərəkətlərə məhəl qoymayacaq qədər vüqarlı idi, lakin namaza qarşı edilən hörmətsizlik onu əsəbiləşdirdi. Cavab verməyi düşündü, sonra susmağın daha doğru olacağına qərar verib öz işi ilə məşğul oldu.
Adam məğrur addımlarla oradan uzaqlaşarkən başının fırlandığı hiss etdi. Əynindən çıxardaraq əlində saxladığı paltosunun ağırlığını da ilk dəfə fərq edirdi. Bir az əvvəl yediyi iki şiş kabab deyəsən təzyiqini artırmış və onu haldan salmışdı. Bir neçə addım atdıqdan sonra anidən halı pisləşdi. Dizüstü yerə yıxıldı və Allahdan, əlindəki palto ondan əvvəl yerə sərildi. O çöməlmiş vəziyyətdə olmasına baxmayaraq başını yerə qoyaraq bir müddət elə qaldı və yenidən dikəldi. Ancaq yenə də özünü saxlaya bilmədən eyni şəkildə yerə yıxıldı. Heç kimin onu o vəziyyətdə görməsini istəmirdi. Başını yerdən qaldırıb sağa-sola baxdı. Əlindəkilərdən çayçı olduğu anlaşılan bir gənclə üz-üzə gəldi. Gənc onu hörmətlə salamlayaraq “Allah qəbul etsin!” dedi. “Ancaq qiblə bir az da sağa doğrudur.”
Allah-Təalanın qanunlarına qarşı hörmətsiz yanaşmaq heç bir bəndənin həddi deyil...
Ehtiras
ABŞ-ın New York şəhəri dünyada avtomobillərin tıxac problemi ilə məşhur olan şəhərlərindən biridir. Məhz New Yorkun belə hərəkətli günlərinin birində şəhərin bir prospektində gedən piyadaya bir avtomobil yüngülcə toxundu. Bu xoşagəlməz qəzada piyada heç bir xəsarət almadı. Avtomobilin sürücüsü piyadayla danışdı, üzr istədi və öz aralarında razılığa gəldilər. Lakin piyada düşdüyü yerdən qalxmağa hazırlaşırdı ki, hadisəni uzaqdan görüb gələn bir “ağıllı” əvvəl yerdəki adamın yanına gələrək yerindən qalxmadığı təqdirdə yaralandığını iddia edərək sığortadan külli miqdarda pul ala biləcəyini söylədi. Bir anda zəhmətsiz qazanacağı yaşıl dollarları gözünün qarşısında canlandıran adam pulun cazibəsiylə qalxdığı yerdən yenidən avtomobilin önünə uzandı. Sürücü isə bütün bu olanlardan xəbərsiz halda piyadanın getdiyini düşünüb bir an əvvəl hadisə yerindən uzaqlaşmaq təlaşıyla avtomobilini işə salıb qaza basdı. Bir anlıq ehtirasa qapılan avtomobilin altındakı piyada hələ nə baş verdiyini belə anlaya bilmədən ehtirasının əvəzini canıyla ödəmişdi.
ŞƏRHLƏR