PEYĞƏMBƏR ÖVLADLARI
Hz. Peyğəmbərin (s.ə.s) övladları Xədicə və Mariyə analarımızdan (r.anhumə) dünyaya gəlmişdir. Hz. Xədicədən iki oğlu, dörd qızı, Mariyədən isə bir oğlu olmaqla yeddi övladı olmuşdur. Qısa şəkildə həyatları belədir:
1) Qasım bin Muhamməd
Peyğəmbərimizin (s.ə.s) Xədicə anamızla (r.anhə) evliliyindən doğulan ilk övladı Qasım idi. Buna görə Ona (s.ə.s) “Əbul-Qasım” (Qasımın atası) deyilmişdir. Peyğəmbərimiz (s.ə.s) Əbul-Qasım adıyla çağırılmasından xoşlanardı. Səhabələr də Onu (s.ə.s) bu adla çağırardılar. Qasım iki il yaşadı. Məkkədə vəfat etdi. Peyğəmbərimizin (s.ə.s) övladları içində ilk vəfat edən Qasım oldu.
2) Zeynəb binti Muhamməd
Peyğəmbərimizin (s.ə.s) Qasımdan sonra dünyaya gələn övladı Zeynəb (r.anhə) idi. Dörd qızının ən böyüyüdür. Zeynəb (r.anhə) doğulduğu zaman Peyğəmbərimiz otuz yaşında idi. Zeynəb (r.anhə) Hz. Xədicənin bacısının oğlu Əbul-As ibn Rəbi ilə evləndi. İslamı qəbul etmədiyi üçün ərindən ayrılan Zeynəb hicrətdən sonra ərinin müsəlman olmasının ardından yenidən onunla ailə həyatı qurdu. Hicrətin səkkizinci ilində Mədinədə otuz yaşlarında vəfat etdi.
3) Ruqiyyə binti Muhamməd
Ruqiyyə (r.anhə) Peyğəmbərimizin (s.ə.s) ikinci qızıdır. Peyğəmbərimiz (s.ə.s) otuz üç yaşında olarkən dünyaya gəlmişdir. İslam dövründə Hz. Osman (r.a) ilə evləndi. Həbəşistana hicrət edən ilk karvana əri Hz. Osman ilə birlikdə qatıldı. Osmanla (r.a) Həbəşistandan Məkkəyə qayıtdı, oradan da Mədinəyə hicrət etdi. Hz. Ruqiyyə Bədr savaşı günlərində xəstələndi və savaşın zəfər günü vəfat etdi. Peyğəmbərimiz (s.ə.s) Bədr döyüşü səbəbilə qızının cənazəsində iştirak edə bilməmişdir.
4) Ümmü Gülsüm binti Muhamməd
Ümmü Gülsüm (r.anhə) İslamiyyət gəlmədən əvvəl doğuldu. Bacısı Ruqiyyənin (r.anhə) vəfatından bir il sonra, hicrətin üçüncü ilində Hz. Peyğəmbər (s.ə.s) Osmana olan sevgisindən üçüncü qızı Ümmü Gülsümü də onunla evləndirdi. Bu evlilik altı il davam etdi. Hicrətin doqquzuncu ilində Ümmü Gülsüm də (r.anhə) vəfat etdi. Cənazə namazı Rəsuli-Əkrəm (s.ə.s) tərəfindən qılındı.
5) Fatimə binti Muhamməd
Fatimə (r.anhə) Peyğəmbərimizin (s.ə.s) ən kiçik və ən sevimli qızı idi. İlahi vəhyin ilk dövrlərində Məkkədə doğuldu. Hicrətin ikinci ilində Mədinədə Hz. Əli (r.a) ilə evləndi. Peyğəmbərimiz (s.ə.s) kiçik qızını o qədər çox sevirdi ki, Hz. Əli və Fatimənin yaxşı dolanmasını istəyər, aralarında ixtilaf çıxarsa, onları dərhal barışdırardı.
Peyğəmbərimizin (s.ə.s) soyu Hz. Fatimənin nəslindən davam etmişdir. Onun Həsən, Hüseyn, Muhsin, Ümmü Gülsüm və Zeynəb (r.anhum) adlarında beş övladı olmuşdur. Bunlardan Muhsin kiçik ikən vəfat etmişdir. Fatimə anamız (r.anhə) hicrətin on birinci ilində, atasından altı ay sonra vəfat etdi.
6) Abdullah bin Muhamməd
Peyğəmbərimizin (s.ə.s) Hz. Xədicə anamızdan olan son övladı (ikinci oğlu) Abdullah Məkkədə doğuldu. Lakin üç ay yaşadı. İslam dövründə dünyaya gəldiyi üçün Abdullaha “Tayyib” və “Tahir” də deyirdilər. (İbn Sad, I, 133)
Abdullah da vəfat etdikdə Qureyş müşriklərindən As bin Vail Peyğəmbərimiz (s.ə.s) haqqında: “Buraxın onu! O əbtərdir, nəsli davam etməyəcək bir adamdır. Öləndən sonra adı xatırlanmaz. Siz də artıq ondan xilas olar və rahata qovuşarsınız”, - dedi. Bunun üzərinə Allah-Təala Kövsər surəsini nazil etdi:
“(Ey Peyğəmbər!) Biz sənə Kövsəri verdik. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! Şübhəsiz ki, sənə düşmənçilik edənin özü sonsuzdur (nəsli davam etməyəcək, əsl ad-sanı ortadan qalxacaq odur)”. (Kövsər, 1-3, İbn Sad, III, 7; Vahidi, s. 494)
Kövsər sözünün lüğət mənası çoxluq, bir çox şey, hər şeyin çoxu deməkdir. Dini terminologiyada isə Kövsər peyğəmbərlik, Quran, İslam, xeyir, səadət, şəfaət, namaz və Peyğəmbərimizin (s.ə.s) möcüzələri olaraq təfsir edilmişdir. Səhih nəqllərə görə, Kövsər Hz. Peyğəmbərin (s.ə.s) cənnətdəki hovuzunun adıdır. Ümməti Muhamməd qiyamət günü o hovuzun başında toplanacaqdır. (Buxari, Təfsir, 108)
Allah Rəsulunun oğlu kiçik yaşda vəfat edincə Hz. Xədicə (r.anhə):
– Ey Allahın Elçisi! Balamın südü daşdı. Kaş ki, Allah onun ömrünü süd çağını tamamlayana qədər uzatsaydı! - dedi. Bunun üzərinə Peyğəmbərimiz (s.ə.s):
– O, südəmərlik yaşını cənnətdə tamamlayacaq! - buyurdu. Həzrət Xədicə anamız:
– Ya Rəsulallah! Əgər bunu (qəti olaraq) bilsəydim, uşağın ölümü nəzərimdə yüngülləşərdi, - dedi. Rəsulullah (s.ə.s):
– İstəyirsən Allaha dua edim, sənə onun səsini eşitdirsin, - buyurdu. Lakin Xədicətül-Kübra (r.anhə) anamız təslimiyyət və sədaqət xüsusiyyətini bir daha göstərərək:
– Xeyr, ya Rəsulallah! Mən Allah və Rəsulunu təsdiq edirəm, - dedi. (İbn Macə, Cənaiz, 27)
7) İbrahim bin Muhamməd
Peyğəmbərimizin (s.ə.s) ən kiçik və son övladı İbrahimdir. Hicrətin səkkizinci ilində Mədinədə dünyaya gəldi. Anası Mariyə (r.anhə) anamızdır. Rəsuli-Əkrəm (s.ə.s) İbrahimin doğumundan çox məmnun olmuşdu. Çünki Hz. Xədicədən doğulmuş oğlan övladları kiçik yaşlarda vəfat etmişdilər. Digər xanımlarından da övladı olmamışdı. Doğumun yeddinci günü bir ziyafət vermiş, ehtiyac sahiblərinə sədəqə paylamış və yanındakılara da:
“Bu gecə bir oğlum oldu, ona atam İbrahimin adını verdim”, - buyurmuşdu. (Müslim, Fəzail, 62)
İbrahim on yeddi və ya on səkkiz aylıq ikən xəstələndi və çox keçmədən vəfat etdi.
Rəsuli-Əkrəm (s.ə.s) oğlunun cənazə namazını qılmış və Cənnətül-Baqi qəbiristanlığına dəfn etmişdir.
ŞƏRHLƏR