ÖVLAD TƏRBİYƏSİ

ÖVLAD TƏRBİYƏSİ

 “Uşaqlar bizim gələcəyimizdir” ifadəsinin şüar olmaqla yanaşı, cəmiyyətdə əyani qarşılıq tapdığı zaman dəyər qazandığını düşünürəm. Hər bir cəmiyyət öz dəyərlərini və gələcək strategiyasını bu məfkurə üzərində qurur. “Uşaqsız ev susuz dəyirmana bənzəyir”, - deyib, atalarımız. Danılmaz bir həqiqətdir ki, İslam dini də uşaqlara və uşaq tərbiyəsinə çox əhəmiyyət verir.

 Hər nə qədər bəzi ideoloji məktəblər əksini iddia etsələr də, bunun reallıqla heç bir əlaqəsi yoxdur. Valideynlərə, övladları üçün buraxılacaq ən gözəl mirasın “gözəl əxlaq” olduğunu deyən Hz. Peyğəmbərin (s.ə.s) həyatına nəzər yetirdikdə bilavasitə uşaq tərbiyəsinə əhəmiyyət verdiyini müşahidə edirik. Yəni Onun peyğəmbər olmaqla yanaşı, həm də uşaq psixoloqu, təlimçi və tərbiyəçisi olduğunu ifadə etsək, yanılmarıq.

Aləmlərə rəhmət olaraq göndərilmiş Hz. Peyğəmbərin (s.ə.s) rəhmətindən ən böyük pay, demək olar ki, uşaqlara düşmüşdür. Ələlxüsus qız övladlarından imtina edən və diri-diri torpağa basdıran bir dövrdə qız övladlarını tərbiyə edənlərə cənnət muştuluğu verən rəhmət bulağıdır, O (s.ə.s). Uşaqları sevməyənlərin mərhəmət yoxsulu olduğunu ifadə edən Hz. Peyğəmbər (s.ə.s): “Ailəsini, uşaqlarını müdafiə edərkən öldürülənin şəhid sayıldığını” buyuraraq uşaqları müdafiə edərkən ölənləri şəhidlik zirvəsinə ucaltmışdır.

Hz. Peyğəmbər (s.ə.s) Məkkədən Mədinə şəhərinə hicrət edərkən şəhərin girişində onu sevinclə qarşılayan insanlar arasında uşaqlar da var idi. Oradakı insanlara uşaqların nə qədər önəmli olduğunu, onlara qayğı və nəvaziş göstərilməsini öyrətmək üçün dəvəsindən enərək əvvəla uşaqlarla xüsusi maraqlanmışdı. Onlara: “Məni sevirsiniz?” – demişdi. Uşaqlar hamısı bir ağızdan: “Bəli, səni çox sevirik, ya Rəsulallah!” – dedikdə Hz. Peyğəmbər də onlara: “And olsun ki, mən də sizi çox sevirəm”, - buyurmuşdu.

Hz. Peyğəmbər (s.ə.s) uşaqları təkcə sevməmiş, eyni zamanda tərbiyə və təlimləri ilə də yaxından maraqlanmışdır. Onlara xüsusi qayğı göstərmiş, yeri gəldiyi zaman onlarla uşaqlaşmışdır. Onun gətirdiyi təlim sistemində uşaqları danlamaq, cəzalandırmaq yox, sevmək və həvəsləndirmək vardır. Bu gün dünyanın ən çox ehtiyac duyduğu bu duyğular Hz. Peyğəmbərin uşaq tərbiyəsinin ən əsas meyarı idi. “Uşaqlarınıza ikram edin və onlara gözəl tərbiyə verin” hədisi bizim üçün mayak vəzifəsi icra etməlidir. Çünki uşağımızın maddi imkanlarını yaxşılaşdırmaq, hər cür texniki-fiziki imkanlarla təchiz etmək onun xoşbəxtliyi və tərbiyəsi üçün kifayət deyil. Xüsusi ilə bu gün internet və televiziya proqramlarının əsir aldığı övladlarımızın ailə tərbiyəsinə hər dövrdən daha çox ehtiyacı var. Unutmayaq ki, tərbiyə pul ilə alınan bir dəyər deyil, sevgi, mərhəmət, məhəbbət kimi ülvi duyğularla yoğrulan xislətdir.

Müasir dövrdə pedaqoq və valideynlərin uşaq tərbiyəsində yanıldığı məsələlərdən və cəmiyyətdə yanlış formalaşan anlayışlardan biri, uşağa sevgi bəslənərsə, ərkəsöyün olacağı, ata-anasına qulaq asmayacağı düşüncəsidir. Unutmayaq ki, uşağı sevgi yox, hər istədiyini etmək, davranışlarına məhdudiyyət gətirməmək, xəta edincə xəbərdarlıq etməmək ərkəsöyün edər. Uşaqlara gözəl davranışlar aşılanmalı və bunları etdikcə də sevgi ilə müamilə edilməlidir.

Hz. Peyğəmbərin (s.ə.s) uşaq tərbiyəsinə nəzər yetirdikdə onların fitrətinə uyğun davrandığını müşahidə edirik. Onlara müvafiq tapşırıqlar vermiş və təqdir etmişdir. Tərbiyəsinə xüsusi maraq göstərdiyi Ənəs ibn Malikin rəvayət etdiyinə görə, Hz. Peyğəmbər uşaqlara ayaqqabıları cütləşdirmək, dəstəmaz üçün su hazırlamaq, qonaqlara su paylamaq, məktub daşımaq kimi vəzifələr verərdi. Uşaqlıqdan etibarən onlara məsuliyyət və xidmət şüuru aşılayardı. Səfərdən dönərkən uşaqları da özü ilə miniyinə mindirərdi. Onları gördükdə xüsusi salam verər, bir sözlə, onlara dəyər verər, sevgi, məhəbbət və qayğı göstərərdi.

Uşaq tərbiyəsində səbir göstərməyin və onlara hər fürsətdə dəyərli olduqlarını hiss etdirməyin əhəmiyyətini on yaşından etibarən Hz. Peyğəmbərin tərbiyəsində böyümüş Ənəs ibn Malikə göstərdiyi davranışında görə bilərik. Ənəs belə deyir: “Tam on il Hz. Peyğəmbərə xidmət etdim və onun yanından ayrılmadım. Mənə bir dəfə belə “uf” demədi. Etdiyim səhvlərə görə heç vaxt məni “niyə belə etdin?” - deyərək danlamadı. Xətamı görəndə “bunu belə etsən daha yaxşı olmaz?” - deyərək xətamı düzəldərdi”. (Buxari) Əlbəttə ki, övladlarımızı sevirik, ancaq sevgimizi büruzə vermirik və yaxud verə bilmirik. “Aslan oğlum!”, “Mələk qızım!” kimi ifadələrlə nəsihətlərimizi övladlarımıza sevdirərək verə bilərik. Bunu da unutmayaq ki, uşaqlar tənqid və uzun nəsihətlərdən sıxılırlar. Ona görə də qaydalarımızı qısa və konkret çatdırmalıyıq.

Əgər ailəmizi, övladlarımızı yad fikir və mədəniyyətlərdən qorumaq istəyiriksə, mütləq milli-mənəvi dəyərləri onlara aşılamalı, Hz. Peyğəmbərimizin rəhmət və sevgi metodundan istifadə edərək səbirlə onların tərbiyəsi ilə məşğul olmalıyıq. Beləliklə, onları və gələcəyimizi yad təsirlərin caynağından qurtarmış olarıq.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz