GÜNƏŞIN QƏRBDƏN ÇIXMASI

GÜNƏŞIN QƏRBDƏN ÇIXMASI

Qiyamət əlamətlərinin ən böyüklərindən biri də günəşin qərbdən, yəni batdığı yerdən çıxmasıdır.

Hz. Peyğəmbər (s.ə.s) buyurur:

“Günəş qərbdən doğana qədər qiyamət qopmaz. Günəş qərbdən doğduğu zaman insanlar onu görər və hamısı cəm halda iman edərlər. Bu,  ayeyi-kərimədə bildirilən həmin vaxtdır:

“Onlar ancaq özlərinə mələklərin, yaxud Rəbbinin və ya Rəbbinin bəzi əlamətlərinin gəlməsinimi gözləyirlər?! Rəbbinin bəzi əlamətlərinin gələcəyi gün əvvəlcədən iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış kimsəyə artıq imanı fayda verməyəcək. De: “Gözləyin! Şübhəsiz, biz də gözləyirik”. (əl-Ənam, 158) (Buxari, Riqaq, 40; Əhməd, ll, 369)

Günəş qərbdən çıxacaq və insanlar hamısı birdən  iman edəcək, ancaq daha əvvəl iman etməmiş olanların imanları onlara heç bir fayda verməyəcək. Ölüm döşəyindəki xəstənin iman etməsinin bir hökmü və faydası olmadığı kimi, bu əlamətləri görüb inanan kəslərin də imanı fayda verməz. Çünki əlamətləri görmək Qiyaməti görmək deməkdir. Onları gözlə görmək imanın qəbul edilməsinə əngəldir. Mələklərə inanmaq istəməyən birinin ölüm anında ölüm mələyini (Əzrayılı) görüb inandım deməsinin bir xeyri olarmı? İman ancaq qeybə iman olduğu halda məqbuldur.

Hüzeyfə Ğifari (r.a) belə nəql edir: “Bir gün biz öz aramızda danışarkən Hz. Peyğəmbər (s.ə.s) yanımıza gəldi. Bizə: “Nə danışırsınız?” - dedi. Biz də: “Qiyamət günündən danışırıq”, - deyə cavab verdik. Hz. Peyğəmbər (s.ə.s): “Şübhəsiz, on əlamət görülmədikcə qiyamət qopmayacaq”, - dedi və Dəccalı, tüstünü (duxan), dabbətül-ərzi, günəşin qərbdən çıxmasını, İsanın (ə.s) yerə enməsini, Yəcuc və Məcucu, şərqdə, qərbdə və Ərəb yarımadasında olmaq üzrə üç yer çöküntüsünü, son olaraq da Yəməndən çıxaraq insanları məhşərə doğru aparan atəşin baş verəcəyini söylədi”. (Müslim, Fitən 39; Əbu Davud, Məlahim 11; İbn Macə, Fitən 28)

Qiyamətin baş verməsini göstərən aydın əlamətlərdən danışarkən Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Son saat tamam olanda günəş qərbdən çıxacaq. Günəş çıxanda onu görən bütün insanlar iman gətirəcəklər. Bu o vaxt baş verəcək ki, onların imanı heç bir xeyir verməyəcək. Bu heç də əvvəldən gələn iman deyildir və bu imanda xeyir yoxdur”. (Buxari Səhih. 11/352; Müslim. İman kitabı: 2/167. Hədis 157)

Təfsirçilər günəş ilə bərabər ayın da doğmayacağını qeyd edirlər. “Günəş və ay bir yerə gətirildiyi zaman”. (əl-Qiyamə, 9) Bu ayədə də ifadə edildiyi kimi, günəş və ay bir araya gətiriləcək və bəzi rəvayətlərə görə, ərşin altında üç gün həbs olunacaq. Günəşin çıxmadığını ilk hiss edənlər saleh möminlər və gecə namazına riayət edənlər olacaq. Onlar təhəccüd namazı qıldıqdan və vəzifələrini yerinə yetirdikdən sonra zamanın keçmədiyini idrak edərlər. Qorxuları artdıqca bir araya gəlib yüksək səslə ağlayar və Allaha dua və niyaz edərlər. Allah Cəbrayılı (ə.s) günəş və ayın batdığı yerdən çıxması şərti ilə onlara göndərər. İzin verildikdən sonra qərbdən ziyasız və nursuz olaraq ortaya çıxar. Bu vəziyyəti görən dünya əhli fəryad edərlər. Bu əlamətlərə qədər iman əhli olanlara ağlamağın faydası olduğu kimi, əməl dəftərlərinə də savab olaraq qeyd olunar. İman etməyənlərə isə bir həsrət və peşmanlıqdan başqa heç bir faydası olmaz.

Günəş səmanın ortasına kimi yüksəldiyi vaxt Cəbrayıl (ə.s) onu tutacaq və təkrar geriyə, qərbə doğru aparacaqdır. 

Günəşin batdığı yerdən çıxması ilə tövbə qapısı da bağlanacaqdır. Hz. Peyğəmbər (s.ə.s) belə buyurur:

“Günəş qərbdən doğmadan öncə kim tövbə edərsə, Allah onun tövbəsini qəbul edər”. (Müslim, Zikr, 43)

“Əziz və Cəlil olan Allah gündüz günah edənin tövbəsini qəbul etmək üçün gecə rəhmət qapısını açar, gecə günah edənin tövbəsini qəbul etmək üçün gündüz rəhmət qapısını açar. Bu hal günəş qərbdən doğana qədər bu şəkildə davam edər”.  (Müslim, Tövbə, 31)

Kainatın yaradıcısı və sahibi olan Allah-Təala bəşəriyyətin dünya həyatına son vermək istədiyi zaman yaradıb-qurduğu bu həssas nizamı yenə öz iradə və hesabı daxilində pozacaqdır. Məhz həmin vaxt günəş qərbdən doğacaq, bunu görən insanlar dünyanın sonunun gəldiyini qəti şəkildə başa düşəcəklər. Lakin artıq tövbə qapısı bağlandığına görə, bu idrakın onlara heç bir faydası olmayacaqdır. Demək ki, hər işin qiyməti vaxtında edilməsinə bağlıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz