QUYU

Yavaşca açılan qapının qıcırtısına içəridən duyulan sevinc dolu bir səs qarışdı: “Atam gəldi, ata!..”.

Qarayağız, qıvrımsaç balaca Həvla qaça-qaça gəlib atasını qucaqlamaq istədi. Atasının ona üz vermədiyini görüb ayaqlarına sarıldı. 

“Ata, sən də məni qucaqla… Bütün yorğunluğun keçəcək… Məndə də belə olur…” – dedi. Vəhb hər zamankı kimi, donub qaldı. Titrək əli ilə Həvlanın başını sığallamaq istədi, lakin son anda içindən yüksələn təəssüb hissi ilə əlini yumub geri çəkdi. Ona daha çox yaxınlıq göstərərsə, ayrılmağın çətin olacağından qorxurdu.

Bir anda keçmişə qayıdan Vəhb qızının dünyaya gəldiyi günü xatırladı. Qapının çölündə dayanıb sevinc dolu xəbəri gözləyirdi. İçəridən: “Qızın oldu”, - deyiləndə kefi pozulmuş, üzü qaralmış, ürəyi daş kəsilmişdi. Təmim qəbiləsinin qızlarının Hirə hökmdarı Numana əsir düşdüyü gündən bu yana əksər ərəb qəbilələri bu utancı bir daha yaşamamaq üçün qız övladlarından qurtulmağa söz vermişdilər. Artıq bu adət cəsarət rəmzinə çevrilmişdi. Bir qismi də bunu bəhanə edərək dolanışıq dərdi ilə... İndi qızı olduğu üçün dost-tanışının üzünə necə baxacaqdı? Hər gün birinə şeir qoşub ələ salan şairlərin dilinə düşsə, nə deyəcəkdi?.. Cəld bir hərəkətlə arxasını çevirib oradan uzaqlaşmış, çöldə - dağlarda gecələmiş, günlərlə gözünə yuxu girməmişdi.

Bu gecə də yata bilmədi, səhərə kimi yerində çevrilə-çevrilə qaldı. Xanımının ürəyinə damdı; gözünü heç də aydın bir səhərə açmayacaqdı…

Səhər yeməyindən (üç-beş xurma və bir qab su) sonra Vəhb xanımına səsləndi: “Qızı hazırla!.. Gəzməyə aparacağam!”. Ananın gözləri yaşardı, hönkürüb ağlamamaq üçün dodaqlarını bir-birinə sıxıb möhkəm dişlədi. Əl-ayağa düşüb yalvarmaq istədi, amma beş ildir bunun üçün çabalamışdı, xeyri olmamışdı. Vəhbin ürəyini yumşalda bilməmişdi. Həvla isə sevinc içində atılıb-düşməyə başladı. Hər gün həsrətlə gecə yarısına kimi evə qayıtmağını gözlədiyi atası onu gəzməyə aparacaqdı. Onun üçün bundan şad xəbər ola bilərdimi?!...

Həvla iki gün əvvəl atasının aldığı təzə paltarı geyindi. Sevincdən ürəyi köksünə sığmırdı. Bir neçə saat sonra onlar geniş bir səhranın ortasındakı kiçik bir dərəyə çatdılar. Vəhb külüngü iki əli ilə möhkəm qavrayıb qazmağa başladı.

- Ata, buranı niyə qazırıq? – yol boyu dayanmadan danışan, müxtəlif suallar verən, hətta bəzən atasını dodaqaltı güldürməyi bacaran Həvla soruşdu. Vəhb məntiqli bir cavab verməsə, qızının əl çəkməyəcəyini öyrənmişdi.

- Səhradakı heyvanlar susuz qalıblar. Onlar üçün su çıxardacağıq.

- Nə yaxşı, - Həvla şirin və sevinc dolu səslə dedi. – Mən bilirdim ki, mənim atam dünyanın ən yaxşı, ən mərhəmətli atasıdır. Həm də ən güclü… – Son sözü fərqli bir intonasiya ilə dedi ki, atası ilə fəxr etdiyini hiss etdirsin. – Ata, mən də kömək edim?

Atadan səs çıxmadı. Vəhb külüngü bacardığı qədər zərblə vururdu ki, qızının səsini eşitməsin.

Qızına göz atdı, quyunun onun boyunu aşdığını yəqin etdi. Barmağındakı gümüş üzüyü baş barmağı ilə oynadıb sürüşdürdü. Üzük quyunun dibinə düşüb cingildədi.

- Üzüyüm düşdü…

Həvla həyəcanla qaçıb qaranlıq quyunun dibinə boylandı.

– Sən, - Vəhb qəhərləndi, güclə udqunub dedi, - düşüb çıxarda bilərsən?

- Əlbəttə, ata, - deyərək Həvla günahsız, zərif balaca əllərini inamla atasının iri, güclü əllərinə birləşdirdi ki, onu quyuya sallasın. Nə biləydi bu quyunun elə özü üçün qazıldığını…

Quyu o qədər dar idi ki, Həvla əyilib üzüyü götürə bilmirdi. Çömbəlməyə çalışdı. Dizi və çiyni cızılıb sızıldadı, amma eybi yox, atası üçün bunu edəcəkdi.

Bunu görən Vəhb kövrəldi. Yenə də beli əlinə götürdü. Dərindən nəfəs alıb ah çəkdi. Beli torpağa sancdı ki, qızın üstünü örtsün. Əlləri əsirdi.

- Dayan! – arxadan bir səs eşidildi. – Dayan, Vəhb, eləmə! – bu, qaça-qaça gələn dostu Sasa idi. Vəhb buraya xüsusilə Sasadan gizli gəlmişdi ki, ona mane olmasın. Sasa bu vaxta kimi bir çox qız uşağının öldürülməsinə mane olmuş, hətta müəyyən məbləğ ödəyərək onları ölümün caynağından xilas etmişdi.

- Xeyr, Sasa, mane olma!

Sasa gəlib quyunun başına çatdı.

- Sənə iki dəvə verim, istəyirsən bir dənə də sağılan dəvə əlavə edim; ruzi dərdi çəkməzsən. Günahsız qızına qıyma!.. Tüpür səni qınayanların üzünə!.. Axı onun nə günahı var?

Quyudan hıçqırıq səsi eşidildi. Bayaqdan quyuya sığmayan qızcığaz bir-təhər çöməlib oturmuş, üzüyü əlinə götürmüşdü. İndi quyu başındakı danışıqları eşidib təlaşlanmışdı, ayağa qalxa bilmirdi. Fəryad qoparıb ağlamağa başladı:

- Ata, məni bağışla, ata! Bir daha səni incitmərəm!.. Məni öldürmə, ata! – hıçqıra-hıçqıra ağlayan qızcığazın səsi gah kəsilir, gah da yarı-yarımçıq kəlmələr eşidilirdi. - Ana!.. Ana!..

- Bunu eləsən, bu günahı heç nə ilə yuya bilməzsən! – Sasa qışqırdı.

Vəhb əlindəki beli hiddətlə kənara atdı. Quyu ilə arasında dayanan Sasanı elə itələdi ki, az qaldı o da quyuya düşsün.

- Yox, yox!.. – deyərək qaça-qaça oradan uzaqlaşdı. Uzaqdan hələ də onun “yox!..” – deyən fəryadı eşidilirdi. Sasa əlini quyuya uzatdı…

Həmin günlərdə Uca Allah Muhamməd peyğəmbərə (s.ə.s) vəhy endirdi və bu çirkin adət birdəfəlik qadağan edildi.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz