DƏYƏR MARKAMIZ QURANİ-KƏRİM
İlk insan olan Hz. Adəmlə Həvvanın ilahi qadağalara riayət etməmələri səbəbilə cənnətdən dünyaya göndərilmələri hər kəsə məlum olan bir hadisədir.
İlk insan Yaradanın sözünü dinləməyərək sanki özünü dünya quyusuna atdı. Beləliklə, insan oğlunun həyat macərası başladı. Buradakı aqibəti məşəqqət və çətinliklərlə dolu ömür sürmək oldu. Bəzən yaşadığı sevinc yolunu azdırdı, bəzən də kədər onu üsyana sürüklədi. Həyatda qalmaq üçün quyuya düşən insanlar kimi bir-birini əzərək, bəzən də ətrafındakıların ənsəsinə basaraq yüksəlməyə çalışdı. Kim olduğunu unutdu, gəldiyi yeri, kimin hüzuruna çıxacağını unutdu. Həyat labirintində yolunu itirdi. Hər şeyə əl atdı, hər yola girdi, amma sonunda yenə başladığı yerə gəldiyini gördü. Dünya adlı quyunun qaranlıq dərinliklərində çabalayan, həyat mücadiləsi aparan insanlar arasında yalnız Rəbbini tanıyanlar xilas oldular. Çünki onlar qurtuluşun Rəblərinin onlara uzatdığı “ip”dən yapışmaqla mümkün olduğunu dərk etdilər. Düşdüyü quyudan qulunu çıxarmaq üçün Allahın insana uzatdığı “ip” Qurani-Kərimdir. Uca Yaradan bəndələrini bu ipdən yapışmağa belə səsləyir:
“Hamılıqla Allahın ipinə (Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (Ali-İmran, 103).
Həyatı və sözləri ilə Quranın canlı təfsiri və nümunəsi olan Allah Rəsulunun hədislərində də bu haqda söylənmiş sözlər çoxdur. Bir hədisi-şərifində buyurur: “Allahın kitabı (Quran) göydən yerə uzadılmış bir ipdir” (Əhməd b. Hənbəl, II/17, 26). Başqa bir hədisi-şərifdə isə Quran haqqında: “Bu Quran həblullahdır (Allahın ipidir), nurdur və faydalı şəfadır. Ondan yapışanı qoruyur, ona tabe olanı xilasa aparır”,- deyə buyurulur (Darimi, Fəzailul-Quran, I). O Quran ki, möminlərə şəfa, qəlblərə dəva, müttəqilərə hidayət rəhbəridir. İzindən gedənləri dünya və axirət səadətinə qovuşduran bələdçi, yolunu azanlara mayakdır.
Möminlik keyfiyyəti Quranla ölçülür.
Möminin keyfiyyət və dəyəri Qurani-Kərimə bağlılığı və onunla həmhal olması nisbətində ölçülür. Kim Qurana nə qədər yaxındırsa, möminlik vəsfi də bir o qədər dəyər qazanır. Allah Rəsulu və əshabi-kiramın həyatı Quran indeksli idi. Həzrət Peyğəmbər ki, onsuz da Aişə anamızın ifadəsi ilə desək, həyatı Quran idi. Canlı Quran olmağın ən ali nümunəsi idi. Onu bu şəkildə görən səhabələr də ona bənzəmək üçün Qurandan möhkəm yapışmışdılar. Allahın kitabına o qədər aşiq idilər ki, gecələr, xüsusilə də, Ramazan gecələrində Quran oxuyan əshabın evlərindən arı vızıltısına bənzər səslər gələrmiş. Çünki onlar Quranı həyatlarının bir parçasına çevirmişdilər. Sıxıntıya düşəndə, sevinəndə, fəlakət baş verəndə, toyda, yasda, bir sözlə həyatın hər anında Quranla həmhal idilər. İbn Abbas (r.anhumə) bu halı necə də gözəl ifadə edir: “Dəvəmin ovsarını itirsəm, onu Qurani-Kərimə baxaraq taparam”.
