HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Cəfəri-Sadiq q.s -4-

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Cəfəri-Sadiq q.s -4-

     Cəfəri-Sadiq həzrətləri buyurur:

“Kim ruzisinzə çətinlik çəkirsə, istiğfarı artırsın!”[1]

     [Bir gün Haqq dostlarından Həsən Bəsri həzrətlərinin yanına dörd nəfər gələrək, biri quraqlıqdan, biri kasıbçılıqdan, biri tarlasının məhsuldar olmamasından, digəri isə övladının olmadığından[2] söz açaraq ondan yardım istədilər. O böyük vəli gələnlərin hər birinə “istiğfar”la məşğul olmağı tövsiyə edir.  

     Yanındakılar təəccüblə belə deyirlər:

     “- Əfəndim, bunların hər birinin dərdi və müşkülü başqa-başqadır, amma siz hamısına eyni tövsiyəni etdiniz!”.

     Həsən Bəsri həzrətləri onlara bu ayeyi-kərimə ilə cavab verir:

  “(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır! O sizə göydən bol yağış göndərər; O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!”. (Nuh, 10-12)[3]

     Deməli, Allah-Təala tövbə və istiğfar edən bəndələrinin bir çox müşküldən qurtarıb, onlara lütf edər. Haqqın rəhmətini cəlb edib, qəzəbini söndürəcək ən əsas vasitə bəndənin ixlasla Rəbbinə yönələrək Ondan xəta və günahlarının əfvini istəməsidir.

     Necə ki, başqa bir ayədədə belə buyurulur:

     “…(Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!” (əl-Ənfal, 33)]

     Cəfəri-SAdiq həzrətləri buyurur:

     “Qəzəb bütün şərlərin açarıdır”.[4]

     [Mömin xeyrə açar, şərə kilid olmalıdır. İkiuclu bıçağa bənzəyən qəzəb isə imandan doğarsa xeyrin, nəfsdən doğarsa şərin açarı olar. Çünki nəfsani qəzəblər ağlı başdan çıxardan çılğınlıq halıdır və çox vaxt aqibəti fəlakətlə nəticələnir. Əgər mömin qəzəblənəcəksə, Allah rizası üçün, İslam düşmənlərinə və günaha qəzəblənməlidir. Nəfsindən doğan qəzəb hissini isə daim cilovlamağa çalışmalıdır.

     Həzrət Əli (r.a)-ın Allah yolunda vuruşarkən bir kafiri öldürməsi ərəfəsində üzünə tüpürməsi nəticəsində onu öldürməkdən vaz keçməsi hadisəsi bu xüsusda ən gözəl misallardan biridir. İmanın qazandırdığı həssaslıqdan məhrum olan İslam düşməni Həzrət Əlinin bu qeyri-adi hərəkətinə məəttəl qalaraq heyrətlə soruşur:

     “- Ey Əli, tam da məni öldürmək üzrə idin, nə üçün əl saxladın? Şiddətli qəzəbin necə oldu ki, bir anda sükunətlə əvəz oldu? Bu ani dəyişikliyin hikməti nədir?”.

     Həzrət Əli t bu cavabı verir:

     “- Mən yalnız Allah yolunda cihad edirəm. Allaha düşmən olanların boynunu Onun rizası üçün vururam və əsla nəfsimi buna şərik etmirəm… Sən üzümə tüpürərək məni təhqir etmək, qəzəbləndirmək və bununla da nəfsimi hərəkətə gətirmək istədin. Əgər mən həmin anda hiddətlənsəydim, səni nəfsimə ram olmaq kimi mənasız bir səbəblə öldürmüş olacaqdım. Halbuki mən qürurumu təmin etmək üçün yox, Allah rizası üçün vuruşuram”.

     Məhz bu fəzilətli hərəkət qarşısında həmin düşmən iman ilə şərəflənir.

     Allah-Təala ilahi mükafatlarla müjdələdiyi təqva sahibi olan bəndələrinin vəsflərini belə zikr edir:

     “O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər” (Ali-İmran, 134)

     Bu ayeyi-kərimənin həyata tətbiq olunmasına dair yaşanmış fəzilət nümunələrindən biri belədir:

     Cəfəri-Sadiq həzrətlərinin bir köləsi vardı. Bir gün o su tökür, həzrət isə əllərini yuyurdu. Birdən su patlarına sıçradı. Cəfəri-     Sadiq həzrətləri hirslə köləyə baxdı. Bu zaman kölə:

     “- Əfəndim, Qurani-Kərimdə «وَالْكَاظِم۪ينَ الْغَيْظَ / Qəzəblərini udanlar»,[5] Allahın məğfirəti və Cənnətlə müjdələnirlər”,- dedi.

     Cəfəri-Sadiq həzrətləri:

     “- Elə isə qəzəbimi uddum!”,- dedi.

     Kölə ayənin davamını oxudu:

     “–وَالْعَاف۪ينَ عَنِ النَّاسِ: İnsanları əfv edənlər”.

     Cəfəri-Sadiq həzrətləri:

     “- Haydı, səni əfv etdim”,- dedi.

     Kölə ayəni oxumağa davam etdi:

     “–وَاللّٰهُ يُحِبُّ الْمُحْسِن۪ينَAllah yaxşılıq edənləri sevər!”.

     Bunun üzərinə Cəfəri-Sadiq həzrətləri:

     “– Gedə bilərsən, sən Allah-Təalanın rizası üçün artıq azadsan. Bu min dinar da sənin olsun!”,- buyurdu.[6]

     İnsanın şəxsinə qarşı xəta və günah işləndiyi zaman Allah rizası üçün qəzəb hisslərini boğmaq böyük bir fəzilətdir. Necə ki, hədisi-şərifdə buyurulur:

     “İgid güləşdə rəqibinə qalib gələn deyil. Əsil igid qəzəbləndiyi vaxt qəzəbinə qalib gələndir”. (Buxari, Ədəb, 76; Müslim, Birr, 107, 108)

     Allah Rəsulu r şəxsi məsələlərdə hirsi boğa bilməyin yolunu da belə bəyan etmişdir:

     “Diqqət edin! Qəzəb Adəm oğlunun qəlbindəki bir alovdur. Hirslənən adamın gözlərinin qızardığını, boyun damarlarının şişdiyini görmürsünüzmü? Kim hirslənməyə başladığını hiss edərsə, dərhal otursun, yaxud da yatsın!”. (Tirmizi, Fitən, 26/2191; İbn Macə, Fitən, 18)

     “Sizdən biri hirsləndikdə ayaq üstədirsə, otursun, hirsi soyuyarsa, lap yaxşı, əks təqdirdə uzansın”. (Əbu Davud, Ədəb, 3/4782; Əhməd, V, 152)

     Əbu Vail belə deyir:

     “Bir gün Urvə bin Muhammədin yanına getmişdik. Bir nəfərin naxoş sözlər söyləyərək Urvəni hirsləndirdiyini gördük. Bu zaman Urvə ayağa qalxdı, dəstəmaz alıb yanımıza gəldi vəə Rəsulullah r -in belə buyurduğunu nəql etdi:

     “Hirs şeytandandır. Şeytan isə oddan yaradılmışdır. Od su ilə söndürülür. Elə isə sizdən biri hirsləndiyi zaman dəstəmaz alsın!”. (Əbu Davud, Ədəb, 3/4784; Əhməd, IV, 226)

     Ancaq onu da qeyd etmək lazımdır ki, hirsi boğa bilmək mühüm olduğu kimi, lazım gəldikdə Allah rizası üçün qəzəblənmək də son dərəcə əhəmiyyətlidir. Necə ki, Rəsulullah r öz nəfsi üçün hirslənməz və heç kimlə mübahisəyə girməzdi. Lakin başqasına və ya cəmiyyətə aid bir haqq tapdandığı zaman, xüsusilə də bu halın davam etdiyini gördükdə hirslənər, hətta mübarək alnındakı damar qabarar, yalnız haqq və ədalət öz yerini tapandan sonra sakitləşərdi.]

     Cəfəri-Sadiq həzrətləri buyurur:

     “(Din) qardaşından sənin haqqında xoşuna gəlməyən bir söz çatanda kədərlənmə! Əgər işin əsli onun dediyi kimidirsə, bu söz axirətdə çəkəcəyin bir cəzaya kəffarə olar. Yəni həmin cəza hələ bu dünyada ikən sənə verilmiş olar. Elə deyilsə də heç nə etmədən bu söz səbəbilə bir savab qazanmış olarsan”.[7]

     [Cəfəri-Sadiq hzərətlərinin bu nəsihəti xüsusilə haqsız və əsassız ittihamlara məruz qalan möminlər üçün necə də gözəl təsəllidir. Qəlbin hüzur və müvazinətini qorumaq üçün bu nəsihəti qulaqda sırğa etmək lazımdır.

     Bu bir həqiqətdir ki, bir mömin nə qədər yaxşı adam olsa da, mütləq onun da əleyhinə danışanlar olacaq. Heç kim bunun qarşısını ala bilməz.

     Necə ki, ilahi qüdrətin insanlıqda təcəlli edən şahəsəri Həzrət Peyğəmbər r kimi ideal və nümunəvi bir insanı da nalayiq sözlərlə anan Əbu Cəhl xarakterli qafil və cahil insanların hər əsrdə yaşaması bu cür ittihamlardan və dedi-qodulardan heç kimin uzaq qalmayacağının açıq-aydın ifadəsidir.

     Yenə Cəfəri-Sadiq hzərətlərinin nəql etdiyinə görə, Həzrət Musa u bir gün dua edərkən Allah-Təalaya belə yalvarır:

     “‒ Ya Rəbbi! Hər kəsin məni xeyirlə yad etməsini istəyirəm”.

     Haqq-Təala isə:

     “- Bu necə ola bilər, özüm də daxil, heç kimə belə bir şey etmədim”,- buyurur.[8]

     Yəni insna nə qədər yaxşı da olsa, mütləq onu gözü götürməyənlər, qınayanlar, bəyənməyənlər və dedi-qodusunu edənlər olacaqdır.

     Arif möminlərin ali sifətlərindən biri də insanların onlar haqda bu kimi mənfi dedi-qodusundan inciməməkdir. Çünki edilən bu ittihamlar əgər doğrudursa, qeybətdir, yox, tamamən haqsız isə, o zaman iftiradır. Bu kimi naxoş rəftara məruz qalan mömin üçün hər iki hal ya günahlarının bağışlanmasına, ya da dərəcəsinin yüksəlməsinə vəsilədir.

     İnsanlar dəhşətli qiyamət günündə özləri də çox ehtiyac hiss etsələr də, savablarını dünyada ikən qeybət və dedi-qodusunu etdikləri kəslərə vermək məcburiyyətində qalacaqlar. Əgər borclarını ödəyəcək qədər savabları qalmazsa, dedi-qodusunu etdikləri adamların günah yüklərini öz üzərlərinə alacaqlar.[9]

     Qeyd edəcəyimiz hadisə bu hqiqətləri nə gözəl ifadə edir:

     Qeybət günahına vərdiş edən bir nəfər ətrafında olan bir Haqq dostunun da qeybətini etməkdən geri qalmırdı. Ona görə də həmin qeybətçini heç kim sevmirdi. Lakin könül təbibi olan Haqq dostu nə vaxt qeybətini edən adam yanına gəlsə, onu təbəssümlə qarşılayar, “Gəl görüm, mənim əziz şərikim”,- deyərək iltifat edirdi. Onun bu gözəl rəftarı nəhayət onu insafa gətirdi və:

     “Mən orda-burda bu adamın əleyhinə danışıram, o isə həmişə mənə iltifat edir. Daha bundan sonra əleyhinə danışmayacağam”,- dedi.

      Artıq həmin Allah dostunun qeybətini etmirdi. Lakin hüzuruna gəldikdə əvvəllər olduğu kimi iltifat görmürdü. Bir gün bunun səbəbini soruşdu:

     “Əfəndi həzrətləri, artıq mənə əvvəllər olduğu kimi iltifat etmirsiniz. Əvvəlki sevginizi göstərməməyinizə səbəb nədir?”.

     Onu və onun kimi qeybət xəstəliyinə tutulanlara xəbərdarlıq etmək üçün əlinə yaxşı fürsət düşən Haqq dostu təbəssümlə:

     “- Əvvəllər səninlə ticarət şərikliyimiz vardı. Artıq həmin şərikliyimiz sona çatdı və ona görə də iltifat da qalmadı”,- dedi. O isə təəccüblə soruşdu:

     “- Nə şərikliyi? Mənim elə bir şəriklikdən xəbərim yoxdur”. Böyük vəli belə izah etdi:

     “- Sən orda-burda mənim əleyhimə danışırdın. Mən də qeybətinə qeybətlə cavab vermir və səbir edirdim. Bu səbrimin əvəzində mənim günahlarım sənin dəftərinə, sənin savabların da mənim dəftərimə yazılırdı. Səninlə belə bir ticarət şərikliyimiz vardı. İndi isə sən artıq qeybətimi etmirsən, ona görə şərikliyimiz də sona çatmış sayılır”.

     Eşitdikləri qarşısında məəttəl qalan adam:

     “- Doğrudan qeybətçinin vəziyyəti belədir?”,- deyə soruşduqda o mübarək zat bu misalla sözünə davam etdi:

     “- İmam Şarani deyir ki, “Əgər mütləq kiminsə qeybətini etməli olsaydım, əvvəlcə ata-anamın qeybətini edərdim. Çünki qeybət edən insan əvvəlcə öz savablarını qeybətini tdiyi adama bağışlamış, vermək üçün savabı qalmamışsa da, onun günahlarını öz üzərinə yükləmiş olar”.

     Bu sözlərdən sonra dərin düşüncələrə dalan qeybətçinin ağlı başına gəldi və bu hadisədən sonra heç kimin qeybətini etməməyə söz verdi.

     Qeybətin nə qədər böyük və çirkin günah olduğu ayeyi-kərimədə belə bildirilir:

     “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!” (əl-Hucurat, 12)

     Ölmüş bir adam necə ki, şərəf və ləyaqətini zədələyəcək pis sözləri eşitməyib, özünü müdafiə etmək iqtidarında deyilsə, qeybəti olunan adam da qiyabında baş verən günahlara cavab verəcək halda deyil. Ona görə də qeybət günahı ayeyi-kərimədə ölmüş qardaşının ətini yemək kimi dəhşətli dərəcədə iyrənc əməl kimi göstərilir.]

     Cəfəri-Sadiq həzrətləri buyurur:

     “Əməlsiz dəvətçi yay olmadan ox atmağa çalışan adama bənzəyir”.[10]

     [Boş bardaqla ikram olmayacağı kimi söylədikləri ilə yaşadıqları arasında təzad olan, əməli dediklərinə aymayanların verdiyi nəsihət, tövsiyə və təlqinlər də xitab etdikləri kəslərə təsir etməz. Çünki sözün təsir bərəkəti söyləyənin ixlas və təqva duyğuları ilə həqiqəti yaşaması nisbətindədir.

     Elə ona görə də Mövlana həzrətləri belə buyurur:

     “Əməli olmayan hikmətli söz borc alınmış bəzəkli patlar kimidir…”

     Yenə Mövlana həzrətləri:

     “Hal ilə nəsihət edən qal ilə (sözlə) nəsihət verəndən daha xeyirlidir”,- buyuraraq hal və davranışların çox vaxt sözdən daha təsirli olduğunu ifadə etmişdir.

     Səhabələrin əksəriyyəti Quran əxlaqını canlı olaraq təmsil edən Rəsulullah r –in gözəl davranışlaırna heyran qalaraq hidayətlə şərəflənmişdir. Çünki insan daima şəxsiyyət və xarakterə heyrandır.

     Ona görə də təbliğ və irşad fəaliyyəti ilə məşğul olanlar əvvəlcə özlərini ilahi əmr və qadağalara dəqiqliklə riayət etməlidirlər. Əks təqdirdə ilahi qəzəbə düçar olmaları qaçınılmazdır.

     Allah-Təala Qurani-Kərimdə İsrail oğullarının alimlərini misal göstərərək belə buyurur:

     “Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz?” (əl-Bəqərə, 44)

     “Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər…” (əl-Cumuə, 5)

     Rəsulullah r də belə buyurmuşdur:

     “İsra (Merac) gecəsi dodaqları alovlu qayçılarla kəsilib doğranan bəzi insanların yanından keçdim.

     “- Ya Cəbrayıl, onlar kimlərdir?”,- deyə soruşdum.

     “- Onlar ümmətindən olan bir qism xətiblərdir. Allahın kitabını oxuduqları halda insanlara yaxşılığı əmr edərkə, özlərini unudardılar (yəni söylədikləri ilə özləri əməl etməzdilər). Heç düşünməzdilərmi?!”,- cavabını verdi.” (Əhməd, III, 231, 120, 180, 239; Beyhəqi, Şuab, II, 283)[11]

     Bəlkə də bu və buna bənzər həqiqətlərin təsiriylə qəlbi titrəyən səhabələrdən Ənəs t belə nəql edir:

     “- Ey Allahın Rəsulu, özümüz əməl etmədiyimiz müddətcə yaxşılığı əmr etməyəkmi, həmçinin özümüz uzaqlaşmadıqca da pislikdən çəkindirməyəkmi?”,- deyə soruşduq.

     Rəsulullah r (buna kamil mənada müvəffəq ola bilmeyin imkansızlığı səbəbiylə) belə buyurdu:

     “- Tamamilə əməl etməsəniz də, yaxşılığı əmr edin, tamamilə uzaq durmasanız da, pis əməllərdən çəkindirin!” (Heysəmi, VII, 277).

     Yaxşılığı tövsiyə edib, pisliklərdən uzaqlaşdırmağa ilk növbədə özümüzdən və ailəmizdən başlamalıyıq. Bu mənada ilk vəzifəmiz xüsusilə uşaqlarımızı İslami şüurda yetişdirmək olmalıdır. Əks təqdirdə göz bəbəyimiz olan övladlarımız qiyamət günü bizdən şikayətçi olacaqlar. Allah-Təala Qurani-Kərimdə:

     “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır!..” (ət-Təhrim, 6) buyuraraq, əmri bil-məruf və nəhy anil-münkər vəzifəmizə ilk növbədə ən yaxınlarımızdan başlamamıza işarə edir.

     Övladlarımızı islami şüurda və dinimizin tələb etdiyi ədəb çərçivəsinzə yetişdirmək isə onları bir yaz tətilində qələbəlik bir məscidə göndərməklə təmin ediləcək qədər asan deyil. Həmçinin dini təhsili bu qədər bəsit görmək qəlbdəki islami şüurun zəif olduğuna dəlalət edər. Bununla kifayətlənərək vəzifəmizi yerinə yetirdiyimizi zənn etmək yalnız özümüzü aldatmaqdır. Övladlarımızın dünyadakı gələcəyinin yaxşı olması düşüncəsiylə, guya, səviyyəli bir kollecdə oxuda bilmək üçün böyük əmək və sərvət sərf edərkən, universitetə qəbul imtahanlarında ata-analar uşaqlarından daha böyük təlaş və əndişəylə məktəb qapılarında gözləyərkən, əcəba, bu həssasiyyətin neçə faizini onların əbədi gələcəyi olan axirət üçün göstərilir?.. Unutmayaq ki, övladlarımızı bu fani dünyadakı ilahi imtahanlara yaxşı hazırlaşdıra bilmək hər birimizin ən mühüm imtahanıdır.

     Bu gün ən böyük məsuliyyətimiz övladlarımıza qarşıdır… Çünki bu gün lideral sistemin “qoy etsin, qoy getsin” prinsipi ilə hərəkət edib mənəviyyata zəhər saçan və nəfsaniyyəti qabardantelevizorların mənfi təbliğatları, internetin yanlış ünvanları, modaların çığlın təhrikləri və reklamların aldadıcı təlqinləri uşaqlarımızın şəxsiyyətini formalaşdırır. Onların könül dünyasını pərişan edərək, dininə, mədəniyyətinə, tarixinə, hətta ailəsinə qarşı yadlaşdırır.

     Özümüzü, övladlarımızı, ailəmizi, qohumlarımızı və cəmiyyətimizi bu həzin aqibətdən qorumaq  üçün lazımi tədbirləri almalıyıq.]

     Allah-Təala hər birimizə uca dinimizi doğru anlayıb gözəl yaşamağı, bütün hal və hərəkətlərimizlə İslamın nəzakət, zərafət və gülər üzünü sərgiləyə bilməyi nəsib etsin.

     Amin!..


[1] Abdülmecid Hânî, el-Hadâikuʼl-Verdiyye, sf, 161, Rehber Yayıncılık, İstanbul 1986.

[2] Yeri gəlmişkən qeyd edək ki, bəzən səbəblərə təvəssül edilərək dua ilə Allaha təvəkkül edilsə də, insan istədiyinə nail olmaya bilər. Məsələn, bəzi ailələrin çox istəməsinə baxmayaraq övladı olmaz. Bunun bir çox hikməti var. Zira Allahdan başqa heç kim qeybi bilməz. Haqqımızda nəyin xeyir, nəyin şər olduğunu Rəbbimiz bizdən daha yaxşı bilir. Onun haqqımızdakı təqdiri şübhəsiz ki, bizim istədiklərimizdən daha xeyirlidir.

Həmçinin Allahın qulundan bəzi nemətləri əsirgəməsi o qullarını sevmədiyi mənasına da gəlməz. Necə ki, Həzrət Peyğəmbərin xanımı, ümmətin anası Həzrət Aişə anamızın da uşağı olmamıdı. Allahın bəzi nemətləri qullarından əsirgəməsi onların əsbir edib ilahi təqdirə riza göstərərək Haqq qatındakı dərəcələrinin daha da yüksəlməsi və o nemətlərdən daha xeyirli və əbədi olan axirət mükafatlarına nail olmaları üçündür. Ona görə də daim ilahi qədərə səbir, şükür, həmd, riza və təslimiyyət halımızı qorumalıyıq.

[3] İbn Həcər, Fəthul-Bari, XI, 98; Ayni, Umdətul-Qari, Beyrut ts. XXII, 277-278.

[4] Qəzali, Ehya, III, 166.

[5] Ali-İmran, 134.

[6] İbnül-Cövzi, Bəhrud-Dümu’, s. 142.

[7] Əbu Nuaym, Hilyə, III, 198.

[8] Abdülmecid Hânî, el-Hadâikuʼl-Verdiyye, sf, 161-162, Rehber Yayıncılık, İstanbul 1986.

[9] Bax. Buxari, Məzalim 10, Riqaq 48; Müslim, Birr 59; Tirmizi, Qiyamət 2; Əhməd, II, 303, 324, 372.

[10] Əbu Nuaym, Hilyə, III, 194-195; Mizzi, Təhzibul-Kamal, V, 89.

[11] Həmçinin bax. Buxari, Bədul-Xalq 10, Fitən 17; Müslim, Zöhd 51.

 

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz