NAMAZIN SOSİAL FAYDALARI
Amerikalı bir nəfər müsəlman ərəbə deyir:
- Müsəlmanlar necə də natəmizdirlər.
Ərəb ondan soruşur:
- Sən gündə üzünü neçə dəfə yuyursan?
Amerikalı:
- Gündə iki dəfə. Səhər və axşam yuyuram,- deyə cavab verir.
Müsəlman isə belə deyir:
- Mən gündə ayaqlarımı beş dəfə yuyuram. Deməli, mənim ayaqlarım sənin üzündən təmizdir.
Bu kiçik dialoq namazın insana nə qədər faydalı olduğunu bir daha sübut edir. Namaz təkcə insanların fərdi həyatlarına təsir etməklə qalmır, ictimai-sosial yöndən də bir çox faydaları mövcuddur. Namazın faydalarını sadalamaqla bitirmək olmaz. İslam dinindəki fərziyyətini nəzərə almadan sosial həyatda hansı faydaların olduğunu müşahidə edəndə namazın misilsiz xeyrinin, cəmiyyət üçün nə qədər əhəmiyyətli bir amil olduğunun şahidi oluruq. Bu gün insanlara ağır gələn namaz əksinə həyatı yüngülləşdirən bir ibadətdir. Bu gün insanların uzaq qaldığı və ya tənbəl-tənbəl yanaşdığımız namaz bizə elə hüzur verir ki, bu nə bir məqaləyə, nə də bir kitaba sığışar. İctimai yöndən müşahidə aparanda namaz qılanın aşağıdakı vəsfləri ortaya çıxır. Həqiqi namaz qılanlar belə olur:
Namaz qılan adam insanlar arasında etibar sahibi olur. Namaz qılan adamın təmizliyə riayəti həm şəxsi həyatında, həm də cəmiyyət içində böyük əhəmiyyətə səbəb olur. Namaz qılan adamın üst-başı təmiz olur. Hər gün beş dəfə dəstəmaz və təmizliyə riayət etməsi insanlar tərəfindən rəğbətlə qarşılanır. Təmizlik cəmiyyət üçün ən öndə gələn prinsiplərdəndir.
Namaz qılan adamın sözü düz, əməli saleh olur. İnsanlar tərəfindən hörmət edilir, ona rəğbət bəslənir. Günahlardan uzaq, təmiz həyat yaşamağa üstünlük verir. Ən əsası Allahdan qorxur. Riyakarlıqdan, ikiüzlülükdən uzaq olur. Həqiqi namaz qılanın həm daxili, həm zahiri birdir. Namazını məsciddə insanlar görsün deyə qılmaz. İnsanlar nümunə götürsün deyə qılır. Camaata tez-tez qatılır. Onlarla həmhal olur. Cəmiyyətə faydalı bir vətəndaş olmağı hədəfə alır.
Namaz qılan adam təkcə özünü düşünmür. Qonşusu ac, özü tox yatmır. Bişirdiyi yeməklərin qoxusu ilə qonşusuna əziyyət etmir. Ocağında bişdiyi təamlardan qonşusuna da ikram edir. Qonşusunu televiziyanın və başqa cihazların səsi ilə narahat etmir. Mal-qaranı, qoyun-quzusunu, toyuq-cücəsini qonşusunun bağına salmır. Qonşusunun həyətindən icazəsiz bir şey götürmür. Qonşusu qapısına gəldiyi zaman əliboş geri çevirmir. Ən əsası da qapısının önünə zibil atmır. Torpağını zəbt etmir.
Namaz qılan adamın sözündə yalan olmur. Yalan danışmaq onun əməlinə tərs düşür. Hər zaman hər yerdə düzü və haqqı deyir. Haqqı müdafiə edir, haqqı və səbri tövsiyə edir. Haqsızlığa məruz qaldığı zaman belə yenə haqsızlığa əl atmır. Əleyhinə belə olsa, yalan danışmır.
Namaz qılan adam mərhəmətli olur. Qəlbində kin-küdürət, paxıllıq, həsəd olmur. İnsanlara sevgi nəzərilə baxır. Onların dərdlərinə, sevinclərinə şərik olur. Qohum-əqrəba münasibətlərinə riayət edir. Xəstələri ziyarət edir. Əlindən gəldiyi qədər möhtaclara, yetimlərə, kimsəsizlərə əl uzadır. Üç gündən artıq heç kimlə küsülü qalmır. Heç vaxt haqsız yerə mübahisələr, fitnə çıxaracaq əməllərlə insanları narahat etmir.
Namaz qılan adam heç kimin arxasından qeybət etmir. Dedi-qodu, söz aparıb-gətirmək kimi cəmiyyətin arasına xaos salan əməllərdən uzaq durur. İnsanlara lağ edib onların eybini ortaya çıxartmır. Sözünün üstündə durur. Əmanətə xəyanət etmir. Münafiqlik edib cəmiyyətin rifahını pozmur.
Namaz qılan adam ata-ana haqqına riayət edir. Onlara əziyyət etmir. Onların bir sözünü iki eləmir. Daim onlara itaət edib onların xidmətində dayanır. Onlara sağlığında dəyər verir.
Namaz qılan adam vətənini, torpağını, dövlətini sevən olur. Vətən üçün, torpaq üçün vuruşur, şəhidlik dərəcəsinə qovuşmaq üçün can atır. Əmin-amanlığın, asayişin tərəfdarı olur.
Namaz qılan adam heç kimə əziyyət etmir. Heç kəsə zülm edərək insanların ahına bais olmur. Yetimin malına əl qoymur. Faiz verib faiz almır. Uşaqlarının boğazından haram tikə keçirmir.
Namaz qılan adam rüşvət vermir, rüşvət almır. Vəzifə, məqam düşkünü olmur. Mövqeyindən, vəzifəsindən ötrü kiməsə yaltaqlanmır. Öz halal zəhməti ilə çörək qazanır. Qazancına haram qatmır.
Namaz qılan bir ticarətçi heç bir zaman tərəzidə, ölçüdə naqis çəkmir. Alanda artıq, satanda əskik ölçmür. Malının pisini altda, yaxşısını üzdə qoyub insanları aldatmır. Malı satılsın deyə, malının keyfiyyətli olduğunu isbat etsin deyə yalandan and içib insanları öz yalanlarına inandırmır.
Namaz qılan adam heç kimin namusuna dil uzatmır. Bilmədiyi məsələ barəsində boş-boş danışmır. Heç kimə iftira, böhtan atmır. Başqaları haqqında həmişə hüsnü-zənn sahibi olur.
Namaz qılan adam haqsızlıqla qarşılaşdığı zaman əli ilə (yəni gücü və qüdrətinə görə) aradan götürür. Buna gücü çatmasa dil ilə nəsihət edir. Buna da gücü çatmasa qəlbində nifrət edir. Daima cəmiyyətdə nümunəvi şəxsiyyət olur.
Namaz qılanın əxlaqı gözəl olur. Tərbiyəli, nizam-intizamlı olur. Övladlarına gözəl tərbiyə verir. Heç bir zaman əxlaqsızlığa, ədəbsizliyə yol vermir.
Bəli, dəyərli qardaşlarımız! Bütün bunlar bir namaz qılan adamda olması gərəkən xüsusiyyətlərdir. İnsanların nəzərində namaz qılan belə olur. Həqiqətən də cəmiyyət üçün bu cür namaz qılanlar lazımdır. Sosial həyatın inkişafında bu cür namaz qılanların sayı nə qədər artarsa, o qədər faydası çox olar.
ŞƏRHLƏR