ODUR!

Uca Allah Qurani-Kərimdə belə buyurur:

Allahdan başqa heç bir tanrı yoxdur, əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!” (əl-Bəqərə, 255)

İlahi möhtəşəmliyin ayeyi-kərimədə sərgilənən əzəməti anlayış sahibi olan hər bir insan övladını Uca Allahı tanıma, Ona yaxınlaşma və Ona tabe olma yolunun təkamül pillələrinə götürən bir bəxtəvərlikdir. Tanınmasına məhəbbət edərək yaratdığı bu aləmlərdə cərəyan edən hadisələrin nizam və ahəngi hər bir varlığın mahiyyətində ilahi rəhmət və himayəyə qarşı misilsiz bir şükür və həmd-səna səadətinin çiçəklənməsinə vəsilə olmuşdur. Yerlərdə və göylərdə mövcud olan məxluqatın Allaha qarşı inanılmaz bir təslimiyyət həyatı qəflət bataqlığında çabalayan qəlbləri səmimi bir həssasiyyət iqliminə dəvət edəcək ölçüdədir. Bu haqda Uca Allah belə buyurur:

Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir! (ət-Təğabun, 1)

Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! (ər-Rəd, 15)

Qurani-Kərimdəki bu və bu səpkidə olan bir çox ayələrin “Allahdan başqa xidmət edilməyə layiq heç bir ilah yoxdur” düsturunun möhkəm əsaslarla qəlblərə hakim kəsilməsinə yardım etdiyi şübhəsizdir. Eyni zamanda ilahi bir lütf olaraq səmavi kitabların ümmətlərə hər tərəfli şəkildə açıqlanmasını və əyani olaraq yaşanmasını təmin etmək məqsədi ilə peyğəmbərlərin göndərilməsi, qulluqdan yayınmaq üçün gətirilən bütün mənasız dəlilləri yerlə yeksan edir. Uca Allahın qullarına daima rəhmət nəzərləri ilə münasibət göstərən bir yaradıcı kimi tanıdılması, iman ləzzəti ilə dolmuş qəlblərin davamlı şəkildə qidalanmasını mümkün edən əhəmiyyətli bir amildir. İnsanın əbədi həyat yolunun hər bir pilləsində Uca Allah ilə olan qırılmaz münasibətlərinin xəritəsini sərgiləyən ayələr Rəbbimizi tanıma istiqamətində Adəm övladını tam mənada qane edəcək bütövlüyə malikdir. Hz. İbrahimin (ə.s) Qurani-Kərimdə keçən həyat mücadiləsi Allaha yaxınlaşma və Ona layiqli qul olma mövzularını bütün incəliklərinə kimi bəşəri təfəkkürə açıqlayacaq səviyyədə verilmişdir. Onun Rəbbi olan Allaha bütün varlığı ilə yönəlişi Adəm övladını düşünülmüş qulluq məsuliyyətinə dəvət edən mühüm bir çağırışdır:

Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət (peyğəmbərlik, elm) bəxş et və məni (Sənin rizanı qazanmış) salehlərlə (yaxşılar zümrəsinə) qovuşdur! (əş-Şuəra, 78-83)

Beləcə Uca Allah öz qullarına əbədi qurtuluşun hər bir iş və əməldə yalnız Ona doğru yönəlmədə olduğunu tam aydınlığı ilə göstərir. Səmimi bir imanın bütün cizgilərini mənliyində toplama yarışına çıxan insan övladı üçün Quranın mübarək ayələrinə ixlasla yanaşmaqdan və Allahın elçilərinə təslim olmaqdan başqa digər ünvanlara müraciəti əhəmiyyətsiz bir məşğuliyyətdir. Məhz bu yolda uğur əldə edənləri hamının bilməsi üçün Rəbbimiz Quranda onları belə tanıdır:

Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər. (Vaxtlı-vaxtında, lazımınca) namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər. (Ənfal, 2-3)

Aləmlərə rəhmət olaraq göndərilən Hz. Məhəmmədin (s.ə.s) möminlərin sahib olduğu bu ruh halının davamlı bir iman sevgisinə çevrilməsini Rəbbindən niyaz etməsi Allah və Peyğəmbər himayəsinin qanadları altında çırpınan qəlbləri qorumaq naminə atılan misilsiz bir fədakarlıqdır:

“Allahım bizə imanı sevdir və qəlblərimizi imanla bəzə! Küfrü, günahı və üsyanı bizə çirkin göstər. Bizi həqiqəti tapanlardan et! Amin!” (Əhməd, III, 24)

Qəlblərdə Uca Allaha cani-könüldən yönəlmə səadətinin əsasını qoyacaq aşağıdakı ayə ilahi rəhmət və bərəkətin ölçülərini necə də gözəl ərz edir:

(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini (dinində olduğu) kimi… Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir! (əl-Həcc, 78)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz