Osman Nuri TOPBAŞ ƏFƏNDİ İLƏ SİYƏR-NƏBİ HAQDA...
İrfan: Allah Rəsulu r -in həyatını öyrənmək, bilmək və ondan ibrət götürmək müsəlman üçün niyə zəruridir?
Osman Nuri TOPBAŞ: Çünki müsəlmanın dünya və axirət səadəti Rəsulullah r -i qəlbən tanımağa və həyatı Onun izində yaşamağa bağlıdır.
Peyğəmbərimiz r-in sirəti şəffaf və parlaq güzgü kimidir. Hər kəs o güzgüdə daxili və xarici dünyasını, hal və əməlini, əxlaq və davranışlarını seyr edib öz vəziyyətini götür-qoy edə bilər. Hər bir möminin vəzifəsi bu güzgüdə gördüklərinə görə halını islah etməkdir.
Rəsulullah r-in uca əxlaqı ilahi tərbiyə nəticəsində bizə bəxş edilən müstəsna bir nemətdir. O, ümmi peyğəmbər idi, oxuyub-yaza bilmirdi. Onun yeganə müəllimi Haqq-Təala idi. O, heç bir bəşərdən dərs almadı, lakin bütün bəşəriyyətin müəllimi oldu. Bu gün psixologiya, pedaqoqika, sosiologiya kimi insana xitab edən və onun ruhunu araşdıran nə qədər elm sahəsi varsa, Rəsulullah onların hər birinin ən zirvəsində dayanır. Onun qurduğu cəmiyyətdə nə psixoloji narahatlıq, nə iqtisadi böhran, nə də sosial hərc-mərclik vardı. Bütün mühəddislər, müfəssirlər, alimlər, ariflər, mütəfəkkirlər sahib olduqları elm və irfanlarını Rəsulullah r -ə borcludurlar.
Bu etibarla deyə bilərik ki, İslam tarixində nəşr olunan bütün əsərlər sanki bir kitabın və bir insanın şərhidir. O kitab qiyamətə qədər davam edəcək möcüzə olan Qurani-Kərimdir. O insan da Quranın feli təfsiri olan Rəsulullah r -dir.
Allah-Təala ayeyi-kərimədə Quranı Rəsulunun qəlbinə endirdiyini bəyan edir. Ona görə də Rəsulullahı qəlbən tanımaq Allaha qulluqda ən mühüm pillədir. Onu anlamadan, izindən getmədən və könül dünyasından nəsib almadan nə imanımız tam olar, nə Quranı kamil mənada idrak edə bilərik, nə də qulluğumuz tam bir qulluq olar. Bizə imanı, ibadəti, əxlaqı, bir sözlə, İslamı həyatımızın bütün sahələrində necə yaşayacağımızı öyrədən Rəsulullah r -dir.
İnsanı ilahi məhəbbət dəryasına aparan ən böyük məhəbbət bulağı Həzrət Peyğəmbərdir.
Ona görə Allah-Təala ayeyi-kərimələrdə belə buyurur:
“Kim Rəsula itaət edərsə, Allaha itaət etmiş olar…” (ən-Nisa, 80)
“(Rəsulum!) De ki: Əğər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın...” (Ali-İmran, 31)
Yəni İslamın doğru yaşanması üçün hər bir müsəlmanın Peyğəmbərimizin nümunəvi həyatını öyrənməsi və ömrünü Onun izində yaşamağa çalışması zəruridir.
Allah-Təala yalnız Həzrət Peyğəmbər üçün “لَعَمْرُكَ : Ömrünə and olsun…” (əl-Hicr, 72) buyuraraq Onun örnək həyatının qiymət və əhəmiyyətinə diqqət çəkir. Onun nümunəvi həyatını bütün insanlığa feli etalon olaraq təqdim edir.
Həqiqətən də tarixdə həyatının bütün sahələri ən xırda detallarına qədər araşdırılan yeganə peyğəmbər və insan Həzrət Muhamməd Mustafa r -dir. Onun bütün feil, söz və hissləri anbaan təqib edilərək tarixin şərəf lövhələrinə həkk olunmuşdur. Peyğəmbərimizin 23 illik nəbəvi həyatı Qurani-Kərimin canlı təfsiri xarakteri daşıyır.
- Əfəndim, hər bir adamın özünəxas xarakter və təbiəti var. Psixoloji, sosioloji və iqtisadi şərtləri bir-birindən fərqli ola-ola Rəsulullahın bütün insanlığa model şəxsiyyət olaraq göndərilməsini necə izah edə bilərsiniz?
- Bəli, zəngin insan yalnız zənginlərə, kasıb da yalnız kasıblara nümunə ola bilər. Ömrü boyu heç bir çətinliklə qarşılaşmamış, məşəqqətin nə olduğunu bilməyən, yoxluğa qatlanmayan bir adam həyatı çətinlik içində keçənlərə necə nümunə ola bilər? Yaxud da əksinə, ömrü əzab-əziyyətlə keçən bir adam bolluq və rahatlıq içində yaşayanlara necə nümunə ola bilər?
Halbuki Rəsulullah r -in nümunəvi həyatının ən mühüm xüsuslarından biri, sizin də dediyiniz kimi, hər insana misal olmasıdır. Haqq-Təala Onu qiyamətə qədər gələcək bütün insanlar üçün ideal nümunəvi şəxsiyyət olaraq təqdim etdiyi üçün cəmiyyətin ən aşağı təbəqəsindən ən üst təbəqəsinə qədər həyatın bütün mərhələlərindən keçmişdir.
Rəsulullah r dünyaya yetim gəlmiş, boykot illərində ən böyük məhrumiyyəti yaşamış, hər cür zülmü çəkmişdir. Daha sonra Allahın lütf qapıları üzünə açılmış, “peyğəmbərlik” və “dövlət başçılığı” kimi ən qüdrətli mərtəbəyə qədər həyatın bütün mərhələlərində yer almışdır.
Peyğəmbərimizin bu xüsusiyyəti, cəmiyyətin hər təbəqəsindən insanın, yeddidən-yetmişə, kimsəsiz yetimdən qüdrətli hökmdara qədər hər fərdin Onun həyatına baxaraq axtardığını tapması Allahın xüsusi lütfüdür.
Bu etibarla hansı vəziyyətdə olmağımızdan asılı olmayaraq, öz halımızı Onunla müqayisə etməliyik. Çünki İslam həyatımızın bütün sahələrini Onun nümunəvi həyatındakı ölçülərlə tənzimləməmizi istəyir. Uca dinimiz sanki bizə belə səslənir:
* Əgər sərvət sahibi zəngin birisənsə, bütün Ərəbistana hakim olan, ərəb liderləri məhəbbətlə özünə ram edən o uca Peyğəmbərin təvazö və comərdliyini təfəkkür et.
* Əgər cəmiyyətin aşağı təbəqəsindən birisənsə, Məkkədə zalım və qəsbkar müşriklərin zülm və təzyiqi altında yaşayan Həzrət Peyğəmbərin həyatından örnək al!
* Əgər zülm və haqsızlığa məruz qalmış təbliğçisənsə, Taifdə daş ürəkli müşriklərin daşa basdığı, lakin yenə də halından şikayət etməyib Allahdan əfv və mərhəmət diləyən səbir və rəhmət Peyğəmbərinin halını düşün!
* Əgər müzəffər bir fatehsənsə, Bədir və Hüneyndə düşmən üzərində qələbə çalan cəsarət və təslimiyyət Peyğəmbərini, Məkkənin fəthində isə qalib sərkərdə olduğu halda müqəddəs bölgəyə daxil olarkən dəvəsinin üstündə səcdə edirmiş kimi ali təvazökarlıq nümunəsi sərgiləyən şükür halındakı Peyğəmbəri gözünün önündə canlandır!
* Allah qorusun, əgər məğlubiyyətə uğrayan birisənsə, o zaman Uhud döyüşündə yaralanan və şəhid səhabələri arasında şücaət, cəsarət və mətanətlə dolaşan mütəvəkkil Peyğəmbəri xatırla!
* Əgər tələbəsənsə, vəhy gətirən Həzrət Cəbrayılın qarşısında ədəblə oturan Peyğəmbərin halını təsəvvür et!
* Əgər müəllimsənsə, məsciddə Suffə əshabına fədakarlıqla incə, zərif və həssas könlünün feyzini ötürərək ilahi əmrləri öyrədən Peyğəmbəri düşün!
* Əgər öyüd verən bir vaizsənsə, Məscidi-Nəbəvidə əshabına hikmət saçan Peyğəmbərin xoş səsinə qulaq ver!
* Əgər toplumda haqqı müdafiə etmək, ədaləti bərqərar etmək istəyirsənsə və bu məsələdə səni dəstəkləyən bir köməkçin yoxdursa, Məkkədə hər cür yardımdan məhrum halda olduqda belə zalımlara haqqı elan edib onları hidayətə dəvət edən Peyğəmbərin həyatına bax!
* Əgər ticarət karvanları ilə yola çıxan tacirsənsə, Suriyadan Busraya gedən qafilədəki ən mötəbər zatın halını təfəkkür et!
* Əgər hakimsənsə, Məkkə liderlərinin bir-birini qıracağı əsnada Həcəri-Əsvədi Kəbədəki yerinə qoymaq üçün Onun sərgilədiyi ədalətli və fərasətli davranışı düşün!
* Əgər kimsəsiz birisənsə, Abdullah və Əminənin yetimi, ciyərparəsi olan o Məsumu, nur üzlü Yetimi düşün!
* Əgər yeniyetmə gəncsənsə, Məkkədə əmisi Əbu Talibin sürüsünə çobanlıq edən, peyğəmbərliyə namizəd olan alicənab gəncin həyatına bax!
* Əgər xoşbəxt ailə qurmaq istəyirsənsə, Allah Rəsulunun ailə həyatına və tövsiyələrinə qulaq as! Hər işdə təqva yolunu tut ki, iki dünya səadətinə qovuşasan!
* Əgər ailə başçısısansa, Həzrət Xədicənin və Həzrət Aişənin həyat yoldaşı olan o mübarək zatın təmiz əxlaqına, dərin hissiyyatına və şəfqətinə diqqət et!
* Əgər atasansa, Fatimətüz-Zəhranın atası və Həzrət Həsənlə Həzrət Hüseynin babası olan o mötəbər zatın onlara qarşı rəftarındakı nümunəvi davranışı öyrən!
Xülasə, halından və vəsfindən asılı olmayaraq Rəsulullah r-in özün üçün ən mükəmməl mürşid və ən gözəl rəhbər olduğunu görərsən. O elə bir mürşiddir ki, insan Onun sünnəsi vasitəsi ilə hər səhvini düzəldə bilər, cığırından çıxan işlərini yoluna qoyar, halını islah edər. Onun rəhbərliyi sayəsində əbədi səadət və əmin-amanlığa nail olar!..
Demək ki, Həzrət Peyğəmbər r-in ömrü boyu yaşadığı müxtəlif hadisələr cəmiyyətin bütün təbəqələri, hətta bir-birinə zidd məqamda olanlar üçün də ideal davranış nümunələri ehtiva edir. Bu baxımdan heç kim deyə bilməz ki; “Mənim başıma gələn hallara dair Allah Rəsulunun həyatında, Onun yetişdirdiyi əshabi-kiramda, yaxud Onun təbliğ etdiyi Qurani-Kərimdə qissələri zikr edilən peyğəmbərlər və örnək şəxsiyyətlərin həyatında özümə ibrət alacağım feli bir etalon yoxdur”.
Rəsulullahın sirəti nadir və zərif çiçəklərlə, gözəl ətirli güllərlə bəzənmiş cənnət bağçasına bənzəyir. Elə bir bağça ki, axtaran hər kəs orada özü üçün nümunə götürəcəyi davranışların ən gözəlini tapa bilər.
Bu baxımdan biz də özümüzə bəzi sualları vermək məcburiyyətindəyik:
- Biz o cənnət bağçasından əsən ruhaniyyət mehindən nə qədər istifadə edirik?
- Ailə həyatımız Peyğəmbərimizin həyatına nə qədər bənzəyir?
- Ticarət həyatımız nə qədər Onun bəyəndiyi səviyyədədir?
- İctimai həyatımız Onun qoyduğu ölçülərə nə qədər uyğundur?
- Onun qəlbi ümməti üçün döyündüyü halda; yoxsul, çarəsiz, kimsəsiz, yetim və hidayətə möhtac insanlara qarşı biz nə qədər həssasıq?
- Onun gözəl əxlaqı müqabilində ümməti olan biz İslamın gülər üzünü, könül və ruh zənginliyini, nəzakət, zərafət və lətafətini nə qədər təmsil edə bilirik?
- Bu həqiqətlər çərçivəsində dəyərləndirməli olsaq, siyər təlimi və ya proqramı dedikdə nəyi başa düşməliyik?
- Hər şeydən əvvəl onu qeyd edək ki, Siyər-Nəbi quru bilgilərdən və ya xronoloji məlumatlardan ibarət deyil. Yəni Peyğəmbərimizin neçənci ildə doğulduğu, nə zaman hara hicrət etdiyi, hansı döyüşlərdə iştirak etdiyi, neçə yaşında, harada vəfat etdiyinə dair zahiri bilgilərdən ibarət olan Siyər təlimi insanların həyatına istiqamət vermək xüsusunda arzu olunan faydanı təmin etməkdən uzaqdır.
Bu baxımdan əsl siyər təhsili Peyğəmbərimiz r-in beşikdən məzara qədər sərgilədiyi nümunəvi davranışları, gözəl əxlaqı, Quranı təlim və təbliğ etməsini, dini həssaslığını ibrət nəzəri ilə oxumaq, dərk etmək və yaşamaqdır... Onun hisslərinə, fikir və istiqamətinə vaqif olmaq cəhdidir.
Siyər təhsilində bu dərinliyə enmədikdən, Onun həyatı təqva həssaslığı ilə ibrət, hikmət və məhəbbət nəzəri ilə oxunmadıqdan sonra “faydasız elm”lərdən birinə çevrilər.
Fizika, kimya, biologiya, riyaziyyat, dil, tarix, coğrafiya və bu qəbildən olan digər elmlər sırf zehin nöqteyi-nəzərindən oxuna bilər. Lakin Siyər-Nəbi sadəcə zehini bəsləmək üçün oxunmamalıdır. Rəsulullahın mübarək həyatı iman məhəbbəti ilə və könül gözü ilə oxunmalıdır ki, qəlblərdə Allah Rəsulunun sevgisi qol-budaq atsın. Sonra da bu sevgi heyranlığa, heyranlıq da itaət və təslimiyyətə vəsilə olsun.
Siyər təliminin ən mükəmməl formasını əshabi-kiramda müşahidə edirik. Rəsulullah r əshabını yetişdirərkən onların əlinə dəftər-qələm vermədi. Quran əxlaqını şəxsən təmsil edərək nümunəvi İslam şəxsiyyəti sərgilədi.
Səhabələr də Rəsulullahın şəxsində ilahi sənətin insanlıqda təcəlli edən möcüzəsini seyr edərək Ona heyran oldular. Ona bənzəməyə çalışdılar. Dünyəvi baxımdan bütün əziyyətlərə, məhrumiyyət və məşəqqətlərə baxmayaraq ən məsud cəmiyyət “əsri-səadət cəmiyyəti” oldu. Çünki onlar Allah və Rəsuluna yaxınlığın mənəvi həzzi ilə bütün dünyəvi problemlərin həllini tapdılar. Dünya gözlərində kiçikdi. “Sabah bu bədənin gedəcəyi yer məzar olacaq” düşüncəsi ilə nəfsani qayğıları geridə qoydular. Ruhun əsas olduğunu, bədəninsə sadəcə onun kölgəsi olduğunu dərk etdilər. Kölgə olan varlıqlarını fəda edərək Allah Rəsulunda fani olmağı, Onun könlündə bir yer tuta bilməyi özlərinə minnət bildilər. Bu yolda ölümü belə xəfif görərək:
“Canım, malım, hər şeyim Sənə fəda olsun, əmr et, ya Rəsulallah!”, - dedilər.
Ev-eşiklərini və yurdlarını tərk edib hicrətin yolunu tutdular. Allah yolunda döyüşlərdə iştirak edərək şəhid və qazi oldular.
Allah Rəsulunun krallara göndərdiyi hidayət məktublarını iman cəsarəti ilə kəllələrini vurmaq üçün əmrə müntəzir cəlladların qarşısında oxudular.
Canları və malları ilə cənnəti satın almağın vəcd və həyəcanı içində yaşadılar.
Dayanmadan çılışdılar, əsla “bizdən bu qədər, bir az da sonra gələnlər çalışsın”, - demədilər.
Harda insan görsələr, İslam nemətini oraya çatdırmaq üçün əllərindən gələni etdilər. Ta Səmərqəndə, Çinə, Qayruvana, İstanbul surlarına qədər getdilər. Yorğunluğun nə olduğunu bilmədilər. Heç vaxt rahatlıq axtarmadılar. Son nəfəsə qədər durmadan yüksələn qulluq həyatı yaşadılar.
Xülasə, əsl Siyər təlimi əshabi-kiram kimi könüllərdə Allah və Rəsulunun məhəbbətini zirvələşdirən, Sünneyi-Səniyyəyə tabe olma şövqünü artıran, dini duyğuları riqqətə gətirən bütün fəaliyyətləri ehtiva etməlidir.
- Yaxşı, bəs siyəri öyrənmək, Peyğəmbərin sünnəsini həyat tərzinə çevirmək istəyən bir adam haradan başlamalı, hansı əsərləri oxumalı və hansı üsula riayət etməlidir?
Peyğəmbərimizin həyatını bir-iki mənbədən oxuyaraq “bilirəm” demək kifayət etmir. Kitablardan oxuyub öyrənmək gərəklidir və müəyyən qədər də faydalıdır. Lakin bu təhsil arzuolunan nəticəyə nail olmaq üçün kifayət deyil.
Çünki Peyğəmbərimizi tanımaq Onu sətirlərdən oxumaqdan daha çox sadrlardan (qəlblərdən) oxumaqla mümkündür. Ən gözəl Siyər-Nəbi təhsili peyğəmbər əxlaqı ilə əxlaqlanmış, təqva əhli alim və ariflərin könül dünyalarından feyz almaqla mümkündür. Rəsulullah r də belə buyurmuşdur:
“İnsanlar arasında mənə ən yaxın olanlar kimliklərindən və harada olmalarından asılı olmayaraq Allaha qarşı təqva sahibi olan müttəqilərdir”. (Əhməd, V, 235; Heysəmi, IX, 22)
Bir sözlə, Siyər-Nəbini ən yaxşı dərk edənlər həyatları Rəsulullah r -ə ən çox bənzəyənlərdir. Onu ən yaxşı tanıyanlar təqva həyatı yaşayan və Onun sünnəsini həssas ölçülərdə yaşayaraq məhəbbət və həsrətlə o rəhmət günəşinə güzgü olan Haqq dostlarıdır. Çünki onlar eynilə kölgənin sahibinə olan mütləq sədaqət və bağlılığı kimi Allah Rəsulunun izini təqib edirlər. Onlar Allah Rəsulunu görə bilməyənlər üçün nümunə götürüləcək nəbəvi əxlaqın müxtəlif zamanlara yayılan müstəsna təmsilçiləridir.
Ona görə təqva əhli olan möminlər Allah Rəsulunu dərk edərək Onu həyatlarına əks etdirdikləri kimi, ağlımızı və qəlbimizi bu xüsusa fokuslamaq Peyğəmbərimizi ən gözəl tanıma yollarından biridir. Bu metodla öyrənilən Siyər-Nəbi qəlblərə nüfuz edərək həyata feyz və ruhaniyyət qazandırar.
Biz də Rəsulullahın varisi olan alim və arif şəxsiyyətlərin həyatına baxaraq, onların könül məhsulu olan əsərlərini oxuyaraq Peyğəmbərimizi ən doğru şəkildə tanıya bilərik.
Allah-Təala Qurani-Kərimin 258 yerində “təqva”dan bəhs edir. İnsanın həyatında yaşadığı təqva sanki qəlb gözü üçün durbinə çevrilir. Gözün görmədiyi bir çox mənzərə qəlbə açılan o mənəvi üfüqlərdə seyr edilir. Eynilə bir dənizə sahildən baxanların ancaq dəniz səthini görməsinə rəğmən həmin dəryaya dalan mahir dalğıcların endikləri hər təbəqədə bambaşqa mənzərələri seyr etməsi kimi.
Həzrət Peyğəmbəri Əbu Cəhl də gördü, Həzrət Əbu Bəkr də. Əbu Cəhl o güzgüdə öz qəlbinin zülmət qaranlığını seyr edərək azğın düşmənə çevrildi. Əbu Bəkr t isə insanlıq abidəsini seyr edərək Ona heyran oldu və can-dildən ram oldu.
Ona görə də eynilə digər elmlərdə olduğu kimi Siyər-Nəbini də müttəqi şəxsiyyətlərdən öyrənmək lazımdır. İnsanı hədisdən-sünnədən soyudan, alim kimi görünən, lakin təqvadan məhrum kəslərdən deyil. Xüsusilə də din təhsili alan gənclərin bu kimi həssas məqamlarda həddən artıq diqqətli olması lazımdır. Həzrət Peyğəmbər r çox sevdiyi səhabələrindən olan Abdullah ibn Ömərə belə xəbərdarlıq etmişdir:
“Ey İbn Ömər! Dinindən möhkəm yapış! Çünki o sənin həm ətin, həm də qanındır. Dinini kimdən öyrəndiyinə diqqət et! Dini elmləri və hökmləri istiqamət əhli olan alimlərdən öyrən, sağa-sola meyil edənlərdən uzaq ol!”.
Heç vaxt unutmayaq ki, Rəsulullah r -in həyatı Qurani-Kərimin canlı təfsiridir. Onun sünneyi-səniyyəsi Qurani-Kərimin ən doğru şərhidir. Bu gün “Quran İslamı” adı altında sünnəni inkar edənlər, hədisi-şərifləri gözdən salmağa çalışanlar bir növ: “Qurani-Kərimi Allah Rəsulu deyil, biz izah edək; dinin qaydalarını O deyil, biz müəyyən edək” deyən din təhrifçiləridir. Xüsusilə bu gün onlara qarşı ayıq-sayıq olmalıyıq.
- Siyərdən öyrəndiyimizi ömürlük təhsilə çevirməyin yolu nədir?
Hər şeydən əvvəl, bu bir cəhd məsələsidir. Fədakarlıq və ciddi səy tələb edir. Rəsulullah r 23 il ərzində nazil olan hər bir ayəni əshabına tətbiq etdirərək təlim və təbliğ etmişdir.
Məsələn, Allah Rəsulunun ən yaxınlarından biri olan Xalid bin Zeyd Əbu Əyyub əl-Ənsari həzrətləri 80 yaşlarında iki dəfə İstanbula səfər etmiş və burada şəhid olmuşdur. Yəni “Biz Allahın dininə kifayət qədər xidmət etdik, artıq bir kənara çəkilək, bundan sonra başqaları xidmət etsin”, - deməmişdir. Son nəfəsinə qədər Allah Rəsulunun mesajını, təbliğini, dəvətini könüllərə çatdırmaq qayəsi ilə ömürlük iman fədakarlığı sərgiləmişdir.
Siyəri ömürlük təhsilə çevirmək məhz bu cür mümkündür. Son nəfəsə qədər Allah Rəsulunun sadiq tələbəsi şüuruna sahib olmaqla və həyatı qulluq həyəcanı ilə yaşamaqla mümkündür.
Unutmayaq ki, əshabi-kiram Həzrət Peyğəmbərin önündə diz çöküb Ondan öyrənən tələbələri olduqları kimi biz də əshabın müxatəb olduğu eyni ayeyi-kərimə və hədisi-şəriflərə 14 əsr sonra müxatəb olan, Rəsulullahın axırzaman ümməti və tələbələriyik.
Aradan keçən zaman hər nə qədər uzun olsa da, Həzrət Peyğəmbərə yaxınlıq, eynilə Allah qatında üstünlük məsələsində olduğu kimi, sadəcə “təqva” sirrinə bağlıdır.
Mövlud Qəndilinə yaxınlaşırıq. Bu ayın 28-də, inşallah, Həzrət Peyğəmbərin dünyanı şərəfləndirməsinin il dönümünü yaşayacağıq. Lakin bir müsəlmanın Hz. Peyğəmbərlə münasibəti və Ona olan məhəbbəti müəyyən zamanlara məxsus bir mərasimdən ibarət deyil. Bu səbəblə Mövlud Qəndilini ən gözəl şəkildə əhya etməyin yolu:
P Ömrümüz boyu qəlbən Hz. Peyğəmbərlə bərabər olub sədaqətlə Ona itaət etməkdir.
P Son nəfəsimizə qədər “Hz. Rəsulullah indi yanımızda olsa, bizim halımıza təbəssüm edərdi, yoxsa mübarək qəlbi hüznə qərq olardı?” hissiyyatını qəlbimizdə daşımaqdır.
P Həyatda verdiyimiz hər qərarın və atacağımız hər mühüm addımın əvvəlcə Allah Rəsulunun təsdiqindən keçəcək səviyyədə olmasını düşünəcək qəlbi həssaslığa sahib olmaqdır.
Siyər-Nəbini ömürlük təhsilə çevirmək bu şəkildə mümkün olur. Hz. Peyğəmbəri daima baş tacı etməklə, Onu hər şeydən, hətta candan əziz tutmaqla gerçəkləşir.
“Peyğəmbər möminlərə özlərindən daha yaxındır...” (əl-Əhzab, 6) ayəsini qəlbən idrak edib felən həyata tətbiq etməklə gerçəkləşir. Hər an Peyğəmbərimizə minnət və şükran duyğusu bəsləyərək Sünneyi-Səniyyəsinə məhəbbətlə ram olmaqla gerçəkləşir.
Unutmayaq ki, Rəsulullah r bizim ən böyük könül sərvətimizdir. Bütün dünya nemətləri bizim olsa, lakin Allah Rəsulunu tanımamış olsaydıq, bunun nə qiyməti olardı? Çünki bu dünyadakı ömrümüz də, dünya da faniliyə məhkumdur. Lakin Rəsulullah r -i tanıyıb Ona can-dildən tabe olmağın gətirəcəyi hüzur və səadət isə sonsuzdur...
Allah-Təala qəlblərimizə Həbibinin gözəl əxlaqından pay almağı nəsib etsin! “Atam-anam, canım Sənə fəda olsun, ya Rəsulallah!” deyən mübarək səhabələrin dərin hissiyyatından qəlbimizə rəhmət əsintiləri ehsan etsin! Lütf-kərəmi ilə hər birimizə bu dünyada Peyğəmbərimizin ruhaniyyəti ilə zinətlənmiş bir həyat yaşayıb axirətdə də Kövsər hovuzundan içməyi, Livaul-Həmd bayrağı altında toplaşıb şəfaətinə nail olmağı nəsib etsin.
Amin!..
ŞƏRHLƏR