BİR HƏDİS
عَنْ جَابِر ابْن عَبْدِ اللهِ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: {مَثَلُ الصَّلَوَاتِ الْخَمْسِ كَمَثَلِ نَهْرٍ جَارٍ، غَمْرٍ عَلَى بَابِ أَحَدِكُمْ، يَغْتَسِلُ مِنْهُ كُلَّ يَوْمٍ خَمْسَ مَرَّاتٍ}
Cabir ibn Abdullahdan rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Beş vaxt namaz qapınızın önündən axıb gedən və insanın hər gün içində beş dəfə yuyunduğu gur sulu bir çay kimidir.” (Buxari, Salət, 6; Müslim, Məsacid, 51)
Namaz insana günahlardan təmizlənmə və qorunmaq imkanı verərək həyatın müxtəlif sıxıntılarından qoruyur. Namaz insana ciddiyyət və iradə verir. Dan yeri qızarandan qalxıb həyatını təmin etmək üçün məişət qayğılarına dalan insan, küçədə, bazarda, iş yerində və. s həyatın minbir halları ilə qarşılaşır. Nəfs və şeytan da onu daim təqib edərək Allahın yasaq etdiklərinə və günaha yönəldir. İnsan iradəcə çox zəifdir. Harama, günaha, Allahın yasaq etdiklərinə tez yönəlir. Çalıb-çapmaq, döyüb-öldürmək, qəlb sındırmaq, pis söz söyləmək, haram qazanc dalınca qaçmaq və bu kimi pisliklərdən insanı namaz qoruyur. Sabah namazında Allahın hüzurunda duran insan imanını təzələmiş olur. Görəcəyi işlərdə qüsura yol verməyəcəyinə dair Allaha söz verərək evdən çıxır, gün ərzində gördüyü işlərdə Allahına verdiyi sözü xatırlayaraq günaha batmaqdan özünü qoruyur. Nəfsin və şeytanın təsiri qarşısında iradə gücü zəifləyəndə imdadına günorta namazı yetişir və ona Allahın qulu olduğunu xatırladaraq Allahın hüzuruna çağırır. Beləliklə Allah ilə bəndə arasında yenə bir iman əlaqəsi qurulmuş olur. Mömin yeni bir iradə gücü ilə nəfsinə və şeytana qarşı durur. Bu minvalla namaz mömini günahlardan qorumuş olur. Allah Təala Qurani-kərimdə belə buyurur: “Ya Rəsulum! Qurandan sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən namaz insanı çirkin və pis əməllərdən qoruyur.” (Ənkəbut 29/45)
Namaz mənəvi təmizliyin əsası olmaqla yanaşı eyni zamanda maddi təmizliyində ən gözəl vasitəsidir. Çünki namaz qılan mömin daima bədənini təmiz saxlamalı və gündə beş dəfə dəstəmaz almaqla yanaşı eyni zamanda paltarını və namaz qılacağı yeri də təmiz saxlamalıdır ki, bu da insanın hər gün beş dəfə bədən təmizliyinə riayət etməsinə səbəb olur. Bundan əlavə namazın günün müxtəlif vaxtlarında qılınması iki namaz arasında işlənmiş xəta və günah çirklərindən təmizlənməyə və günahların əfv edilməsinə vasitədir. Bütün bunlara görədir ki, Rəsulullah (s.ə.s) beş vaxt namazı qapının ağzından axan çaya, namaz qılmağı isə bu çayda beş dəfə çimməyə bənzətmişdir.
Namaz qılaraq həm maddi, həm də mənəvi cəhətdən özünü inkişaf etdirən hər bir fərd, Rəbbinə doğru yüksəlmiş olar. Bu baxımdan Rəsulullahın; “gözümün nuru” deyərək tərif etdiyi namaz, elə gözün bəbəyi kimi qorunmalıdır ki, gələcək nurlu və aydınlıq olsun.
ŞƏRHLƏR