Həzrət Peyğəmbər (s.ə.s) hər fürsətdə əshabını, onların timsalında qiyamətə qədər yaşayacaq bütün müsəlmanları Qurani-Kərim tilavətinə və həyatı Qurana görə nizamlamağa dəvət edirdi. Hədisi-şəriflərində Quran oxumağın fəzilətindən və Qurana indekslənmiş həyat sürənlərin üstünlüklərindən söz açırdı. Allah Rəsulu hir hədisində belə buyurur:
“Quran oxuyan mömin portağal kimidir: ətri də xoşdur, dadı da. Quran oxumayan mömin xurma kimidir: ətri yoxdur, amma dadı gözəldir. Quran oxuyan münafiq nanəyə bənzəyir: ətri gözəldir, amma dadı acıdır. Quran oxumayan münafiq Əbu Cəhl qarpızına bənzəyir: ərtri yoxdur, dadı da acıdır” (Buxari, Müslim).
Bu gün kapitalizmin insanların həyat tərzinə ciddi mənada təsiri onları marka aludəçisinə çevirdi. Mətbəx əşyasından tutumuş, əyin-başa qədər, işlətdiyimiz telefonlara, baxdığımız televizor monitorlarına qədər hər şeyin tanınmış marka olmasına əhəmiyyət veririk. Bəs görəsən, möminin şəxsiyyət markası olan Qurani-Kərimə nə qədər əhəmiyyət veririk? Quran bir markadır, namaz markadır, səcdə markadır, dua markadır. Hər biri insanlığımızın, müsəlmanlığımızın dəyərini göstərən markadır. Kostyum alarkən sevdiyimiz markaya verdiyimiz önəmi yaşayarkən Qurana verə bilirikmi, görəsən? Uşaqlarımıza Quranı sevdirə bilirikmi?
Quran Allah-Təalanın bəşəriyyətə bəxş etdiyi lütfüdür. Quran insan oğluna verilən misilsiz nemətdir. Həzrət Peyğəmbər (s.ə.s) bir hədisi-şərifində geyindiyi gözəl patlarlara görə hər hansı vəbalının olub-olmadığını soruşan səhabəyə “Allah verdiyi neməti qulunun üzərində görmək istəyər”,- deyə buyurmuşdur. Əgər Allah bəndəsinə verdiyi maddi imkanları əynində görmək istəyirsə, mənəvi qidamız olan, ən gözəl nemət sayılan Quran nemətinə olan diqqətimizə nə qədər əhəmiyyət verir, bir düşünək.
Könlümüzə Quranı yayaq!
Bu gün Quran bizimlədir, onu oxuya bilirik. Lakin Quranın qiyamət günündə də bizimlə olması və şəfaət etməsi üçün hər şey öz əlimizdədir. Nemətin böyüklüyü eyni zamanda vəbalın da böyüklüyü deməkdir. Həzrət Peyğəmbərin qiyamət günü Quranın gətiriləcəyini və onu oxuyanlara şəfaət edəcəyini bildirən hədisləri olduğu kimi Qurandan üz çevirənləri gözləyən həzin aqibəti xəbərdar edən hədisləri də var. Hətta Qurani-Kərimdə Qurana laqeyd qalanlar haqda belə buyurulur: “(O gün) Peyğəmbər də: Ey Rəbbim, həqiqətən qövmüm bu Quranı tərk etmişdi”,- deyəcək” (əl-Furqan, 30)
Quranın və Peyğəmbərin bizdən şikayətçi olmaması öz əlimizdədir. Nə qədər ki, gec deyil, həyatımızı ona görə nizamlamalı, oxumalı, oxutmalı, incəliklərini öyrənməli, həyata tətbiq etməliyik. Hər kəsin istirahətə üstünlük verdiyi yay mövsümü yaxınlaşır. Əslində isə yay mövsümü məzuniyyətimiz səbəbilə özümüzü mənəvi cəhətdən yeniləmə fürsətidir. İl ərzində yorulan bədənimizi istirahət etdirərkən, bir tərəfdən də işlərimizin çoxluğu səbəbilə mənəviyyatımızı lazımınca diri tuta bilmədiyimizi düşünüb ruhi qidamızı da almağı unutmayaq. Bu yay Quranı qəlbimizə yayaq. Quranla bahar gəlsin evlərimizə. Övladlarımızı Quranla tanış edək, bütün ailə üzvləri ilə birlikdə gündəlik, həftəlik Quran proqramları təşkil edək və gələcəyimiz sayılan bugünün azyaşlılarını doğru istiqamətləndirək. Bu yay Quranın nazil olduğu Ramazan ayı da qapımızı döyür. Bu fürsəti yaxşı dəyərləndirək ki, evlərimizdə Quran iqlimi hakim olsun.
ŞƏRHLƏR