QURANI HƏYATIMIZA YAYAQ

QURANI HƏYATIMIZA YAYAQ

     Hər keçən gün, saat, dəqiqə... bizi bu fani dünyadan uzaqlaşdıraraq həqiqi dünyaya  yaxınlaşdırır. Həyatımız su təki bizim iradəmiz xaricində axıb gedir. 

     Bizə bəxş olunan zaman nemətini faydalı və yaxud faydasız şəkildə istifadə edirik. Yaşadığımız bu günümüzdə daha çox zamanımızı dünyəvi mənfəət və güc əldə etmək üçün xərcləyir və dünyəvi mənada daha çox güclənmək üçün əlimizdən gələni edirik. Dünyadakı məşğuliyyətimiz dini vəzifələrimiz və həssasiyyətlərimizə qarşı bizi laqeydləşdirir. Gözümüzün önündə axıb gedən həyat bulağını sadəcə seyr edərək kifayətlənir, ondan bəhrələnməyi çox zaman unuduruq. Həzrət Peyğəmbər (ə.s.s) axirəti üçün çalışanları ağıllı kimsələr olaraq vəsfləndirmişdir (Tirmizi). Odur ki, ağıllı müsəlmanın bu fürsət dünyasında özünə bəxş edilən yaşama fürsətini axirətini qazanma yolunda sərf etməlidir. Gerçək müsəlman bütün ömrü ilə, ili, ayı, həftəsi günü ilə müsəlman olan və müsəlman kimi yaşayan kimsədir. Həftəlik, illik dini yaşmaqla kamil müsəlman olmaq olmaz.

     Allah bizə sevdiyi bəndələrindən ola bilmək üçün müəyyən fürsətlər vermiş və bu fürsətlərdən lazımi dərəcədə istifadə etməyi tövsiyə etmişdir. Bu mənada Quran qiraəti də bu fürsətlərdən biridir. Çünki Qurani-Kərimi tilavət etmək həm ibadətdir, həm də hər bir hərfi üçün on savab vardır. Əlbəttə ki, Qurani-Kərim sadəcə tilavət edilmək üçün endirilməyib, əsas məqsəd onunla əməl etmək, onun göstərdiyi yolda yeriməkdir. Ancaq müsəlman hər gününü mütləq şəkildə Quran tilavəti ilə bəzəməli və mənalı keçirməlidir. Quranla açılan səhər və Quranla bağlan gecə ilə yekunlaşan gün faydalı gündür. Həqiqi müsəlman Quran mərkəzli həyat sürəndir. Hər bir müsəlman hökmən günün bir hissəsini Uca Yaradanın kəlamlarına ayırmalı, onunla məşğul olmalıdır.

     Qurani-Kərimi oxuyan kəs Allahla danışmış olar. Odur ki, Quran tilavətində ədəb qaydalarına diqqət etməli, “Allahla söhbət etmək” şüuru ilə ona yaxınlaşmalıyıq. Qurani-Kərim Uca Allahın bəndələrinə göndərdiyi ilahi məktubdur. Onu oxuyarkən daha da diqqətli olmalı və daha çox həzz almağa çalışmalıyıq.

     Quran oxuyan kimsə Allahın himayəsində olar. Çünki Quran oxuyan kimsə Allahı yad etmiş olar. Uca Allah da “Məni anın ki, mən də sizi anım” (Bəqərə 152) deyərək bu incəliyə diqqət cəlb edir. Quran oxuyan kəs Allahın himayəsində ikən eyni zamanda günahlara qarşı da zirehlənmiş olar. Şər qüvvələr ona təsir edə bilməz.

     Evlərimizi Quran oxuyaraq nurlandırmalıyıq ki, həm evimizə bərəkət gəlsin həm də ailə üzvlərimiz, övladlarımız Quran sədaları ilə həmhal olsunlar. Ata-anasını Quran oxuyan halda görən övladlar qibtə ediləcək kimsələrdir. Övladlarımızı və ailə üzvlərimizi bu sevincdən məhrum etməyək.

      Quran oxumaqla əlaqəli Həzrət Peyğəmbərin bir çox tövsiyələri vardır. Qəlbində Qurandan heç bir şey olmayanı xarabalığa bənzədir şanlı Peyğəmbərimiz. Yenə Quran oxunan evdə mələklərin, oxunmayan evdə də şeytanların olacağını xəbər verir. Quran qiyamət günüdə onu oxuyanlar üçün şəfaət edəcəkdir. O dar gündə imdadımıza çatması üçün bu geniş günlərimizdə çoxlu Quran oxumalı və onunla əməl etməyə çalışmalıyıq.

     Quranla əməl etmək onu oxumaq qədər önəmlidir. Quranla əməl etmək onun göstərdiyi şəkildə həyatımızı tənzimləməkdir. Quranla əməl etmək onu qəlbimizə həkk etməkdir. Boğazdan keçməyən loğmanın insana faydası olmadığı kimi, boğazdan keçməyən Quranın da insana faydası yoxdur. Ənəs bin Malik bu mənada “Necə Quran oxuyanlar vardır ki, O onlara lənət edər” deyərək, Quranı sadəcə dilimizlə oxumağın təhlükəsinə xəbər verir bizə. Quranı bütün vücudu ilə oxumalı və yaşamlıdır hər bir müsəlman. Bu ayə oxuduğumuz ayələrin bizə göstərdiyi təsirləri öyrənmə baxımından önəmlidir: “Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.” (Ənfal 2)

     Hər günümüzü və yaxud da hər işimizi Quran tilavəti ilə başlamaq üçün hələ də gec deyil. Gəlin müsəlmanlar olaraq hamımız həyatımızda Qurana yer ayıraq ki, birliyimizə, bərabərliyimizə vəsilə olsun. Dostluq və qardaşlıqlarımızı Quranla birləşdirək. Amma unutmayaq ki, sadəcə qiraəti ilə deyil, həyat rəhbərimiz kimi onu qəbul edərək.

     Mömin Quran oxumalıdır, çünki Quran oxumasa, həyat, şərait və axınlar onu yoldan azdıra bilər. Qurandan uzaq olduğu müddətdə özü də bilmədən Allahdan uzaqlaşa bilər. Çünki Quran onu idarə edən kitabdır.

     Quranı bir günə deyil, bütün həyatımıza yaymaq təmənnası ilə...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz