HƏYAT DƏFTƏRİNDƏN
“Bölüşülə bilməyən yetim qız”
Adım Ümamədir. Mən ”Şəhidlərin əfəndisi” ləqəbiylə tanıdığınız Həzrət Həmzənin qızıyam. Atamız Məkkədən Mədinəyə hicrət edəndə biz Məkkədə qalmışdıq. Hələ atam Uhud döyüşündə şəhid olub biz yetim qaldıqdan sonra Məkkədə olan günlərimiz daha da çətin keçdi.
Məkkədəki həyatımız min bir cür sıxıntı içərisində keçərkən şəhərimizə bir gün anidən müsəlmanlar gəldilər. Peyğəmbərimiz Məkkəlilər ilə sülh bağlamışdı. Məkkəlilər Həcc ibadəti üçün möminlərə üç gün icazə vermişdi. Hamımız sevinc içindəydik. Məhdud olan günlər tez qurtardı. Müsəlmanlar Məkkədən ayrıldılar. Mən də qərarımı vermişdim. Peyğəmbərimizin yanına gedib çəkdiyim sıxıntıları bircə-bircə deyəcəkdim.
Sevgili Peyğəmbərimiz şəhərdən çıxhaçıxda dəvəsinin dalınca qaçaraq onlara çatdım və
- Əmi! Əmi! - deyə qışqırdım.
Peyğəmbərimiz arxaya çevrilib məni görəndə gülümsünərək soruşdu:
- Ümamə, nə olub?
Çox həyəcanlanmışdım. Deyəcəyim sözlər sanki boğazıma ilişirdi. Sadəcə olaraq belə deyə bildim:
- Əmi, məni burada qoyub haraya gedirsiniz?
Yanaqlarımdakı göz yaşlarımı sildi, əlimdən tutub məni qızı Fatimənin dəvəsinə mindirdi, Mədinəyə gətirdi.
Mən Mədinəyə çatanda hamı məni şəfqət və məhəbbətlə bağrına basdı. Təzə əmim olan Həzrət Zeyd Peyğəmbərimizə dedi:
- Ya Rəsulallah! Həmzə mənim qardaşımdır. Onun qızına baxmaq mənim vəzifəmdir.
Əmim Əbu Talibin oğlu Həzrət Əli isə etiraz edirdi:
- Ola bilməz, ya Rəsulallah! Ümamə mənim əmim Həzrət Həmzənin qızıdır. Ona göz-qulaq olmaq mənim vəzifəmdir.
Həzrət Əlinin böyük qardaşı olan Həzrət Cəfər isə bunu heç cürə qəbul etmirdi:
- Mən Ümamənin əmisinin oğluyam, xanımım da onun xalasıdır. Xala isə ana kimidir. Buna görə də Ümaməyə baxmaq mənim vəzifəmdir.
Nəhayət, mənim xilaskarım Sevgili Peyğəmbərimiz bu mübahisəni sona yetirdi. Hamısının bir-bir könüllərini aldı. Lakin mənə baxmaq vəzifəsini həm əmim oğlu, həm də xalamın həyat yoldaşı olan Həzrət Cəfərə tapşırdı. Həzrət Cəfər sevincindən ağlayırdı.
Həzrət Cəmrə
“Peyğəmbər hədiyyəsi”
Mən hələ də xatırlayıram, balaca qız idim. Bir gün atamla bərabər Sevgili Peyğəmbərimizin ziyarətinə getmişdik. Atam Peyğəmbərimiz ilə görüşən zaman mən ortalıqda gəzişirdim. Bir ara Peyğəmbərimizin arxasına keçdim. Çiyni və kürəyinin bir hissəsi açıq olduğu üçün kürəyindəki Peyğəmbərlik möhrünü gördüm. Yaman diqqətimi çəkdi. Peyğəmbərimizin kürəyinə söykənib, Onun Peyğəmbərlik möhürü ilə oynamağa başladım..
Atam elə utandı ki! Məni yanına tərəf dartıb Allah Rəsulunu narahat etməyimə mane olmaq istədi. Peyğəmbərimiz atama buna görə icazə vermədi. Mən doyunca onunla oynamağa davam elədim.
Peyğəmbərimiz qız uşaqlarını çox istəyərdi. Hələ on, on beş il əvvəlki bir dövrdə qız uşaqlarının diri-diri torpağa basdırıldığı, insanların qız uşağı olmağından utandığı bir vaxtda siz, qız uşaqlarını baş tacı edəcəksiniz. O vaxtlar bu, kiminsə xəyalına belə gətirə bilməyəcəyi bir şeydi!
Peyğəmbərimizə əl işləməli gözəl bir ipək parça hədiyyə edilmişdi. Peyğəmbərimiz də “Görəsən, bunu kimə hədiyyə edim?” deyə fikirləşərkən məni xatırladı. Çağırtdırıb ipək parçanı mənə hədiyyə etdi. Nə cür sevindiyimi sözlərlə ifadə edə bilmərəm. Sanki dünyalar mənim olmuşdu. Əhəmiyyətli olan parça deyil, Allah Rəsulunun mənə dəyər verməsi idi. Həmin günü ömrüm boyunca unutmadım!
Həzrət Bəşir
“Ən bəxtəvər yetim”
Atamın şəhid olması ilə ailəmiz çox çətin vəziyyətə düşdüyü üçün anam başqası ilə ailə həyatı qurmuşdu. Ögey atam isə mənimlə çox da maraqlanmırdı. Bir kənarda oturmuşam, başım da əllərimin arasında. Səssiz-səmirsiz ağlayıram. Atasız keçirdiyim bu ilk bayramda acımı dindirməyə çalışarkən yanımda bir nəfərin durub mənə baxdığını fərq etdim. Başımı qaldırıb gördüm ki, Sevgili Peyğəmbərimizdir. Mənə dedi:
- De görüm bu əziz gündə sən nə üçün ağlayırsan? Balam, niyə dostlarınla birlikdə oynamırsan?
- Mənim atam Uhud döyüşündə şəhid oldu, ey Allahın Rəsulu. Anam və ögey atam mənimlə maraqlanmırlar.
Allah Rəsulunun mərhəmətli baxışlarında ən azı mənim hüznüm qədər dərin bir acı hiss etdim.
Başımı şəfqətlə oxşayıb dedi:
- Gəl, səninlə razılaşaq. Yetər ki, sən daha artıq üzülmə. Mən sənin atan olsam... Aişə də anan olsa... Fatimə böyük bacın olsa... Həsən və Hüseyn də qardaşların olar... Nə deyirsən? Təklifimi qəbul edərsənmi?
Həyəcandan belə dedim:
- Nə? Doğrudanmı, ya Rəsulallah? Heç qəbul etmərəmmi?! Həm də bunu ürəkdən qəbul edərəm!
Peyğəmbərimiz çox sevindi. Məni evə apardı. Evdə mənə tərtəmiz paltarlar geydirdilər. Saçımı gözəl bir şəkildə darayıb, üstümə yaxşı ətirlər sürdülər. Evdən tərtəmiz yeni paltarlarla gülə-gülə çıxdığımı görən dostlarım həyəcanlı halda qaçaraq mənim yanıma gəldilər. Hər biri təəccüblə məndən nə baş verdiyini soruşdu. Başımdan keçənləri onlara danışdım. Uşaqlar mənim yerimdə olmaq üçün can atırdılar. Hətta biri belə demişdi:
- Kaş ki, mənim atam da Uhud döyüşündə şəhid olardı və mən də sənin kimi Peyğəmbərimizin ailəsinə qoşulardım.
Sonralar bilirsinizmi nə oldu? Peyğəmbərimizin başımı sığalladığı yerdəki saçlarım heç ağarmadı.
ŞƏRHLƏR