ŞEYTAN və NAMAZ

ŞEYTAN və NAMAZ

     Allaha ibadət etmək Yaradana olan sevgi və hörmətin ən yüksək dərəcəsidir. İslama görə, insana verilən ömür Allaha ibadət etmək üçün bir sərmayədir. 

     Lakin şeytan müxtəlif yollarla insanları aldadır, namazı və digər ibadətləri ona tərk etdirməyə çalışır. O, hiylələri ilə möminləri həm Allah dərgahında qazancaqlarından məhrum etməyə, həm də Rəbbinə üsyana çağırır. Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”. (əl-Maidə, 90-91)

     Ayədən də aydın olduğu kimi, şeytan insanı namazdan ayırmaq istəyər. Bunun üçün o, namaz qılan adamı daima izləyər, qəlbinə şüphə salaraq onu tutub saxlayar. Onu namazı vaxtında qılmaq fəzilətindən məhrum etməyə çalışar. Namazdan əvvəl oxunan azan və iqamə zamanı isə oradan müvəqqəti uzaqlaşar. Bunlar bitdikdən sonra yenidən insana yaxınlaşıb namazda ikən onun qəlbinə müxtəlif vəsvəsələr salmaqla yoldan çıxarmağa cəhd göstərər.

     Allah Elçisinin (s.ə.s) həyatında bununla bağlı bəzi hadisələr baş vermiş və onlar hədislərlə dövrümüzədək gəlib çatmışdır. Məsələn, İbn Abbasdan (r.a) nəql edilmiş bir hədisə görə, şeytan bir gün Allahın izni ilə Rəsulullahın (s.ə.s) yanına gəlmiş və ona mömin namazda ikən hansı hiylələri işlətdiyini belə anlatmışdır: “Ey Muhamməd! İnsan namaz qılarkən onu tələsdirər, sağa-sola baxmasına çalışaram. Dediklərimi edərsə, üzünü oxşar, alnından öpərəm. Bundan sonra ona: “Sən namaza yaraşmaz bir iş gördün”,- deyərək əhvalını pozaram. Ey Muhamməd! Sən də yaxşı bilirsən ki, hər kim  namazda tələsər, sağa-sola çox baxar və başqa şeyləri düşünərsə, namazdan qafil olar, Allah da onun namazını qəbul etməz.

     Namaz camaatla qılınan zaman ona imamdan əvvəl rükuya və səcdəyə getməsini əmr edərəm. İmamdan əvvəl rükudan və səcdədən qaldırar, barmaqlarını şaqqıldatmasına çalışaram. Əgər o, namazda belə edərsə, Allahı deyil, məhz məni təsbih etmiş olar. Sonra adama “onu yadına sal, bunu xatırla”,- deyərək səcdələrin və rükuların sayını unutduraram. Sonra burnuna üfürərəm, o də əllini ağzına tutmadan əsnəyərsə, ağzından içəri daxil olaram. Həmin şəxs də bizə itaət edər” (Buxari, Salət, 354).

     Şeytan insanın ən qəddar, ən təhlükəli və ən qorxulu düşmənidir. O elə gizli düşməndir ki, insan həmişə onun hiyləsinə düşür. Allah-Təala Qurani Kərimdə bir çox ayələrdə açıq-aydın bildirib ki, şeytan insanın ən böyük düşmənidir. Bir ayədə belə buyurulur:

     “Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır” (Fatir, 6).

     Ayədə Allah-Təalanın aydın şəkildə “şeytanı özünüzə düşmən tutun!” əmrini görürük.  Başqa bir ayədə belə buyurulur: “Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, başqalarına böhtan atmağı) əmr edər” (ən-Nur, 21).

     Şeytan çox hiyləgərdir və o, insanları zəif nöqtələrindən yapışaraq yoldan çıxarır. O, xüsusilə də müsəlmanlarla çox ehtiyatlı davranır və tədricən onu çaşdırmağa başlayır. Şeytan heç bir zaman müsəlmanı birbaşa  küfrə sarı çağırmaz. O bilir ki, İslamdan küfrə getmək heç də asan deyil. Şeytan imanı güclü olan şəxsi belə günah işlər görməyə sövq etmir. O, imanlı şəxslə çox incə və ehtiyatlı hərəkət edir. O, mömin şəxsi daha çox halal, günah olmayan və eyni zamanda savabı da olmayan işlərə cəlb edir. Bu yolla o, mömini yavaş-yavaş ibadət və itaətlərə qarşı soyudur. Mömin şəxs mübah (savabı olmayan halal) şeylərdən çox istifadə etdikcə, artıq sünnəyə az riayət etməyə başlayır. Təbii haldır ki, sünnətə az riayət etdikdə, bəzi fərzlərə əməl etməkdə insan zəiflik göstərir.

     Bütün bunlarla bərabər şeytanın hiyləsi zəifdir. O, ancaq iradəsi və imanı zəif insanlar üzərində təsirlidir. İxlaslı möminlər üzərində şeytanın heç bir təsiri yoxdur. Uca Allah buyurur:

     “Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!” (ən-Nəhl, 99-100)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz