QIRMIZI İŞIQLAR

QIRMIZI İŞIQLAR

     O yuxudan ayılanda artıq gec idi. Əl-üzünü tez yuyub səhər yeməyi yemədən özünü tələsik maşınına çatdırdı. 

     İşdəki önəmli toplantının başlamasına bir neçə dəqiqə qalmışdı. Hər gün öz maşınıyla bağcaya apardığı balaca qızı Zəhranı da anası servislə yola salmışdı. Bazar ertəsi, şəhərin hər yerində izdiham yaşanırdı. Küçələrdə maşın əlindən tərpənmək olmurdu. Nə qədər tez sürüb getmək istəsə də alınmırdı. O maşının əyləcinə basıb, işıqforun qırmızı işığında dayandı. Arxadan gələn maşınlar da ardarda bir-birini izləyirdilər. Maşını aldığı gündən onu bütün yol hərəkəti qaydalarına riayət edərək idarə edirdi.  Amma bu gün artıq hövsələdən çıxmışdı. Əlacı olsaydı heç bir qaydaya riayət etmədən hərəkətə davam edərdi. Yaşıl işığın yanmasını gözləmədən sarı işıq yanar-yanmaz hərəkətə davam etdi. Çox həyəcanlı idi. İşə gecikməsi onun karyerasına həddindən artıq çox mənfi təsir göstərəcəkdi. Buna görə də növbəti işıqforun qırmızı işığında dayanmadan keçmək qərarına gəlmişdi. Elə bu düşüncəylə maşının sürətini bir az da artırdı.

     Uzaqdan yaşıl işıqda keçə bilməyəcəyini anlamışdı. İlk dəfə yolu qırmızı işıqda keçəcəkdi. Yolun boş olacağını düşünürdü. Məsafə yaxınlaşır, sürət çoxalırdı. O sadəcə özü haqqında düşünürdü. Birdən maşının qarşısında peyda olan avtobus onun ağlını başından almışdı. Hər şey bir anda baş vermişdi. Svetoforun qırmızı işığında yüksək sürətlə keçib, yaşıl işıqda öz yoluyla gedən avtobusa çırpılmışdı. Başında şiddətli ağrılar hiss edirdi. Qana bulanmış təhlükəsizlik yastığından başını qaldırıb ətrada nəyin baş verdiyini anlamağa çalışırdı. Hamı o yan-bu yana qaçışırdı. İnsanların qışqırıq səsləri bir birinə qarışmışdı. Bədəninə yapışmış sükandan çətinliklə aralanıb, özünü maşından çölə atdı. Bütün işlər bir-birinə qarışmışdı. Artıq işə tələsmirdi. Bütün bu hadisələr sadəcə onun səhvi ucbatından baş vermişdi. Yavaş-yavaş özünü toplayıb insanların qışqıraraq qaçdığı avtobusa tərəf getdi. Hər kəs qucağında bir körpə uşağı xilas etməyə çalışırdı. O hələ heç nə düşünə bilmirdi. Amma cavan oğlanın qucağında məsum yanaqlarından qan süzülən körpə, qızı Zəhraya oxşayırdı. Oğlana yaxınlaşdıqca fikri qətiləşirdi. Həqiqətən bu Zəhra idi. O öz maşınıyla bağça uşaqlarını daşıyan servis avtobusuna çırpılmışdı. Hər yer qan gölünə çevrilmişdi. Ətrafı günahsız körpələrin bədənləri ilə dolu idi. Qızını son dəfə alırdı qucağına. Ağlamaq, qışqırmaq istəyirdi, amma gözündən yaş, boğazından səs çıxmırdı. Öz körpə balasının qatili özü idi. Heç kim ona baxmırdı. Nə səsini eşidən, nə də köməyinə çatan var idi. Qucağındakı uşağın soyuq bədəni qollarına dəydikcə tirtrəməyə başlamışdı. Artıq dözə bilmirdi.

     Öz qışqırığından qorxub yuxudan dəli kimi oyandı. O dəqiqə gözləri yanındakı kiçik çarpayıda mışıl-mışıl yatan Zəhraya zilləndi. Dərindən nəfəs alıb saata baxdı. Səhər namazının vaxtının girməsinə iyirmi dəqiqə qalmışdı. Bir ay idi ki, səhər namazlarına qalxa bilmirdi. Bu gün qalxmalı idi. Çünki hər şey hər an yuxuda gördüyü kimi ola bilərdi. Həyatında Allahın qarşısına qoyduğu qırmızı işıqlardan dəfələrlə keçmişdi. Bunun müsibətlərinə heç əhəmiyyət belə vermirdi. Necə ola bilərdi ki, insan bu dünyada svetoforun bir qırmızı işığında keçməklə başına gələcək müsibət haqqında düşünür, amma Allahın qoyduğu qadağaları keçdiyi zaman başına heç bir bəlanın gələcəyinə inanmırdı. “Yollarımızda qoyulan yol hərəkəti qaydaları nizamlı hərəkətin formalaşmasına xidmət etdiyi kimi, Allahın qoyduğu əmr və qadağalar da iki dünya həyatımızın da gözəlləşməsinə xidmət edir.  Heç bir iş, ən önəmli hadisə belə Allahın əmrlərinə qarşı gəlməyə əsas vermir. Onun bizə bildirdiyi haramlar bir növ qırmızı, halallar isə yaşıl işıqlardır. Yalnız vaxtı bizə verənə vaxt ayırmaqla həyatımızı gözəlləşdirə bilərik.” deyə öz-özüylə danışırdı. Bütün bunlardan sonra gözünə yuxu gedə bilməzdi. Zəhranın çarpayısna yaxınlaşdı və alnından öpdü. Dəstəmaz alıb, Allahın qarşısında səcdəyə qapandı. 

     Bəli, bu dünyada heç nə əbəs yerə baş vermir. Hər şeyin öz rolu, hər kəsin öz həyatı var. Ən əsası da bu həyata nizam verən, taleyimizi yaxşıya doğru dəyişdirən Allahın müqəddəs kitabı Qurani-Kərimdə bizlərə bildirdiyi əmrlər və qadağalardır. Bir gün peşman olmadan elə bu gündən başlamalıyıq onlara riayət etməyə. Unutmayaq ki, bir gün qırmızı işıqda keçə bilərik və bu zaman heç bir qəza da olmaya bilər. Amma təhlükəsizlik kameralarına bu hərəkətimiz tuş gəlibsə, cəriməmiz unvanımıza gələləcəkdir. Elə mənəvi dünyamız da ondan çox fərqlənmir. Belə ki, biz Allahın bizə qadağa buyurduğu hər hansı bir işi ediriksə və başımıza hər hansı bir müsibət gəlmirsə bu o demək deyil ki, biz artıq qurtulduq. Əsla!  Çiyinlərimiz üzərində hər an etdiklərimizi qeyd edən mələkləri unutmayaq. Cəriməsi sonradan gəlmədən, qaydaları pozmamağa çalışaq! 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz