QURBANLA BAĞLI BƏZİ MƏSƏLƏLƏR
Sual: Qurban bayramında qurban kəsmək kimlərə vacibdir?
Cavab: Hər bir şəxsin qurban kəsməklə məsul olması üçün tələb olunan şərtlərin həmin şəxsdə olmasına “qurbanın vaciblik şərtləri” deyilir. Bu şərtlər dörddür:
1) Müəyyən maddi gücə sahib olmaq, 2) Müsəlman olmaq, 3) Ağlı başında olmaq və yetkinlik çağına çatmaq, 4) Yolçu olmamaq. Odur ki, qeyri-müsəlmanlara, ruhi xəstələrə, kiçik uşaqlara, yolçuya və yoxsullara qurban kəsmək vacib deyildir. Bundan əlavə qeyd etmək lazımdır ki, qurban kəsməyi vacib edən zənginliyin ölçüsü, zəkat və fitrə sədəqəsində lazım olan zənginlik ölçüsü ilə eyni olmaqla insanın borcları, təməl ehtiyaclarından başqa 20 misqal qızıla və ya bu dəyərdə pula, yaxud da ticarət malına sahib olmasıdır. Lakin qurban mövzusunda varlı olduqdan sonra bir ilin keçməsi şərti olmamaqla yanaşı, sahib olunan malın çoxalan (name) növündən olması da vacib deyildir. Belə olan təqdirdə, bayram günlərində borclar çıxıldıqdan və bir il üçün orta hesabla ailə xərcləri çıxıldıqdan sonra geridə 80 qr qızıl və ya bu dəyərdə pulu, ya da ticarət malı olan hər bir kəs qurban kəsməklə məsuldur. Bu şərtləri daşımadığı halda qurban alma gücü olan və ya daha sonra verəcəyinə əmin olan şəxs nisyə alsa da qurban kəsə bilər.
Sual: Qurban bayramı ərəfsində bəzi şəhər və rayonlarımızda qurban əti adı ilə ət satılır. Bu nə dərəcədə doğrudur?
Cavab: Qurban sırf Allah üçün niyyət edilərək kəsilməli və Hz. Peyğəmbərin sünnəsinə müvafiq şəkildə paylaşdırılmalıdır. Odur ki, qurban kəsən şəxsin qurbanın əti başda olmaqla heç bir hissəsini – dərisindən tutmuş baş-ayaqlarına qədər sata bilməz. Hətta qəssaba bundan zəhmət haqqı da verilməsi düz deyil. Hz. Əlidən belə dediyi rəvayət edilmişdir: “Rəsulullah (s.ə.s) dəvələr qurban kəsilərkən başında dayanmağımı, dərilərini və bellərindəki çullarını paylaşdırmağımı əmr etdi və onlardan hər hansı şeyi qəssaba zəhmət haqqı kimi verməyi mənə qadağan etdi;“qəssabın pulunu biz özümüz verərik” buyurdu.” (Müslim, Həcc, 348; Əbu Davud, Lüqətə; Darimi, Mənasik, 89). Lakin qurban kəsən şəxs öz qurbanından ehtiyacı olanlara payladıqdan sonra həmin ehtiyacı olan şəxs aldığı qurban payını ətdən daha çox pula ehtiyacı olduğu təqdirdə sata bilər.
Sual: Nəzir deyilmiş qurbanı Qurban bayramı günü kəsmək olarmı?
Cavab: Qurban bayramı günlərində kəsilən qurbandan başqa ibadət niyyəti ilə kəsilən digər qurban növləri də vardır. Nəzir, əqiqə, qiran və təməttö həcci edənin kəsdiyi şükür qurbanı, həcdə ehram qadağalarına tabe olmayanların kəsdiyi cəza və kəffarə qurbanı bunlar arasındadır. Əgər bir şəxsin nəzir (əhd) qurbanı varsa, sözügedən əhd qurbanını qurban bayramı günlərində kəsməsi caizdir. Amma kəsilən bu qurban bayram qurbanı yerinə keçməz. Vurğulamaq lazımdır ki, nəzir olaraq kəsilən qurbanın ətindən nəzir edən şəxs başda olmaqla onun ana, ata, baba, nənə, uşaq, nəvə və arvadı kimi baxmaqla məsul olduğu şəxslər yeyə bilməz. Əgər yesələr, yediklərinin qiymətini yoxsullara bağışlamalıdırlar. Nafilə olaraq kəsilən qurbanın ətindən isə, sahibi və baxmaqla məsul olduğu şəxslər yeyə bilər.
Sual: Bəzi rayonlarımızda hər il qurban kəsərkən ailə üzvlərindən birinin adına kəsmə adəti var. Belə bir şey caizdirmi?
Cavab: Cəmiyyətimizdə adət kimi formalaşan bu anlayışın istinadı Hz. Peyğəmbərin (s.ə.s) müxtəlif tətbiqatıdır. Ailə fərdlərindən hər hansı biri qurban kəsmək ibadətini yerinə yetirdikdə, onların hamısına kifayət etdiyinə dair hədislər vardır. Belə ki, Mihnəf İbn Süleymin (r.a) rəvayət etdiyi bir hədisdə qeyd olunur: “Hz. Peyğəmbərlə birlikdə dayanmışdıq. Onun belə dediyini eşitdim: “Ey insanlar! Hər ev xalqına, hər bir il üçün bir qurban vacibdir” (Tirmizi, Ədahi, 18). Bundan əlavə Hz. Peyğəmbərin kök, buynuzlu və ağ-qara iki qoçu, birisi ümməti adına, digərini də özü və ailə fərdləri adına kəsdiyi rəvayət edilmişdir (Bax. Buxari, Həcc, 117, 119; Əbu Davud, 4; Tirmizi, Ədahi, 2; İbn Macə, Ədahi, 1). Əbu Əyyub əl-Ənsari (r.a) Əta İbn Yəsarın Rəsulullah (s.ə.s) dövründə qurbanların necə kəsildiyini soruşduqda belə cavab vermişdir: “Hər bir kəs bir qoyunu özü və ailə fərdləri adına kəsər, ətindən yeyərlər və başqalarına da yedirərdilər. (bax. Tirmizi, Ədahi, 10)
Sual: Qurban əti neçə hissəyə bölünməli və necə paylanmalıdır.
Cavab: Qurban ətinin üç hissəyə bölünməsi müstəhəbdir. Bunlardan bir hissəsi qurban sahibi və baxmaqla məsul olduğu şəxslər tərəfindən istifadə edilir. İkinci hissəsi varlı olsalar da arvad, dost və qohum-əqrabaya pay verilir. Üçüncü hissəsi isə qurban kəsə bilməyən yoxsullara paylanır. Dəlil Kitab və Sünnədir. (Həcc, 28; Həcc, 36)
İbn Abbas (r.anhumə) Hz. Peyğəmbərin qurbanı ilə əlaqədar bunu rəvayət etmişdir: “O, üçdə birini ailə fərdlərinə yedirər, üçdə birini yoxsul olan qonşularına yedirər, geri qalan üçdə birini də sədəqə verərdi. Bununla birlikdə orta vəziyyətdə olan qurban sahibinin, baxmaqla məsul olduğu şəxslər çox olarsa, qurban ətini onlara saxlaması məqsədəuyğundur.
Sual: Qurban niyyəti ilə alınan heyvan hər hansı problemlər səbəbilə bayram günlərində kəsilməzsə, nə etmək lazımdır?
Cavab: Fiqh kitablarında qeyd edildiyinə görə, qurban bayramında kəsilmək üzrə satın alınmış qurbanlıq heyvan hər hansı bir səbəbdən kəsilmədən bayramın dördüncü günü də günəş bataraq keçərsə, əgər bu heyvan mövcuddursa özü, istifadə edilibsə qiyməti yoxsullara sədəqə olaraq verilməlidir. Odur ki, növbəti ilə təxirə salınması düzgün deyildir.
ŞƏRHLƏR