İRFAN, ALTMIŞ VƏ QURBAN
İrfan jurnalının 40-cı sayında “İrfan, Novruz və Qırx”, 50-ci sayında “İrfan, Yeni il və Əlli”, 60-cı sayında isə “İrfan, Qurban və Altmış” yazısı ilə hüzurunuza gəldik. 70-ci sayımız 2012-ci ilin sentyabrında çıxacağı üçün “İrfan, Təhsil və Yetmiş”lə birlikdə olacağıq inşallah.
2011-ci ilin 14 Aprel tarixli qəzet xəbəri (Hürriyet):
ÇİNDƏ SON DƏB – CANLI AÇARLIQLAR
Çantamızda və cibimizdə gəzdirdiyimiz ən sadə əşyalardan biri olan açarlıq Çində ağıllara durğunluq gətirəcək bir istehlak anlayışı altında heyvanlara əziyyət vermə vasitəsinə çevrildi. Canlı tısbağa, kərtənkələ və balıqların içinə qoyulduğu açarlıqlar heyvansevərləri ayağa qaldırsa da Çində böyük rəğbətlə qarşılanır. Heyvanlar kiçik plastik paketlərə qoyulur və qısa müddətdən sonra ölürlər. Lakin bu da açarlıqlara marağı azaltmır. Daha pisi odur ki, tamamən qanuni olan “canlı açarıqların” satışı getdikcə artır.
Metro stansiyaları və yol kənarlarında satılan açarlıqların içində əsasən su tısbağası və ya iki kiçik balıq olur. Satıcılar heyvanların qoyulmuş olduğu suyun qidayla zəngin olduğunu və bu sayədə kiçik canlıların aylarla yaşaya bildiyini söyləyirlər. Ancaq baytarlar bu iddianı rədd edirlər.
Canlı açarlıqları alan müştərilərin əksəriyyəti bu açarlıqların onlara “şans” gətirəcəyini düşünürlər.
Xəbər bundan ibarətdir. Mübarək qurban ayındayıq. Allah üçün kəsilən qurbanlara “kütləvi qırğın” gözüylə baxan, vegeterian heyvansevərlərimiz bizi (ümməti) vəhşilik və qəddarlıqla ittiham edirlər. Yuxarıdakı xəbərə reaksiya göstərməmələrinin səbəbi hər halda xəbərin mövzusu olan kərtənkələ, tısbağa və kiçik balıqların yeyilməməsidir. Yaxud da qurban kəsilən heyvanın qanını və can verdiyini gördükdə mərhəmət duyğuları qabardığı üçün buna qarşı çıxırlar. Açarlığın içindəki balığın, kərtənkələnin və tısbağanın fəryadı, qanı yoxdur ki, “bu vəhşilikdir” desinlər!
Qarışqaların yandırılaraq əziyyət çəkməsinə razı olmayan Həzrət Peyğəmbərə yaradılanların sayı qədər salətu-salam olsun. Qarışqaların bu aləmdə nə fil kimi dişi, nə bahalı xəz dərisi, nə əti, nə də südü var. Qarışqalar yerə düşən nemətlərin ən kiçik qırıntılarını belə ayaq altında qalaraq əzilməkdən qurtaran canlılardır. Qarışqanın canlı olması hörmət görməsi üçün kifayət deyilmi? Yalnız qarışqa deyil, bütün həşəratların çətinliklə can verməsini istəməyən Peyğəmbərimizə yerdən çıxanların, göydən düşənlərin sayı qədər salətu-salam olsun! O deyilmi, qiyamətə qədər gələcək olan ümmətinə “Həşəratı bir zərbədə öldürənə Allah rəhmət etsin!” -deyə dua edən? Onun (s.ə.s) qəlbi həşəratın belə can verməsinin iztirab içində olmasına razı deyil. Onu və ümmətini caniliklə, qəddarlıq və vəhşiliklə ittiham edənlər, həşərata belə qucaq açan mərhəmət və məhəbbət iqliminə sizin də girərək, Onun yolunda qarışqalar kimi çalışmanızı dua edirik.
Yeni il ərəfəsində kəsilən hinduşkalara qətliam, zarafat olsun deyə ziyafətlərdə üzə sürtülən tortlara israf deyən bir adam gördünüzmü? Yeni ildə hinduşkaların kəsilməsi kütləvi qırğın sayılmaz, amma Allah üçün kəsilən qurbanlar qətliam və vəhşilik sayılar.
Ayeyi-kərimədə buyurulur:
“Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin...” (əl-Ənfal, 24) Allahın və Rəsulunun dəvəti insana həyat verir. Qurban ibadətini yerinə yetirmək insana həyat verir. Qurbandan uzaqlaşmaq və inkar etmək isə insanın özünü və sözünü tar-mar edər. Nəticədə yeni ildə kəsilən hinduşkaları həzm-rabedən keçirən, qurbanı isə tənqid edən çürük fikirli və şeytani məntiq sahibləri zühur edər. Xərçəngin canlı halda suda bişirilirdiyini bilirsiniz. Xərçəngi bu cür öldürərək yeyənlər ağızlarını silərək gözəl qurbanlıqların üstünə tənqid qusurlar. Matadorların qırmızı pərdə ilə qəzəbləndirdiyi buğalar mizraq zərbələriylə minlərlə insanın gözü qabağında can verərkən bu hərəkət vəhşilik sayılmaz, bismillahla və iti bıçaqla kəsilən qurbanlıqlar geri qalmışlıq və barbarlıq sayılar. Xərçəng, tısbağa, hinduşka bir yana, insnın hələ gözü və dili açılmamış ikən ana rəhmindən qazılması olan aborta nə ad vermək olar?! “Google”dan abort edilərək parçalanmış məsum körpələrin şəkillərinə baxmanızı tövsiyə edirəm. İnsanı qazıyıb məhv etmək müasirlik, heyvanı kəsmək barbarlıq olur demək. Heyrət edirəm sənin ağlına.
TRT Xəbər kanalında Çində birdən artıq uşağa qadağa qoyulması səbəbiylə, ailələr tərəfindən doğulan yeganə uşaqlarının oğlan olmasını istəndiyi, USİ vasitəsilə qız uşağı olduğunu gördükləri zaman abort edildiyi söyləndi. Hindistanda isə qız tərəfinin kürəkənə bol miqdarda evlilik yardımı etməsi və toy məsrəfələrini qız evinin qarşılaması səbəbiylə orada da ailələrin qız uşaqlarını abortla aldırdıqları deyilir. Statistikaya görə 1990-cı ildən bəri 163 milyon qız uşağı bu şəkildə öldürülüb. Bir də statistik qeydə alınmayanları da üstünə gələrək bu rəqəmi düşünün. TRT Xəbər etibarlı kanaldır. 163 milyon insan dilə asan gəlir. Qurban bayramında bismillahla kəsilən heyvanlara vəhşilik, barbarlıq, geriqalmışlıq, qətliam, cinayət deyənlər! 163 milyon qız uşağı öldürüldü. Harada qaldı sizin yuxa ürəkləriniz? Harada olduğunu deyimi? Şeytanla birlikdə. Şeytan qurban ibadətini sevmir, sevmədiyi üçün də dostlarını qurban əleyhinə danışdırır. Aborta isə şeytan və şeytani zehniyyət qarşı çıxmadığı üçün yoldaşlarından səs çıxmaz.
Qurbanı tənqid edən insanlardakı mərhəmətin eynilə Hitlerin mərhəmətinə bənzədiyini düşünürəm. Hitlerdə də bir mərhəmət vardı. Minlərlə insanı sobalarda yandıraraq sabun düzəldən Hitler bir gün maşınıyla gedərkən bir qurbağanın mindiyi maşının təkərləri altında qalıb əzildiyini görür. Maşından düşür və əzilən qurbağa üçün göz yaşı tökür. Ey Hitlerin əzilən qurbağaya ağlaması kimi kəsilən qurbanlara göz yaşı tökərək mərhəmətlə qarşı çıxanlar! Allah mərhəmətinizi artırsın və zehniyyətinizi təmizləsin.
Qurban kəsəcəyik. Kəsməsək də qurbanın gərəkli olduğuna iman edəcəyik. Siz yardımlaşma, kasıbları sevindirmək və s. deyilənlərə baxmayın. Əsl məqsədimiz Allahın əmri olduğu üçün kəsəcəyik. Dünyada bir dənə də kasıb qalmasa və yoxsulluq səviyyəsi sıfırlansa, kəsdiyimiz qurbanın ətini verəcək ehtiyac sahibi tapmasaq da, yenə kəsəcəyik. Əmr olunmuşdur, kəsiləcək. “Acların və yoxsulların olmadığı bir cəmiyyətdə yaşasan, qurban kəsməkdən vaz keçməyi düşünənlərdən olarsanmı yoxsa?” Namazımız, qurbanımız, həyatımız və ölümümüz Allah üçün olmalı deyimli?
Qurban lüğətdə yaxınlaşmaq mənasına gəlir. İlin 365 günü Allaha yaxınlaşmaq hədəfi və məqsədi olmalıdır insanın. İrfan jurnalı 60 buraxılışında yaxınlaşma və yaxınlaşdırma vəzifəsini yerinə yetirməyə çalışdı. Dəliyə hər gün bayramdır deyirlər. Bəli, hər gün Allaha zikirlə, fikirlə, şükürlə, infaqla, irfanla, səcdəylə yaxınlaşmağa çalışan üçün hər gün bayramdır. Rəbbim bizi hər günü bayram olanlardan eyləsin!
ŞƏRHLƏR