MUSTAFA USLU: “Ondan öyrənəcəyimiz çox şey var”.
Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyi İstanbul təhsil isdarəsinin müdir müavini, pedaqoq yazar MUSTAFA USLU: “Ondan öyrənəcəyimiz çox şey var”.
İrfan: Hörmətli Mustafa bəy, əvvəla jurnalımızın müsahibə təklifini qəbul etdiyiniz üçün təşəkkür edirik. Oxucularımız sizi ölkəmizdə nəşr olunan “Ata-ana bələdçisi” kitabınızdan tanıyırlar. İstərdik ki, sizi daha yaxından tanıyaq...
M.Uslu: Bismillah deyərək sözə başlayır və sizləri, əziz oxucuların hamısını ürəkdən salamlayıram. O zaman qısaca özümü təqdim edim; 1964-cü ildə Uşak rayonunun Eşmə qəsəbəsində dünyaya gəldim. Orta təhsilimi 1984-cü ildə Eşmə imam-xətib liseyində, ali təhsilimi Dokuz Eylül Universiteti Buca Eğitim fakültəsi Türk Dili və Ədəbiyyatı Müəllimliyi bölümündə 1988-ci ildə tamamladım. Həmin il Təhsil Nazirliyində işə qəbul olundum. Bir çox məktəblərdə müəllim kimi və rəhbər vəzifələrdə işlədim. 1997-2002-ci illər arasında bəzi özəl məktəblərdə işlədim, sonra yenə Təhsil Nazirliyindəki vəzifəmə geri qayıtdım. Hazırda təhsil işləri üzrə idarəçi olaraq işləməyə davam edirəm. Ədəbiyyat və təhsil sahəsində tədqiqat, bioqrafiya, hekayə şəklində bir çox kitabım və müxtəlif jurnallarda yazılarım nəşr olunub. Evliyəm və iki övladım var.
- İllərdir təlim-tərbiyə işləri ilə məşğul olmusunuz və bu sahədə çox böyük təcrübə sahibisiniz. Bu gün cəmiyyətimizdə “uşaq problemləri” deyiləndə nələrə diqqət çəkmək istərdiniz?
- Məncə, bu günün ən böyük problemi valideynlərin və günümüz anlayışının akademik müvəffəqiyyətə fokuslanması, bunun nəticəsində də dəyərlər təlimi deyə adlandırılan əxlaq təliminə laqeyd yanaşılmasıdır. Uşaqların, məsuliyyətlərinin şüurunda olan fərdlər kimi yetişmələri xüsusunda valideynlərin və bütün böyüklərin kifayət qədər nümunə ola bilmədiklərini düşünürəm. Halbuki uşaqların maddi ehtiyacları qədər mənəvi ehtiyacları da var. Onların da bir yolla təmin edilməsi zəruridir. Fransız əxlaq nəzəriyyəçisi və yazıçı Joseph Joubertin bu sözü çox xoşuma gəlir: “Uşaqların nəsihətdən daha çox gözəl nümunəyə ehtiyacı var”. Bəli, biz böyüklər uşaqlara kifayət qədər yaxşı nümunə ola bilmirik, amma nəsihət vermək xüsusunda çox məharətliyik. “Nümunə olmaq” xüsusunda isə, çox təəssüf ki, eyni dərəcədə məsuliyyət hiss etmirik. Uşaqlarına “yalan danışma!” deyən bir valideynin, az da olsa, uşağının yanında başqalarına – telefonla və ya internetlə, fərqi yoxdur – yalan danışması, uşağının yanında ailəsi, dostu, yoldaşı, qohumu və ya qonşusunun arxasınca artıq-əskik danışması, “tərbiyəsizlik etmə!” deyən valideynin evdə uşağının qabağında dava-dalaş etməsi nə qədər də acıdır. Məsələn, uşağının yanında mübahisə edən ata-analardan neçə dənəsi uşağının qarşısında bir-birilərindən üzr istəmək ərdəmini göstərə bilər? Byron Northon deyir: “Hər uşağın üç valideyni var; atası, anası və ata-ana arasındakı münasibətlər. Üçüncü valideynə diqqət yetirin!”. Biz də bu sözə diqqətlə yanaşmalıyıq. Nə qədər də doğru deyib, elə deyilmi? Ata-ananın bir-biri ilə münasibətlərində işlətdikləri dil, yanaşma tərzi və davranışlar uşağın inkişafına birbaşa təsir göstərir. Gündəlik həyatda şiddət ifadə edən söz və davranışların var olduğu bir ailədə yetişən və ya şiddətə birbaşa məruz qalan bir uşağı fikirləşin. Bu uşaq gələcəkdə hansı düşüncə və davranışlara sahib olacaq? Onun psixologiyası necə təsirlənəcək? Ətrafındakılara qarşı münasibəti necə şəkillənəcək? Bunların hamısını düşünmək lazımdır. Nümunələri çoxalda bilərik. Uşaqlar böyüklərin sözlərindən daha çox onların izlərini təqib edərlər. Atalarımız necə də gözəl deyib: “Uşaq evin güzgüsüdür”. Valideynlər, hətta bütün böyüklər uşaqların yanında sözlərinə, hərəkətlərinə, yanaşma və davranışlarına çox, həqiqətən çox diqqət etməlidirlər. Sosioloqlarımızdan Nurəddin Topçu: “Uşaqlarda əxlaqın mənbəyi ailə ocağıdır”, - deyərək ailənin uşağın təlim-tərbiyəsindəki yeri və əhəmiyyətini ifadə edir.
- Gördüyümüz qədəri ilə yaşanan bu kimi problemlərin təməlində valideyn-uşaq münasibətlərindəki qopuqluqlar yatmaqdadır. Amma mövcud həyat nizamında valideynin daha çox işləməsi zəruridir, beləliklə, ailəsinə çox da vaxt ayıra bilmir. Belə bir çıxmazın içində olan valideynlərin uşaqların maddi-mənəvi ehtiyaclarının təmin olunmasında diqqət edəcəkləri düstur nə olmalıdır?
- Hz. Əlinin (r.a) məşhur bir sözü var: “Uşaqlarınızı öz yaşadığınız dövrə görə deyil, onların yaşayacağı dövrə görə yetişdirin”. Elmi tədris və sosial həyat baxımından buna əhəmiyyət verməliyik. Uşaqlarımızın gələcək zamanın tələblərinə görə yetişmələrinə şərait yaratmalıyıq. Elə isə əxlaqi dəyərləri qazandırmaq üçün nə etməliyik? Bunun üçün də baş sındırmalıyıq. Dinimiz İslam, adət və ənənələrimiz olduqca zəngin mənbələrdir. Bunları gələcəyə daşımaq, gələcək nəsillərə ötürə bilmək üçün əvvəla özümüz tam mənası ilə yaşamalı, həyatımıza tətbiq etməliyik. Danışığımızla hərəkətlərimiz üst-üstə düşməlidir. Əvvəlkilərin dili ilə desək: “qal (söz) dili ilə hal dili” bir-birini tamamlamalıdır. Dediklərimizin tərsini ediriksə, ya da dediklərimizi edə bilmiriksə, bunun mənfi nəticələri mütləq olacaqdır. Çünki uşaqlar bu mövzuda olduqca rahat təsir altına düşürlər.
Düzdür, bu gün valideynlər müəyyən bir həyat standartında yaşaya bilmək, ehtiyaclarını təmin edə bilmək üçün işləmək məcburiyyətindədirlər. Burada mühüm olan xüsus budur: uşaq üçün sərf ediləcək ən mühüm sərmayə zamandır; bunun bilinməsi lazımdır. Uşağa mütləq vaxt ayrılmalıdır. Birlikdə keçirilə bilməyən vaxtın əvəzi təmin edilməlidir. Onlarla xüsusi olaraq vaxt keçirilməlidir. Bu əskikliyi aradan qaldırmaq üçün uşağa daha çox və bahalı hədiyyələr almaq, pul vermək, hər dediyini yerinə yetirmək çarə deyil. Bunlar uşağı doyumsuz və ərköyün edər. Dolayısı ilə, valideyn bir yandan evinin maddi dolanışığını təmin etmək üçün işləməli, digər yandan da uşağının mənəvi inkişafını, əxlaqi tərəqqisini təmin etmək üçün səy göstərməlidir. Təkcə maddi ehtiyaclar üçün işləmək kifayət deyil. Valideyn sayğını, sevgini, dövlətə və millətə bağlılığı, halal qazancı, qənaətcil olmağı, dedi-qodu etməməyi, zərərli vərdişlərdən uzaq durmağı, empatiya duyğusunu, ictimai qaydalara riayət etməyi, qısacası, hər yönü ilə əxlaqlı olmağı da uşağına öyrətməyə çalışmalıdır. İmam Şafei həzrətləri bu həqiqətə belə diqqət çəkir: “Uşaqlarını islah etmədən əvvəl özünü islah et”. Namiq Kamalın “Tərbiyə ana qucağında başlayır; deyilən hər söz uşağın şəxsiyyət bünövrəsinə qoyulan bir daşdır” sözü də uşaqların təlim-tərbiyəsində ailənin əhəmiyyətini vurğulayır.
- Müsəlman bir cəmiyyət olaraq Hz. Peyğəmbərin uşaqlarla münasibətlərini ələ alsaq, bu sahədə hansı düsturları müəyyənləşdirə bilərik?
- Uşaqların təlim-tərbiyəsinə Hz. Peyğəmbərin (s.ə.s) pəncərəsindən baxa bilmək, əlbəttə, çox mühümdür; mühüm olduğu qədər də qiymətlidir. “Uşaqlarınıza ikram edin və gözəl tərbiyə verin” buyuran Hz. Peyğəmbər (s.ə.s) uşaqları çox sevərdi. Uşaqlara göstərilən qayğının mənbəyi Allahın rəhmətinin və qullardakı mərhəmət duyğusunun təzahüründən başqa bir şey deyildi. O həm öz uşaqlarına, həm nəvələrinə, həm də digər uşaqlara qarşı nümunə götürüləcək davranışlar ortaya qoymuşdur. Valideynlər bu nümunə davranışları prinsip olaraq mənimsəyib həyatlarına rahatlıqla tətbiq edə bilərlər. Hz. Peyğəmbərin (s.ə.s) yanaşma tərzindən hərəkət edənlər uşaqlara sevgi, sayğı və hörmətlə yanaşa bilər, onları kifayət qədər dinləyə və hətta zarafatlaşa bilərlər. Xülasə, sözləri, düşüncə və davranışları ilə uşaqlara dəyər verdiklərini göstərə bilərlər. Mühüm olan uşaqların ruh dünyasına girə bilmək, onların könlünü qazana bilməkdir. Bu da münasib dil və sağlam ünsiyyətlə mümkündür. Bu mövzuda müsəlmanların Hz. Peyğəmbərdən öyrənəcəkləri çox şey yar. Siz bir buradakı incəliyə fikir verin; Rəsulullah (s.ə.s) belə buyurur: “Allaha qarşı gəlməkdən çəkinin, uşaqlarınız arasında ədalətli olun!”. Bu müqəddəs ifadə necə də böyük bir təfərrüatı ehtiva edir. Bunun misalları çoxdur: “Uşağın atası üzərindəki haqqı: ona yazı yazmağı, üzməyi, ox atmağı öyrətməsi və ona halaldan başqa ruzi yedirməməsidir”, “Heç bir ata övladına gözəl əxlaqdan daha qiymətli bir miras qoya bilməz”, “Arxasında özünə dua edəcək xeyirli övlad buraxan şəxsin əməl dəftəri bağlanmaz, ona daim xeyir yazılar”...
Bu hədislərdə uşaqların təlim-tərbiyəsi ilə bağlı bir çox mühüm xüsus yer alır. Valideynlər, təlimçilər və bütün böyüklər bunları dərk edib mənimsəməli, uşaqlara qarşı söz və davranışlarını, düşüncə və münasibətlərini bu istiqamətdə müəyyənləşdirməlidir.
Uşaqların təlim və tərbiyəsinin necə olacağı mövzusunda qarşımızda böyük bir nümunə var: Hz. Peyğəmbər (s.ə.s). Uşaqları sevən, şəfqət göstərən, onları görəndə sevinən və onlara salam verən bir peyğəmbər... Nə edir? Onlara dəyər verdiyini göstərir. Sevgi və sayğı var burada. Uşaqlara şəxsiyyət qazandırmaq çox mühüm bir amildir. Peyğəmbərimiz (s.ə.s) uşaqlara sevgi dili ilə xitab edir, onlara bəddua edilməsini qadağan edir. Hətta uşaqlarla oyun oynayır, zarafatlaşır, onlarla birlikdə qaçır, gülür... Oyunlarının əngəllənməsinə mane olur. Quşu ölən uşağın kədərini bölüşür. Onlarla birlikdə namaz qılır...
Uşaqların təlim-tərbiyəsi mövzusunda valideynlərə tövsiyələr verən hədislərin və Peyğəmbərimizin nümunəvi həyatının bu sahə ilə əlaqədar qisimlərinə və uşaqlara dair davranışlarının tamamına baxdığımız zaman onların maddi ehtiyaclarının halal yollardan qarşılanması, maddi ehtiyaclarının yanında mənəvi ehtiyaclarının da təmin edilməsi, yaxından maraqlanmaq və sevgi göstərilməsi, müsbət şəxsiyyət və özünəinamın qazandırılması, övladlar arasında ədalətli olunması, gözəl əxlaq sahibi olacaq şəkildə yetişdirilməsi, ruhi və zehni inkişaflarının yanında münasib idman sahələri ilə bədən inkişafının da dəstəklənməsi kimi bir çox gözəl nəticələr çıxarmaq mümkündür.
- Bizə vaxt ayırdığınız, qiymətli məsləhətlərinizi bölüşdüyünüz üçün təşəkkür edirik.
- Mən də təşəkkür edirəm. İrfan jurnalına mətbuat həyatında müvəffəqiyyətlər diləyirəm. Bütün qardaşlarımıza və oxuyanlara salam və dua ilə...
ŞƏRHLƏR