DİV ATA
acı bir hekayə
Səhrada tüğyan edən küləyin qaldırdığı qum atayla qızına rahat yeriməyə imkan vermirdi. Külək lap şiddətlənəndə hər ikisi üzlərini əks tərəfə çevirib bir müddət hərəkətsiz dayanırdılar.
Beş yaşlı Sevda elə hey deyinirdi: “Ee, ay ata, bu qum məni bezdirdi. Nə vaxt mağaraya çatacağıq, mən yoruldum axı”.
– Darıxma, az qalıb, çatırıq.
Qum Sevdanın dodaqlarının arasına, burnuna dolurdu deyə tez-tez yaylığı ağzından aralayıb yerə tüpürürdü, fınxırırdı.
– Axı sən ağzını, burnunu bağlamısan, bu qum necə burnuna dolur, başa düşə bilmirəm,- atası donquldandı, sonra diqqətlə baxıb gördü ki, Sevdanın ağzını örtdüyü yaylıq boşalıb, bərkitdi.
– Boğuldum, ay ata.
Atası yaylığı bir az boşaltdı və onlar bir xeyli yol gedəndən sonra ağac tapıb altında oturdular. Atası boxçanı açıb oradan çörək, pendir çıxardıb qumun üstünə sərdiyi yaylığın üzərinə qoydu. Hər ikisi həvəslə pendir-çörək yeməyə başladı.
– Ata, mağaraya hələ çox var?
– ...
– O dediyin div neçə gün yatacaq?
Evdən çıxmamışdan əvvəl atası Sevdaya demişdi ki, mağarada yatan divə baxmağa gedirlər.
– Yaxşı, ay ata, bax, sən evdə demişdin ki, divin üzünə su töksəm də oyanmaz, şillə vursam da, təpik vursam da. Bəs... bəs... yerdən yekə daş götürüb başına vursam, onda necə...?
– Onda da oyanmaz, – atası soyuqqanlıqla cavab verdi.
– Uy daa! – Sevda heyrətlə dedi.
– Yaxşı, sən yerdən yekə daş götürüb bərkdən divin başına....
– Yenə oyanmaz.
– Bəs kim öldürə bilər o divi?,- qız gözlərində qorxu soruşdu.
– Başqa div,- sakitcə dedi.
– O başqa div harda yaşayır? Başqa mağarada?
– Düzdü, başqa mağarada.
– O da çoxlu yatır?
– O da çoxlu yatır.
– Onda... Onda o yaxşı div yuxudan oyananda gedərik yanına, deyərik ki, gedib pis divi öldürsün, göstərərik yolu ona?
– Hə gedərik, Sevda, gedərik.
– ...Bəs ay ata, bəs, sən istəsən, div ola bilərsən?
– Mən?,- sualdan çaşan ata, – Mən niyə div olum ki?
– Nə bilim, istiyirəm bir günlüyə div olasan, o pis divi yatan yerdə öldürəsən.
– Axı mən sənə bayaq dedim, o pis divi ancaq yaxşı div öldürə bilər. Başqa mağarada yaşayan div.
– Axı, sən dedin, o biri div yatır. Birdən yaxşı divi oyada bilməsək, onda necə. Ona görə mən istəyirəm, sən birgünlük div olasan, yaxşı div, gedib o pis divi öldürəsən.
– Yaxşı, birgünlük div olaram,- deyib ata susdu.
– Onda məni də özünnən apararsan ha?
– Yaxşı, apararam.
Pendir-çörəkdən sonra xurmayla su içib ata-bala yola düşdülər. Sonra atası boxçasından bel çıxardıb yeri qazmağa başladı. Külək artıq dayanmışdı deyə kişi rahatca öz işini görürdü. Dizə qədər qazana yaxın xeyli tərləmişdi. Sevda başından açdığı yaylıqla tez-tez atasının üzünün, boynunun tərini silirdi, balaca, arıq əlləriylə atasının saqqalını qumdan təmizləyirdi.
– Hələ çox qalıb su tapmağımıza? – Sevda soruşdu.
– Hələ var, hələ qazmalıyam.
– Çoox?
– Yox, çox qalmayıb. Sən mənə baxma, get o yanda gəlinciyinlə oyna, bir azdan gələrsən.
Sevda atasından aralanıb taxtadan düzəltdiyi gəlinciklə oynamağa başladı. Atası arada su içə-içə, tərini silə-silə işinə davam elədi. Sonra içindəki suyu içib qurtardığı bardağı yerə atdı. Qurşağa qədər qazıb qurtaranda çaladan çıxdı.
– Su tapdın?,– üstünə balaca parça sərib gəlinciyini “yatızdıran” qız çönüb atasından soruşdu.
– Tapdım,- atası cavab verdi.
– Nə yaxşı,- tez yerindən durub qumun üstündəki boş bardağı götürüb atasına tərəf gəldi. – Məni quyuya sal, sənə su götürüm.
Atası qızının qolundan tutub ehmalca çalaya saldı. Sevda əlində bardaq əyildi ki, suyun çıxdığı yeri görsün, atası əlindəki belin dəmir olan hissəsiylə var-gücüylə onun boynuna, başına bir neçə zərbə vurdu. Sevda bircə dəfə qışqırdı. İlk zərbədən üzü üstə yıxılmışdı. Gördü ki, qızı tərpənmir, arxası üstə çevirdi, – üzü al-qan içindəydi, əlləri açılsa da, su bardağının qulpu hələ də əlindəydi, göyə baxan balaca gözlərində isə heyrət dolu “Niyə?” sualı vardı. Əlini ürəyi olan yerə qoyub yoxladı, döyünmürdü. Bardağı götürüb var-gücüylə uzağa tolazladı. Sonra çalanın qırağında oturub bir müddət qızına baxdı. Sevdanın gözlərindəki “Niyə” sualını oxuyan atanın gündən qızarmış gözləri bərələ qalmışdı...
Sevda evin ən çirkin qızıydı, anası da atası kimi əmin idi ki, beş yaşlı qız böyüyüb ərlik vaxtına çatanda da indiki kimi çirkin qalacaq deyə onu alan olmayacaq və buna görə onlar el içində rüsvay olacaqlar. “Tərslikdən” varlı da deyildilər ki, kimsə qayınatanın varına-puluna tamah salıb on beş-on altı yaşına çatacaq Sevda üçün elçi göndərə. Üstəlik, doqquz, on dörd yaşlı o biri iki qızı ərə vermək dərdi meydana çıxmışdı. “Yaxşı ki, bunlar Sevda kimi çirkin olmayıblar”,- buna da sevinirdi qızların ata-anası.
Kiçik qızından “qurtulub” yorğun addımlarla evə çatmaqdaydı: başqa atalar kimi ağzına qum dola-dola, qışqırda-qışqırda qızını qazdıqları quyuda boğub öldürməmişdi. O da elə Sevdanın sayəsində, – “Divin başına yekə daşla vursam, ölər?” – sualı atanı bu cür yerli ənənədən uzaq qətl üsulu seçməyinə səbəb olmuşdu. Çalanı qumla doldurandan sonra evə qayıtmışdı. Evdə isə arvadına yalandan demişdi ki, qızımızı diri-diri basdırdım.
...Cahiliyyə dövründə azyaşlı qızların diri-diri basdırıldığı, müqəddəs Kəbənin yaxınlığındakı Şübeykə qəbiristanlğına indi tez-tez ağ göyərçinlərin endiyini görmək olur.
ŞƏRHLƏR