MİLLİ VƏ MƏNƏVİ SƏRVƏTİMİZ
30 may – M. Ə. Sabirin vəfatının ildönümünə
Azərbaycan ədəbiyyatı tarixində şərəfli yerə sahib olan böyük simalardan biri Mirzə Ələkbər Sabirdir (1862-1911).
Bu görkəmli şairimizin əhatə və təsir dairəsi çox geniş olmuşdur. Tədqiqatlar göstərir ki, o əsrimizin əvvəllərində yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqin bir sıra ölkələrində xalq azadlığı hərəkatına, ictimai satiranın inkişafına təsir göstərmiş bir çox satirik şairlər üçün nümunə olmuşdur. Hələ dahi şairin sağlığında onun əsərləri yerli mətbuatla yanaşı, Tiflis, Peterburq, Həştərxan, Səmərqənd, İstanbul kimi şəhərlərdə çıxan yerli qəzet və jurnallarda dərc olunmuş və böyük şöhrət qazanmışdır.
Belə bir məşhur şair haqqında yazmaq, onun əsərlərindəki ictimai və dini məsələləri təhlil etmək təbii ki, ağır işdir. Ancaq bu böyük şairə olan sevgi, onun əsərlərindəki bu günümüzlə də sıx bağlı olan tənqidi və eyni zamanda ibrətli sətirlərlə tanışlığım, şairi ürəkdən sevən bir dostumuzun da istəyi, məni bu haqda yazmağa vadar etdi.
Sabir öz sələflərinin, ilk növbədə, Xaqanı, Nizami, Füzulidən Seyid Əzim Şirvaniyə qədərki doğma Azərbaycan poeziyasının və habelə, Firdovsi və Xəyyamdan başlamış XX əsrin tərəqqipərvər şairlərə qədərki klassik Şərq ədəbiyyatının ən yaxşı mütərəqqi ənənələri əsasında yetişmişdi. İlk mətbu şeiri 1903-cü ildə “Şərq –Rus” qəzetində çıxmış, daha sonra isə “Molla Nəsrəddin” jurnalı ilə geniş vüsət almışdır. Şairin qələm dostu Abbas Səhhət bu haqda belə deyirdi: “Molla Nəsrəddin meydana çıxınca artıq hər sahibi-zövq Sabir əfəndinin ondakı nümuneyi-əşarına məftun olmaqdan kəndini alamadı. O gözəl şerləri oxuyub da anlayanlar, o gözəlliklərin zövqünə, fərqinə varanlar onları hifz etməyə həvəs etdilər. Şairlərimiz, yaxud mütəşairlərimiz o şiveyi-müstəhsəndə yazmağa, təqlidə başladılar. Daha bilmərrə köhnə üslub tərk olundu... Sabir əfəndi müqəllid deyil, bəlkə öylə mücəddid ki, köhnə şerlər ilə yeni şerlər arasında bir əsrlik uçurum açdı ki, bir daha geri dönüb də o uçurumu atlamağa kimsədə cürət qalmadı.”
Sabirin mövzu dairəsi geniş, tiplər silsiləsi zəngin, təsvir və səciyyələndirmə üsulları orjinal və rəngarəngdir.Dərin müşahidə qabiliyyətinə malik olan, təsvir etdiyi hadisələrin mahiyyətinə ecazkar şəkildə nüfuz edən böyük şairin satiralarında dövrün mühüm problemləri öz əksini tapmışdır. Şeirə ilk dəfə, fəhlə həyatı və onların acınacaqlı vəziyyətini, Azərbaycan kəndlisinin ağır həyat şəraitini, millətin dəhşətli zülm və istismarını, çarizmin və mülkədar qruluşunun ifşası, dini mövhumat, xurafat və cəhalətin, qadın əsarətinin tənqidi, gənc nəslin təlim və tərbiyəsi, ana dili və ictimai-mədəni tərəqqi ilə mübarizəni Sabir gətirmişdir. Elə bu məsələlərin bəziləri bu gün də problem olaraq qaldığı üçün, şairin əsərləri öz təravətini və təzələiyini qorumaqdadır.
Bəziləri elə zənn edirlər ki, Sabir dinə qarşı olub. Əslində bu belə deyildir. Sabir klassik mollaxana təhsilindən bir fayda almayınca, sonralar İslam dininin əsil həqiqətlərini öyrənərək, heç də bu dinin əvvəllər ona öyrədilən xurafatla əlaqəsi olmadığını görmüşdü. Bu işdə ona müəllimi Seyid Əzim Şirvani də yol göstərənlərdən biri olmuşdur. Sabir İslamı bu dinin tələb etdiyi kimi elm və hikmətlə öyrənməyə və həyatında tətbiq etməyə başladı. SSRİ dövrünün tədqiqatçılarının Sabiri bəzən dini tənqid edən şair kimi təqdim etməsi, şairin öz əsərləri ilə təkzib edilir. O, ömrünün sonuna qədər dindar olub. “Dini don” adı altında insanları aldadanlara qarşı həcvlər yazdığı üçün bolşevik və atesit ideoloqları bu cür şeirlərdən sui-istifadə edərək, onsuz da İslam dini haqqında az məlumatlı olan oxuculara Sabirin din əleyhdarı kimi təqdim olunmasına "əsas vermişdir". Onun hədəf obyektinə tuş gələn dövrünün saxta dindarlarına və onların müasirlərinə baxsaq, xələflərinin də onlardan çox az fərqləndiklərinin şahidi olarıq. Sabir, “Molla Nəsrəddinin 10-cu nömrəsində "Qızdırmalı" imzası ilə yazılan şeirlərə cavab – şeirində belə yazır:
Madam ki, hamiyani zülmət,
Xoşlar ki, davam edə cəhalət:
Heyhat bilirmi onda millət;
Tövhid nədir və ya nübüvvət?!
Bu misralarda Sabir göstərir ki, millətin İslam dininin iki əsası olan tovhidin (Allahın rəbb olaraq, ilah olaraq və isim və sifətlərində təkliyinin) və nübuvvətin (Allahın nəbisi olan Muhəmmədin iman və əxlaq üzrə yolunun - sünnəsinin mahiyyəti) nə demək olduğunu bilməməsi cəhalətin davam etməsini istəyən mövhumatçı və xurafatçıların, həmçinin atesit və materialistlərin əsas məqsədidir.
Başqa bir şerində isə din donuna bürünmüş saxtakarları və bunlara uyan avamları belə ifşa edir:
“Ol gün ki sənə Xaliq edər lütf bir övlad, Olsun ürəyin şad!
Təyin elə cindarı ki, etsin ona imdad, ta dəyməyə həmzad;
Sağdan sola, soldan sağa sal boynuna heykəl, Qoy cinni məəttəl;
Gər dəysə soyuq, sancılanıb olsa da bimar, hökm et gələ cindar,”
Sabir “Analar bəzəyi” şeirində isə:
"Elmə çağırır bütün əvamı,
Əl-elmü fəridatun kəlamı”
-deyirdi. Bu misralardakı "Əl-elmü fəridatun" ("Elm öyrənmək fərzdir") ifadəsinin Muhamməd Peyğəmbərin (s.ə.s) səhih hədisləri əsasında gələn “Taləbul elm faridatun alə kulli muslimin” (Elm tələb etmək bütün müsəlmanlara fərzdir) fətvalarından götürüldüyü şübhə doğurmur. Bununla o, elmi tələb etməyin vacibliyini yuxuda huri axtaran qafil dindarlara və avam insanlara (avamunnəs) bildirir.
Sabir, dövrünün müsəlmanlarını kafir adlandıran yalançı “din adamlarına” yazdığı bir şeirdə “onların dili ilə danışıb” deyir:
Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lənət ilə, qeybət ilə söhbətimiz,
Oxumaqdan payımız yox, yazıdan qismətimiz,
Bu avamlıqla belə hər sözü təfsir edəriz,
Yeri gəldikdə müsəlmanları təkfir edəriz.
ŞƏRHLƏR